Azərbaycan, Bakı, 24 avqust / Trend , müxbir E.Тariverdiyeva /
"Gürcüstanın Quantanamoda saxlanılan əsirləri qəbuletmə ehtimalı müxalifətlə Prezident Mixail Saakaşvili arasında yeni qarşıdurmaya gətirib çıxara və ölkənin təhlükəsizliyinə təhlükə ola bilər", - ekspertlər hesab edir.
"Gürcüstan müxalifəti ABŞ-ın yeni adminstrasiyası tərəfindən dəstək qazanmağa çalışan Prezident Saakaşvilinin bu addımına birmənalı şəkildə qarşı çıxacaq", - Cənubi Qafqaz üzrə avropalı ekspert Amanda Akçakosa hesab edir.
Gürcüstanın ABŞ-ın Quantanamo (Kuba) həbsxanasının məhbuslarını qəbul etməsi barədə informasiyanı "Vaşinqton Post" yayıb. Barak Obama administrasiyasının nümayəndəsinin məlumatına əsaslanan müəllif yazır ki, sözügedən məsələ ilə əlaqədar Vaşinqton Tbilisi ilə müsbət danışıqlar həyata keçirib.
"Gürcüstan DİN-in informasiya-analitika departamentinin rəisi Şota Utiaşvili Quantanamodakı məhbusların Gürcüstan türmələrinə ötürülməsi ehtimalı barədə xəbəri nə təsdiq, nə də təkzib edib", - "Kommersant" bazar ertəsi yazır.
Bu, ABŞ mətbuatında Quantanamodakı məhbusların Gürcüstana ötürülmə məsələsi ətrafında danışıqların aparılması barədə yayılan məlumatların əsassız olmadığını deməyə əsas verir.
Gürcüstanın Baş nazirinin müavini Temur Yakobaşvili "Nezavisimaya qazeta"ya bildirib ki, Quantanamo məhbusları üzrə qərar hələ verilməyib.
"Biz yalnız ABŞ-ın xahişini nəzərdən keçirməyə hazır olduğumuzu bildirmişik. Razılıq əldə olunsa belə, biz qəbul üçün hər namizədi nəzərdən keçirəcəyik: terrorçu başqa, "başı-beyni yeyilmiş insan" başqa!" - Yakobaşvili deyib.
Parlamentin Avropa inteqrasiyası komitəsinin sədri David Darçiaşvili ABŞ-ın hərbi həbsxanası olan Quantanamonun məhbuslarının Gürcüstana köçürülməsində heç bir təhlükə görmür. "Fikrimcə, burada pis bir şey yoxdur", - Trend -a Gürcüstan Parlamentinin deputatı bildirib.
Ekspertlərin fikrincə, Gürcüstan rəhbərliyi Quantanamo məhbuslarının ölkəyə köçürülməsinə razılıq versə, bu, müxalifət və Prezident Saakaşvili arasında qarşıdurma üçün daha bir səbəb olacaq.
"Prezident Saakaşvili və müxalifət arasındakı münasibətlər onsuz da yetərincə gərgindir", - Akçakosa hesab edir.
"Düşünmürəm ki, onlar Quantanamo məhbuslarının Gürcüstana köçürülməsinə razılıq verər, bununla da yeni qarşıdurma dalğasının yaranmasına imkan yaradarlar", - Trend -a Brüsseldən telefonla Avropa siyasət mərkəzinin (Belçika) eksperti Akçakosa deyib.
Onun fikrincə, Saakaşvili sadəcə əvvəlki Buş administrasiyasından fərqli olaraq, Obama administrasiyasından hazırda o qədər də güclü olmayan dəstək almağa çalışır.
"Sövdələşmə baş tutarsa, bu, Vaşinqton tərəfindən Tbilisiyə qarşı bir növ hörmətsizlik kimi dəyərləndirilə bilər, çünki bu layihə Qərbdə çox qeyri-populyardır", - rusiyalı politoloq Mixail Remizov hesab edir. "Belə olan halda qeyri-populyarlığın bir hissəsi, hazırda heç bir zaman olmadığı kimi ABŞ-ın dəstəyinə ehtiyacı olan Saakaşvilinin üzərinə düşə bilərdi", - Trend -a Moskvadan telefonla Milli Strategiya İnstitutunun direktoru Remizov bildirib.
Onun fikrincə, Saakaşvili bu gün nəzarəti özündə saxlayan, cəmiyyətin və siyasi elitanın böyük hissəsini birləşdirən, daxili siyasət baxımından mübahisəli liderdir və bu durumda ABŞ-ın dəstəyi həlledici faktordur.
"Bu, Saakaşvilinin ifşa edilməsi üçün daha bir səbəbə çevriləcək, çünki müxalifət prezidenti ictimaiyyətin gözündə hörmətdən salmaq üçün hər bir imkandan yararlanır", - Remizov bildirib.
Onun sözlərinə görə, bu qərar qəbul edilərsə, o, müxalifət tərəfindən tam şəkildə istifadə ediləcək.
Belə qərarın qəbul edilməsində daha bir mənfi tərəf kimi müşahidəçilər Gürcüstan ərazisində terrorçuluq təhlükəsinin artmasını hesab edir.
"Quantanamo məhbuslarının Gürcüstan tərəfindən qəbulu bu ölkədə terrorçuluq təhlükəsini artıra bilər", - "InterpressNews"-un yazdığına görə, təhlükəsizlik məsələləri üzrə ekspert İrakli Sesiaşvili bildirir.
Onun sözlərinə görə, Quantanamo məhbuslarının Qafqazda yerləşdirilməsi məsələsi ABŞ üçün siyasi mövzudur.
"ABŞ-la tərəfdaş münasibətləri Gürcüstanı çox şeyə məcbur edir və bu məsələnin onlardan biri olması mümkündür", - Sesiaşvili deyib.
Ekspert hesab edir ki, bu qərarın bütün sonrakı nəticələri ölçüb-biçilməlidir.
"Gürcüstanda təhlükəsizliklə bağlı durum elə indi də idealdan uzaqdır. Belə lagerin ölkədə yerləşdirilməsindən sonra isə o, ümumiyyətlə gərginləşəcək. Belə lagerin yerləşdiyi ölkə terroçuluq üçün hədəfdir", - o bildirib.
"Həqiqətən də Quantanamodakı məhsubların bir hissəsini Gürcüstana gətirərlərsə, bu zaman onlar üçün xüsusi təcridxana tikilməlidir. Bundan başqa ,ABŞ belə lagerin yerləşdirilməsi üçün Gürcüstana böyük məbləğ ödəməli olacaq", - ekspert hesab edir.
Gürcü ekspert Soso Siskarişvili Quantanamodakı ABŞ hərbi bazasından məhbusların Gürcüstana daşınmasını "odla oyun" adlandırıb.
"Mənim Gürcüstan rəhbərliyinin bu addımı nəyin əvəzinə atdığından xəbərim yoxdur, ancaq tərəfdaşın "nazını çəkmək" üçün bizim dövlətin təhlükəsizliyinə mənfi təsir edəcək belə addımları atmağa dəyməz", - Trend -a Siskarişvili bildirib.
Ekspert hesab edir ki, Əfqanıstana gürcü hərbi kontingentini göndərmək barədə öhdəliyi öz üzərinə götürəndən sonra, "ABŞ-ın məsuliyyəti öz üzərinə götürə bilmədiyi terroçulara görə öz üzərinə əlavə öhdəlik götürməyə heç bir ehtiyac yoxdur".
"Gürcüstan rəhbərliyi Quantanamodakı məhbusların ölkədə yerləşdirilməsi ilə bağlı qərar qəbul edərsə, bu, ölkə rəhbərliyinin növbəti məsuliyyətsiz addımı olacaq", - Siskarişvili deyib.
Materialın hazırlanmasında V.Javoronkova iştirak edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]