...

Bakıda fəhlənin ölümündə şübhəli bilinən tikinti şirkətinin rəhbərliyi saxlanılıb

Siyasət Materials 14 Aprel 2009 15:55 (UTC +04:00)
Bakıda fəhlənin ölümündə şübhəli bilinən tikinti şirkətinin rəhbərliyi saxlanılıb

Azərbaycan, Bakı, 14 aprel / Trend , müxbir K.Zərbalıyeva /

Bakıda tikinti işləri zamanı yıxılaraq həlak olan fəhlənin ölümü ilə bağlı tikinti şirkətinin rəhbərliyi şübhəli şəxs qismində saxlanılıb.

Nəsimi Rayon Prokurorluğundan çərşənbə axşamı Trend -a verilən məlumata görə, "Tac-Mahal" tikinti şirkətinin direktoru Ruslan Əkbərov və icraçı direktoru Ağasəf Abdulrəhmanov şübhəli şəxs qismində saxlanılıb.

Şəkinin Kiş kəndinin sakini Xanlar Mustafayev aprelin 9-da Moskva prospektində tikilən binaların birindəki liftin şaxtasından yıxılaraq ağır kəllə beyin travması alıb və Tibbi Kliniki Mərkəzə çatdırılıb. Aprelin 13-də isə Mustafayev xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Cinayət Məcəlləsinin əmək mühafizəsi qaydalarını pozma (162.1) və təhlükədə qoyma (143) maddələri ilə cinayət işi açılıb. Prokurorluqdan bildirilib ki, Mustafayev dünən vəfat etdikdən cinayət işi başqa maddəyə tövsif olunacaq. Lakin hələlik bu barədə qərar qəbul olunmayıb.

Daxili İşlər Nazirliyinin rəsmi məlumatında Mustafayevin inşa olunan binanın yaxınlığındakı zibillikdən tapıldığı bildirilir.

Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov bildirib ki, ötən il tikintidə 54 ölüm hadisəsi ilə bağlı cəmi 5 cinayət işi açılıb. Onlardan 4-nə məhkəmədə xitam verilib. Biri isə cərimə edilməklə cəzalandırılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti