...

Ermənistan-Azərbaycan münaqişəsinin ərazi bütövlüyü çərçivəsində həll olunmasının vaxtı çatıb - Türkiyə Prezidenti

Siyasət Materials 4 Oktyabr 2009 11:58 (UTC +04:00)
Ermənistan-Azərbaycan münaqişəsi başda olmaqla, Cənubi Qafqazdakı digər münaqişələrin də bölgə ölkələrinin ərazi bütövlüyü çərçivəsində daimi həll olunmasının vaxtı çatmışdır, Türkiyə Prezidenti Abdullah Gül Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə toplantısında Naxçıvan şəhərində çıxış edərək, bəyən edib.
Ermənistan-Azərbaycan münaqişəsinin ərazi bütövlüyü çərçivəsində həll olunmasının vaxtı çatıb - Türkiyə Prezidenti

Ermənistan-Azərbaycan münaqişəsi başda olmaqla, Cənubi Qafqazdakı digər münaqişələrin də bölgə ölkələrinin ərazi bütövlüyü çərçivəsində daimi həll olunmasının vaxtı çatmışdır, Türkiyə Prezidenti Abdulla Gül Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə toplantısında Naxçıvan şəhərində çıxış edərək, bəyən edib. Məlumatı şənbə günü AzərTAc dövlət agentliyi yayıb.

"Ermənistan-Azərbaycan münaqişəsi başda olmaqla, Cənubi Qafqazdakı digər münaqişələrin də bölgə ölkələrinin ərazi bütövlüyü çərçivəsində daimi həll olunmasının vaxtı çatmışdır. Xüsusilə, Azərbaycanın ərazi bütövlüyünə çox əhəmiyyət veririk. Azərbaycanın işğal altındakı torpaqlarında bu işğala tezliklə son qoyulmasının vacibliyinə çox inanırıq. Bunun üçün vaxtın çatdığına inanırıq. Əminik ki, Qarabağ problemi dialoq, müzakirə və diplomatiya yolu ilə həll ediləcək və bu yolla bütün Qafqazda sülh təmin olunacaqdır. Şübhəsiz ki, bu, ancaq işğala son qoyulması ilə reallaşa bilər", - o, dedi.

Türkiyə Prezidenti Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə toplantısını Naxçıvanda yüksək səviyyədə təşkil etdiyinə görə Prezident İlham Əliyevə təşəkkür etdi. Bildirdi ki, "dünyanın görüntüsü" mənasını verən Naxçıvan Azərbaycan qədər Türkiyə üçün də əziz və doğmadır.

"Naxçıvanın Türkiyə üçün çox böyük əhəmiyyəti vardır. Naxçıvan bölgəsindəki Azərbaycan və Türkiyə arasındakı sərhəd xətti məsafəcə kiçik olsa da, siyasi mənada çox böyük əhəmiyyət daşıyır. 10-12 kilometrlik bir sərhəd xəttinin siyasi əhəmiyyəti olduqca böyükdür. Bu sərhədimiz Türkiyənin türk respublikaları ilə coğrafi birliyini də əlaqələndirən çox rəmzi bir keçiddir. İkinci tərəfdən, Azərbaycanın digər torpaqlarından ayrı olması nəticəsində Naxçıvan ilə qonşuluq və qardaşlıq münasibətlərindən əlavə, sıx əlaqələrimiz vardır. Buna görə də şəxsən öz adımdan, mənimlə bərabər olan türk heyəti adından Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Əliyevə bu zirvə görüşünü Naxçıvanda təşkil etdiyi üçün ən səmimi təşəkkürlərimi bir daha bildirmək istəyirəm", - o, dedi.

Türkiyə dövlətinin başçısı dedi ki, 1992-ci ildə başladığımız türkdilli ölkələrin dövlət başçılarının zirvə görüşlərinin bu günə gəlib çatmasında hamınızın əməyi və siyasi iradəsi müəyyənedici rol oynamışdır. 1992-ci ildən bu günə qədər keçən zamanda dünyamız siyasi, iqtisadi və təhlükəsizlik sahəsində bir sıra qlobal sınaqlarla üz-üzə qalmışdır və indi də qarşı-qarşıyadır. Bu problemlər Avrasiya coğrafiyasına da təsir etmişdir. Qafqazda və Orta Asiyada başda təhlükəsizlik məsələsi olmaqla, müxtəlif təhdidlərə rast gəlindiyi bir zamanda mühüm həmrəylik və məsləhətləşmə platforması olaraq zirvə görüşləri bizə həm qardaş ölkələr arasındakı münasibətləri, həm də qlobal problemləri müzakirə etmək imkanı verir.

"Qardaş ölkələrimiz arasındakı siyasi, ticari, iqtisadi, mədəni və sosial məsələlər başda olmaqla, bütün sahədəki əlaqələrimizin dərinləşməsi, gələcəyə istiqamətlənmiş proqnoz, təxminlər və müzakirələr zirvə görüşlərinin gündəmində təbii ki, çox mühüm yer tutur. Zirvə görüşlərinin bəyanatlarında da əksini tapan qərarlarımızı həyata keçirmək məqsədilə böyük səy göstəririk.
Qarşımızda qət edilməli xeyli məsafənin olmasına rəğmən hazırda topladıqlarımız və əldə etdiklərimizi də diqqətdən qaçırmamalıyıq. İnanıram ki, keçən vaxt ərzində çox böyük bir məsafəni qət etdik, müvəffəqiyyətlər də əldə etdik. Bu gün imzalayacağımız Naxçıvan bəyannaməsi ilə türkdilli ölkələrin dövlət başçılarının zirvə görüşlərini təşkilatlandırmaq sahəsində həqiqətən də çox qiymətli və tarixi bir addım atmaqdayıq. Əslində biz bu gün bir yuxunu gerçəkləşdiririk və buna ən çox özünü türk hiss edən bütün insanlar ürəkdən sevinəcək və çox məmnun olacaqlar", - Gül dedi.

Prezident Abdulla Gül onu da dedi ki, türklər çox böyük bir coğrafiyaya yayılmışlar və özlərini türk hiss edən milyonlarla insan vardır. "Böyük millətlər içərisində bu gün ayrı-ayrı müstəqil dövlətlərimizin olması çox böyük bir xoşbəxtlikdir. Bu müstəqil dövlətlərimizin hər biri çox böyük məsafələr qət etməkdə, müvəffəqiyyətlər əldə etməkdədir və hər birinin də başı çox ucadır. Bu müstəqil dövlətlər arasında qarşılıqlı hörmət və bərabərliyə söykənərək əməkdaşlıq etmək bizim haqqımızdır. Özünü türk hiss edən hər kəs bu həyəcanı hiss edər", - o, dedi.

"Keçən ilin oktyabrında İstanbulda imzalanan müqavilə ilə qurulan Türkdilli Ölkələrin Parlament Assambleyasının ilk toplantısı ötən həftə Bakıda müvəffəqiyyətlə baş tutdu. Onun katibliyi Bakıda yerləşəcəkdir. Bu qurumun TÜRKSOY ilə bərabər ölkələrimizdə çox güclü bir təşkilati əməkdaşlığın əsasını təşkil edəcəyinə inanıram. Hörmətli Prezident İlham Əliyevin TÜRKSOY mövzusunda fikirlərini də dəstəkləyirik", - Türkiyə Prezidenti deyə, bəyan etdi.

"Qardaş ölkələrimiz arasındakı əməkdaşlığın siyasi, iqtisadi və mədəni miqyası qədər ictimai miqyası da əhəmiyyətlidir. Xalqlarımız arasındakı əlaqələri gücləndirmək məqsədilə böyük kütlələrə istiqamətlənmiş bəzi tədbirlər də həyata keçirə bilərik. Bu çərçivədə müəyyən edilmiş vaxtlarda Olimpiya oyunlarına bənzər ənənəvi türk idman növlərinin də yer aldığı idman tədbirlərinin təşkil olunmasının müzakirəsini təklif edirəm. İdman gəncləri, yeni nəsilləri bir-birinə qaynadıb-qovuşduran çox böyük bir fəaliyyət sahəsidir. Bu sahədə türk idman növləri də vardır. Olimpiya oyunlarının təşkil olunduğu şəkildə tədbirlər həyata keçirə bilərik", - Abdulla Gül əlavə etdi.

"XXI əsrin müharibələr deyil, sülh, rifah əsri olması üçün hər birimizin üzərinə vəzifələr düşür", - deyən Türkiyə Prezidenti ölkəsinin türkdilli dövlətlər arasında iqtisadi işbirliyinə daha çox önəm verdiyini, təcrübə mübadiləsinin aparılmasını, qarşılıqlı investisiyaların həyata keçirilməsinin vacibliyini diqqətə çatdırdı.

Abdullah Gül bu baxımdan Asiyanı Avropa ilə birləşdirəcək Bakı-Tbilisi-Qars layihəsinin önəmli olduğunu dedi. "Hədəflərimiz birliyimizin dünyada sülhə töhfə verməsinə nail olmaqdır", - deyən Türkiyə dövlətinin başçısı bildirdi ki, ölkəsi Qafqaz regionunda sülhün tezliklə bərqərar olmasına çalışır. Türkiyə Prezidenti dedi: "Türkiyənin sülh, təhlükəsizlik və sabitlik baxışlarının bölgəmizdə və Avrasiya coğrafiyasında hakim olduğu təqdirdə xroniki problemlərin qısa vaxt ərzində həll olunacağına inanırıq."
 
"Türkiyənin həyata keçirdiyi xarici siyasətin ilham qaynağı türkçülüyün ənənəvi anlayış və dəyərlərinə söykənməkdir. Çünki xarici siyasətimizin ilham aldığı xeyirxahlıq, mehriban qonşuluq, qarşılıqlı hörmət kimi bu əsas prinsiplər türk dünyasının formalaşdırdığı ortaq dəyərlərin əsasını təşkil edir. Bu prinsipləri yüksək səviyyədə həyata keçirə bilsək, həm türk respublikaları arasında ikitərəfli məsələlərin həllinə, həm də regional əməkdaşlıqda müsbət irəliləyişlərə nail ola biləcəyimizə inanıram. Bu məqsədlə ölkələrimizdə bütün bu işlərə çox böyük səy göstərən qüdrətli prezidentlər olmuşdur. Onların xatirəsini rəhmətlə anıram. 1992-ci ildə bu işlərin başlamasında mühüm əməyi olan Türkiyə Prezidenti Turqut Özalın, bu məsələyə xüsusi dəstək verən hörmətli Heydər Əliyevin, hörmətli Türkmənbaşının və digər türk respublikalarının həyatdan getmiş dövlət başçılarının, bu məsələlərdə əmək sərf etmiş, səy göstərmiş hər kəsin xatirəsini rəhmətlə anıram. Həyatda olanlara da çox təşəkkür edirəm, onlara da təbii ki, sonsuz minnətdarlıq duyğularımız vardır", - o, dedi.

"Bizlərə bu imkanı verdiyi üçün dəyərli dostumuz, hörmətli Prezident İlham Əliyevə bir daha təşəkkür edirəm və bu xeyirli hərəkətin bütün türk dünyasına, bütün dünya türklərinə də xeyirli olmasını diləyirəm", - deyə, Abdulla Gül çıxışını bitirdi.

Xəbər lenti

Xəbər lenti