Azərbaycan, Bakı, 28 sentyabr / Trend , müxbir R.Hafizoğlu /
Türkiyə Böyük Millət Məclisinin (Parlament) deputatı hesab edir ki, Ankara və Yerevan arasında oktyabrın 10-11-də imzalanacaq protokolun yekun variantının Türkiyə Parlamentində təsdiqinə imkan verilməyəcək.
"Ankara və Yerevan arasında oktyabrın 10-11-də imzalanacaq protokolun yekun variantının Türkiyə Parlamentində təsdiqinə imkan verilməyəcək", - deyə bazar ertəsi Trend -a Ankaradan telefonla müxalidətdə olan Cümhuriyyət Xalq Partiyasından (CXP) olan deputat Canan Arıtman bildirib.
Trend -un arayışı: Türkiyənin Baş Naziri Rəcəb Tayyib Ərdoğan Trend -a verdiyi müsahibəsində bildirib ki, Türkiyə ilə Ermənistan arasında avqust ayında İsveçrənin vasitəçiliyi ilə imzalanan protokolun yekun variantı oktyabrın 10 -da, ya da 11 -də XİN rəhbəri Davudoğlu və ermənistanlı XİN başçısı Nalbandyan arasında imzalanacaq.
Avqust ayında Türkiyə XİN-dən bildirilib ki, Ermənistanla İsveçrənin vasitəçiliyi ilə aparılan danışıqlarda "Diplomatik münasibətlərin qurulması barədə Protokol" və "İkitərəfli münasibətlərin inkişafı üzrə Protokol"a dair "daxili siyasi məsləhətləşmələr"ə başlanılması barədə razılaşma əldə olunub. Siyasi məsləhətləşmələrin altı həftə ərzində tamamlanması planlaşdırılır, bunun ardınca isə iki protokol imzalanacaq və təsdiqlənməsi üçün hər iki ölkə parlamentinə təqdim ediləcək. Bu barədə Türkiyə XİN-in məlumatında deyilir. "Türkiyə hazırda qonşu Ermənistanla sərhədlərin açılmasını planlaşdırmır", - Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirib. Türkiyə və Ermənistan arasında diplomatik münasibətlər mövcud deyil, iki ölkə arasında sərhədlər 1993-cü ildən bağlıdır.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparır.
"AKP hökumətinin Ermənistanla protokol imzalanması və ya ikitərəfli əlaqələrin normallaşması üçün addımlar atması heç nəyi dəyişməyəcək. Çünki Türkiyə qanunlarına görə, imzalanan hər hansı bir rəsmi sənədin Türkiyə Parlamenti tərəfindən təsdiqlənməsi lazımdır.
Hesab edirəm ki, imzalanan protokol Türkiyə Parlamenti tərəfindən təsdiq edilməyəcək", - deyə o qeyd edib.
Türkiyəli millət vəkili hesab edir ki , Ermənistanla hər hansı bir diplomatik əlaqələrin qurulması Türkiyə və Azərbaycanın deyil, sadəcə olaraq Ermənistanın maraqlarına xidmət edir.
"Türkiyə hakimiyyətinin həyata keçirmək istədiyi bu layihə ABŞ və Avropa ölkələrinin Ermənistanı xilas etmə layihəsidir. Təəssüf olsun ki, Türkiyə hakimiyyəti Ermənistanın imperialist bir dövlət olduğunu nəzər almır", - deyə Arıtman bildirib.
Artmanın sözlərinə görə, hakimiyyətin bu vaxta qədər ictimaiyyəti və müxalifəti Türkiyə-Ermənistan əlaqələrinin hansı istiqamətdə və necə inkişaf edəcəyi haqda məlumatlandırmayıb.
"Bizdə olan məlumata görə, hakimiyyət ilkin mərhələdə sərhədləri açmaq yox, ikitərəfli diplomatik əlaqələrin və səfirliklərin açılacağını bildirir. Sərhədlər isə simvolik olaraq qapalı qalacaq", - deyə o bildirib.
Millət vəkili hesab edir ki, hakimiyyət Ankara-Yerevan münasibətlərinin məhz bu cür olacağını təlqin etməyə çalışır.