...

Obamanın Pakistanla bağlı strategiyasında qaranlıq məqamlar çoxdur – Trend News-un icmalçısı

Siyasət Materials 2 Aprel 2009 09:00 (UTC +04:00)
Obamanın Pakistanla bağlı strategiyasında qaranlıq məqamlar çoxdur – Trend News-un icmalçısı

Trend -un Fars redaksiyasının rəhbəri Dalğa Xatınoğlu

ABŞ Prezidenti Barak Obama Əfqanıstanda terrorizmlə mübarizədə yeni strategiya həyata keçirəcəyini vəd edib. Yeni strategiyasını açıqlayarkən Pakistanın adını tez-tez xatırlaması bu ölkədə terrorizm probleminin nə dərəcədə ciddi olmasından xəbər verir.

Hərbi heyətin sayına görə dünyanın yeddinci hərbi qüvvəsinə malik olan Pakistanın vəziyyəti tamamilə qeyri-sabit və təhlükəlidir. Bu qeyri-sabitliyə beynəlxalq iqtisadi böhranın ölkəyə dərin təsirini, hakim partiya ilə müxalifət arasında mövcud olan ciddi fikir ayrılığını, radikal islamçılığın sürətlə yayılması və ən başlıcası, qonşu ölkələrlə sərhəd probleminin olmasını da əlavə etsək, nüvə silahına malik olan Pakistanın çətin vəziyyətdə olması ilə bağlı haqlı olaraq narahat olmağa dəyər.

Obama martın 28-dəki çıxışı zamanı ABŞ-ın rəsmi İslamabada ildə 1.5 milyard dollar dəyərində yardım edəcəyini bildirib, lakin Pakistana maliyyə yardımı planı bundan əvvəl də uğursuzluqla nəticələnmış təcrübə olub. ABŞ-ın 2002-ci ildən 2008-ci ilədək 11 milyard dollar həcmində Pakistana göstərdiyi maliyyə yardımı ölkənin təhlükəsizliyini təmin edə bilməyib.

Pakistanda federal sistemdə idarə olunan sərhəd regionlar vəziyyəti daha da gərginləşdirir. Pakistan prezidenti şimal regionlarında (Vəziristan) qəbilə başçılarına tam ixtiyar verməyə məcbur olub. Vəziristanın Suat regionunda Taliban özlərinə məxsus radikal islami qaydalarla hakimiyyətlərini qurub, bu ərazidə zümrüd mədənləri və narkotik maddələrin istehsalından maliyyələşirlər. Bu problem Pakistanın ən böyük əyaləti olan, dəfələrlə müstəqilliyə cəhd edilən Bəluçistanda daha da qabarıqdır.

Bu problemlərlə yanaşı, Pakistanın Hindistan və Əfqanıstanla sərhəd problemləri və ərazi iddiaları rəsmi İslamabadın dövlətçilik təməllərini tamamilə sarsıdıb.

ABŞ Talibanla mübarizədə Pakistanın dəstəyinə xüsusi ümid bəsləyir, lakin bu ölkənin kəşfiyyatı (ISI - Inter Services Intelligence) və hətta hakimiyyət Talibanla mübarizədə tərəddüdlü görünürlər. ISI-nin sərhədlərdə qonşu ölkələrə təzyiq göstərmək üçün Talibana ehtiyacı var, Prezident Asif Əli Zərdari isə hakimiyyətini qorumaq üçün bütün xalqın dəstəyini qazanmağa çalışır. Buna baxmayaraq yerli sakinlərin bir qismi talibləri dəstəkləyir və onlarla mübarizə Zərdarinin xalq arasında nüfuzuna ciddi xələl gətirə bilər.

ABŞ hərbi qüvvələrinin Pakistanın şimalında fəaliyyət göstərən talibləri raket hədəfinə alması da problemin həllinə kömək etməyib, bu isə öz növbəsində həm rəsmi İslamabadın suverenliyini sual altına alıb, həm də dinc xalqın mənfi reaksiyası ilə nəticələnib.

Obamanın Əfqanıstanla bağlı mətbuatda yayılan altı səhifəlik yeni strategiyasında Pakistana ayırdığı xüsusi diqqət və yeni planlar haqda tam aydın izahat verməyib və bu planın Pakistanda necə həyata keçirilməsi ilə bağlı qaranlıq məqamlar çoxdur.

ABŞ və Paksitanın maraqlarının toqquşması da bir faktdır. 80-ci illərdə SSRİ-nin Əfqanıstana hücumu ilə bağlı Pakistanın ABŞ-ın müttəfiqi kimi çıxış etməsi, daha əvvəllər isə onun SENTO Mərkəzi Konvensiyaya (İran, İraq, Türkiyə, Pakistan bu konvensiyaya SSRİ-nin regiondakı nüfuzuna mane olmaq üçün üvz olublar) qoşulması və 11 sentyabr hadisəsindən sonra Talibana dəstəyini kəsməsinə baxmayaraq, hazırda iki ölkə arasında bəzi narazılıqlar da var. ABŞ-ın Hindstanla hərbi və nüvə texnologiyası sahələrində əməkdaşlığının genişləndirilməsi, həmçinin Əfqanıstan hakimiyyətinin güclənməsi Pakistanın marağında deyil - İslamabad Divrənd xətti (Pakistan-Əfqanısran sərhədi) üzərində Kabil ilə razılaşmır.

Hər halda Əfqanıstan prezidenti ilə birlikdə, Zərdari də Obamanın yeni strategiyasını dəstəklədiyini bildirib. Bu dəstəyin nə dərəcədə formal olub-olmamasına dünən (31 mart) Əfqanıstan təhlükəsizliyi ilə bağlı Hollandiyada keçirilən konfransda Pakistanın verdiyi vədlər və üzərinə düşən öhdəliklərə bundan sonra necə əməl edəcəyi aydınlıq gətirəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti