...

İqtisadi böhran və legitimlik: Əhmədinejadın yeni hökumətinin problemləri - ekspertlər

Siyasət Materials 4 Sentyabr 2009 17:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 sentyabr / Trend , müxbir T.Cəfərov /

Əhmədinejadın birinci dövr prezidentliyində inflyasiyanın 26 faizə çatması, işsizlik dərəcəsinin isə 12 faizi ötməsi göstərir ki, ikinci dövr prezidentliyində də müəyyən iqtisadi problemlərlə üzləşməli olacaq.

Ekspertlər İran Prezidenti Mahmud Əhmədinejadın yeni hökumətinin əsas problemlərini ölkədəki iqtisadi böhran və hökumətin müxalif düşərgə tərəfindən legitimliyinin tanınmaması olduğunu bildirir.

"İranda yeni hökumətin iş effekti bundan öncəki hökumətlə müqayisədə zəif olacaq. Ona görə ki, ölkədə əsaslı problemlər mövcuddur. Onlardan ən əsası günbəgün artmaqda olan iqtisadi böhran və xalqın hökumətə inamının olmamasıdır",- deyə beynəlxalq əlaqələr üzrə ekspert Həsən Şəriətmədari telefonla Trend -a bildirib.

İranın İRİNN xəbər kanalının məlumatına əsasən, sentyabrın 3-də İran Parlamenti təqdim edilən  Nazilər Kabinetinin yeni namizədləri üzrə səsvermə keçirib. Təqdim edilən 21 namizəddən 18 nəfərin namizədliyi səs çoxluğu ilə dəstəklənib, üç namizəd isə səs çoxluğu qazana bilməyib. İran İslam Respublikası tarixində ilk dəfə olaraq Nazirlər Kabinetinə qadının namizədliyi təsdiq olunub. Mərziyə Vəhid Dəstcerdi səhiyyə naziri seçilib. Onun lehinə 185 parlament üzvü səs verib.

Almaniyada fəaliyyət göstərən iranlı politoloq Şəriətmədarinin sözlərinə görə, İranda keçirilən prezident seçkiləri zamanı baş vermiş hadisələrə görə əhalinin Əhmədinejad hökumətinə inamı yoxdur.

Şəriətmədari ilə bu barədə eyni fikirdə olan İran Tədqiqatçılar Assosiasiyasının rəhbəri Hüseyn Lacevərdinin fikrincə, ötən prezidentlik dövründən fərqli olaraq, Əhmədinejadın yeni hökuməti İran İslam Respublikasının rəhbər şəxslərinin heç də hamısı tərəfindən dəstəklənmir.

"Ötən prezidentlik dövründə İran İslam Respublikası rəsmilərinin hamısı Əhmədinejadın kabinetinin tərkibini qəbul etmişdi. Lakin yeni hökumətlə İslahatçılar düşərgəsi müxalifdir, hakim Üsulgəra (Mühafizəkarlar) düşərgəsindən də bəziləri yeni hökuməti tənqid edir. Bundan başqa, həm İranın daxilində və həm də xaricdə əhalinin böyük əksəriyyəti Əhmədinejad hökumətini tanımır", - deyə Lacevərdi cümə günü telefonla Parisdən Trend -a bildirib.

Əhmədinejad iyunun 12-də İranda keçirilən prezident seçkilərində qələbə qazanıb. Məğlub olan müxalifət lideri Mir Hüseyn Musəvinin tərəfdarları hakimiyyəti səsvermənin nəticələrini saxtalaşdırmaqda günahlandırıb və nəticlərin ləğvini tələb ediblər. Tehranda baş verən kütləvi iğtişaşlarda 27 nəfər həlak olub, yüzə yaxın şəxs yaralanıb.

Fransada fəaliyyət göstərən İran Tədqiqatçılar Assosiasiyasının sədri yeni hökumətin tərkibində qadın nazirin olmasını böyük nailiyyət kimi dəyərləndirib. "İranda böyük dini alimlər Ayətulla Safi Qulpayqani, Ayətulla Məkarim Şirazi kimi şəxsiyyətlərin etirazına baxmayaraq, ilk dəfə olaraq qadın nazirin kabinetdə yer alması (digər mənfi cəhətləri nəzərə almadan) böyük nailiyyətdir", - Lacevərdi bildirib.

Xaricdə fəaliyyət göstərən iki iranlı ekspertin fikirlərindən fərqli olaraq, İran Büdcə və Planlaşdırma Təşkilatının elmi heyətinin üzvü Cəmşid Pəjuyanın fikrincə, yeni hökumət və parlament düzgün siyasət yürüdərlərsə, ölkədə mövcud olan iqtisadi böhranın həlli mümkündür. "Əhmədinejadın ötən prezidentlik dövrünün sonlarında "İqtisadi dəyişikliklər" paketinin təklif olunduğunu gördük. Fikrimcə, "İqtisadi dəyişikliklər" paketinə bəzi islahatlar edilsə, gələcəkdə infiliasiya və işsizlik problemləri həll oluna bilər. Lakin bunun üçün hökumət və parlament bu işləri həyata keçirməyi öz qarşılarına məqsəd kimi qoymalıdırlar", - deyə Pəjuyan cümə günü Tehrandan telefonla Trend -a bildirib.

Pəjuyanın fikrincə, İranda işsizlik və infilyasiya problemi ta qədimdən mövcuddur və yeni bir problem deyil. O hesab edir ki, keçmişdə də hökumətlər əhalini narahat edən bu iki məsələnin həllinə çalışıblar. Lakin əsaslı şəkildə problemlərin həllinə çalışmadıqları üçün onlar hələ də qalır.

İran Mərkəzi Bankının sonuncu rəsmi statistikasına əsasən, hazırda İranda inflyasiyanın səviyyəsi 21 faiz təşkil edir. Bu rəqəm işsizlik səviyyəsində isə 12.5 faizdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti