Azərbaycan, Bakı,14 sentyabr / Trend , müxbir K.Zərbalıyeva /
Bakının Nərimanov rayonu ərazisində yol polisi əməkdaşı tərəfindən döyülərək qətlə yetirildiyi iddia olunan vətəndaşın ölümünün səbəbi məlum olub.
Bakı şəhər prokurorluğunun mətbuat xidmətindən bazar ertəsi Trend -a verilən məlumata görə, 2009-cu il avqustun 2-də saat 22:00 radələrində yol polisi ilə aralarında yaranmış insident zamanı dünyasını dəyişən 55 yaşlı Ağa Turabovun ölümünə ürəyin xroniki işemiya xəstəliyinin kəskinləşməsi nəticəsində baş vermiş kəskin ürək-damar çatışmazlığı səbəb olub.
Məhkəmə Tibbi Ekpertizası və Patoloji Anatomiya Birliyi tərəfindən aparılmış məhkəmə-tibbi ekspertizası Turabovun bədəni üzərində, onun ölümü ilə səbəbli əlaqəsi olan xəsarət və ya xəsarət izləri, o cümlədən bədən səthində uzunsov formalı küt əşyalarla, həmçinin dəyənəklə yetirilməyə xarakterik xəsarətlər aşkar edilməyib.
Avqustun 2-də Elsevər Turabov "Yol hərəkəti haqqında" qanunun tələblərini kobud surətdə pozaraq, qardaşı Məmmədəli Turabova məxsus "VAZ-21011" markalı 10-ZR-228 dövlət nömrə nişanlı avtomaşını etibarnamə olmadan Ülvi Bünyadzadə küçəsində müəyyən edilmiş hərəkət sürətinin həddini aşaraq yüksək sürətlə idarə etməklə yolu keçən piyadaların normal hərəkətlərinə maneçilik yaratmış və avtoxuliqanlıq etmişdi.
Bu zaman Turabovu dislokasiya üzrə həmin ərazidə xidmət aparan Nərimanov rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün əməkdaşları Firuz Tağıyev və Qulu Novruzov saxlayaraq, ondan sənədlərinin təqdim olunması tələb ediblər.
Polis əməkdaşlarına tabe olmayan Elsevər Turabov avtomaşının açarlarını götürüb yaxınlıqda yerləşən evlərinə qaçıb. Bir neçə dəqiqədən sonra atası Ağa Turabov və qardaşları - Məmmədəli və Şahin əməkdaşlara yaxınlaşıblar.
Polis əməkdaşları Turabova oğlu Elsevərin avtomaşını yüksək sürətlə idarə etməsini, qəza şəraiti yaratmasını, onların haqlı tələblərinə tabe olmamasını bildiriblər.
Mətbuat xidmətinin məlumatında deyilir ki, ata oğullarına irad tutaraq əsəbləşib və qəflətən huşunu itirərək yerə yıxılıb. Turabov dərhal polis əməkdaşları tərəfindən patrul avtomaşını ilə 5 №-li şəhər kliniki xəstəxanasına aparılarkən yolda vəfat edib.
Nərimanov rayon Polis İdarəsinin əməkdaşları Firuz Tağıyev və Qulu Novruzov barəsində aparılmış xidməti təhqiqat nəticəsində onların guya Elsevər Turabovun idarə etdiyi avtomaşını qanunsuz saxlamaları, mərhum Ağa Turabovla mübahisə etmələri və sair qanunazidd hərəkətlərə yol vermələri müəyyən edilməyib.
Turabovun vəfat etməsi ilə bağlı toplanmış materialda qanunla nəzərdə tutulmuş cinayət işinin başlanmasına əsas verən hallar olmadığından həmin fakt üzrə Nərimanov rayon prokurorluğu tərəfindən cinayət işinin başlanması rədd edilib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]