Azərbaycan, Bakı, 14 may / Trend , müxbir D.İbrahimova /
Ekspertlər hesab edirlər ki, İranın dini lideri Əli Xamneyinin Əhmədinejadın uğursuz siyasəti barədə ittihamların əsassız olmasına dair bəyanatının onun qarşıdakı seçkilərdə İran Prezidentini dəstəkləyəcəyindən xəbər verməsə də, o, seçkilərdə məhz onun düşərgəsinə üstünlük verəcək.
"İranın ali dini lideri Xamneyi Əhmədinejadın hakimiyyətindən o qədər də razı deyil. Lakin ali dini lider üçün alternativ variantı təsəvvür etmək olduqca çətindir", - deyə Trend -a İran üzrə ekspert Şahram Əkbərzadə bildirib.
Xamneyi çərşənbə günü Kürdüstanda çıxışı zamanı bildirib ki, Əhmədinejada, onun xüsusilə də iqtisadiyyat sahəsində uğursuz siyasəti barədə ünvanlanan ittihamlar ədalətsizdir.
Lakin ekspertlər hesab edirlər ki, Xamneyinin çıxışını iyunun 12-də İranda keçiriləcək prezident seçkilərində Prezident Əhmədinejada dəstək kimi nəzərdən keçirmək olar.
"İranın ali lideri Xamneyi Əhmədinejadın hakimiyyətindən o qədər də razı deyil. Çünki Əhmədinejadın populist iqtisadi siyasəti İranda gözlənilənləri hökumət tərəfindən icra olunmayacaq dərəcədə artıb", - deyə Trend -a elektron poçtla Melburn Universitetində İslamın öyrənilməsi üzrə Milli Mərkəzin direktor müavini, professor Əkbərzadə bildirib.
Əhmədinejadın dördillik hakimiyyəti ərzində ölkənin iqtisadi cəhətdən təcrid olunması güclənib, buna səbəb BMT Təhlükəsizlik Şurasının Avropa və Qərbin dinc mahiyyətli olmasına şübhə ilə yanaşdığı İranın nüvə proqramının dayandırılmasına yönəldilən qadağalar tətbiq etməsidir. Tehran onun hərbi mahiyyət daşımasını təkzib edir və bu proqramı dayandırmaq niyyətində deyil.
Əkbərzadə hesab edir ki, Əhmədinejadın siyasəti hətta mühafizəkar seçicilər arasında belə narazılığa gətirib çıxardı və li lider bu tendensiyanı anlayır.
1989-cu ildə İranın ali dini lideri olan Əli Xamneyi dövlət hakimiyyətinin bütün əsas qollarına nəzarət edir: məhkəmə, ordu və kütləvi informasiya vasitələri. Məhkəmə sisteminin, dövlət radiosunun və televiziyasının rəhbərlərini də dini lider təyin edir.
İranın dini liderinin səlahiyyətləri 1989-cu ildə İran Konstitusiyasına edilən dəyişikliklərdən sonra genişləndirilib. İran Konstitusiyasının 110-cu maddəsinə əsasən, İran hökuməti siyasətinin müəyyən edilməsi də dini liderin əlindədir.
On iki üzvdən ibarət olan, birbaşa və ya dolayısı ilə Xamneyi tərəfindən təyin olunan, eyni zamanda parlamentin qərarına veto qoymaq və seçkilərdə namizədlərin etibarlılığını sınaqdan keçirmək hüququna malik olan Keşikçilər Şurası da Xamneyinin idarəçiliyi altındadır.
Yaxın Şərq üzrə amerikalı ekspert Kennet Katsmanın fikrincə, İranın ali liderinin seçkilərlə bağlı mövqeyi şübhəsiz ki, məlum deyil. Lakin Xamneyi Əhmədinejadın yenidən seçiləcəyini güman edirsə, ona fəal şəkildə müdaxilə və kömək etməyəcək. "Ali lider seçkilərdə məğlub olacaq namizədi dəstəkləməklə öz hörmət və nüfuzunu riskə atmaq istəmir", - Trend -a elektron poçtla Birləşmiş Ştatlar Konqresi yanında Elmi-Tədqiqat Mərkəzinin üzvü olan Katsman bildirib.
İranın daxilində də Xamneyinin bəyanatına Əhmədinejada dəstək kimi baxmırlar.
"Şəxsən mən Kürdüstandakı çıxışa Xamneyinin Ədmədinejada dəstəyi kimi baxmadım", - deyə Tehrandan telefonla Trend -a Jurnalistlər Birliyinin sədri Əli Mazrui bildirib. Mazruinin fikrincə, Xamneyi öz çıxışı ilə prezidentliyə digər namizədlərin dövlət rəhbərliyinə ünvanladığı tənqidləri yumşaltmaq isyəyib. Bundan əlavə, Xamneyi heç bir namizədi dəstəkləməyəcəyini növbəti dəfə bəyan edib.
Lakin digər tərəfdən ekspertlər Xamneyinin mühafizəkar olmayan namizədi dəstəkləyəcəyinə şübhə ilə yanaşırlar.
İslahatçlar düşərgəsindən ölkə prezidenti postuna namizədliyini Milli Etimad Parliyasının sədri, sabiq spiker Mehdi Kərrubi və sabiq Baş nazir Mirhüseyn Musəvi irəli sürüb. Hakim Mühafizəkarlar partiyasından hazırkı Prezident Mahmud Əhmədinejad və İnqilab Keşikçiləri Korpusunun (Sepah) keçmiş rəhbəri Möhsün Rezayi namizədliklərini irəli sürüblər.
Xamneyi islahatçıları dəstəkləyə bilməz və dəstəkməyəcək, çünki sonuncu dəfə İranı islahatçı Prezident Xatəmi idarə edən zaman, "Tehranda qoyulan çərçivədən kənara çıxdı", - deyə Əkbərzadə bildirib.
1997-2005-ci illərdə ölkəni idarə edən islahatçı Prezident Məhəmməd Xatəmi Vaşinqton ilə münasibət qurmağa cəhd göstərib, lakin o zaman dini lider olan Əli Xamneyi bu danışıqlara qarşı çıxıb. Xatəminin idarəçiliyi dövründə vətəndaşların və mətbuatın azadlığı genişləndirilib. O, Şərq və Qərbi mədəniyyətlərarası dialoqa çağırırdı.
"Ali lider Əhmədinejadın iqtisadi siyasətindən narazı ola bilər, lakin o daha çox islahatçıların İslam rejimi üçün yarada biləcəkləri dini təhlükədən narahatdır", - deyə Əkbərzadə bildirib.
Məqalənin hazırlanmasında T.Cəfərov və D.İbrahimova iştirak edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]