...

Azərbaycan Prezidenti paytaxtın Filarmoniya bağında aparılmış əsaslı təmir və yenidənqurma işləri ilə tanış olub

Siyasət Materials 7 Oktyabr 2009 18:41 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü paytaxtın Filarmoniya bağında aparılmış əsaslı təmir və yenidənqurma işləri ilə tanış olub.
Azərbaycan Prezidenti paytaxtın Filarmoniya bağında aparılmış əsaslı təmir və yenidənqurma işləri ilə tanış olub

Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü paytaxtın Filarmoniya bağında aparılmış əsaslı təmir və yenidənqurma işləri ilə tanış olub. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Dövlət başçısı və xanımı Mehriban Əliyeva bağı gəziblər.

Bağ salınandan sonrakı dövrdə ilk dəfə burada abadlıq işləri ötən əsrin 70-ci illərində aparılıb. Uzun inkişaf mərhələsi keçən bağ bir çox dövrlərdə baxımsızlıqdan ziyan çəkib. Bundan əlavə, ərazidə uzun müddət zövqsüz iaşə obyektlərinin inşası bağın təyinatını da dəyişmişdi.

Lakin Prezident İlham Əliyevin diqqət və qayğısı bu bağın da tarixi şöhrətini qaytarmağa imkan verib. 2007-ci ilin mayında əraziyə gələn dövlət başçısı burada abadlıq və yenidənqurma işlərinin aparılması ilə bağlı tapşırıqlarını vermişdi. Prezident İlham Əliyev mütəmadi olaraq əraziyə gələrək işlərin gedişi ilə maraqlanmış, yenidənqurma prosesinin orijinal üslubun saxlanılmaqla həyata keçirilməsinin vacibliyini bildirmişdi.

Aparılmış yenidənqurma işləri nəticəsində Filarmoniya bağı da Bakının digər parkları kimi paytaxt sakinlərinin maraqlı istirahət yerinə çevrilib.

Bağdakı fəvvarə, pavilyon və köşklər yenidən qurulub, XIX əsr paytaxt memarlığının Qərb meyillərinin Şərq üslubu ilə uzlaşdırılması bağın dizaynına xüsusi yaraşıq verib. Bağın özünəməxsus bitki örtüyü olduğu kimi qorunub saxlanılıb, yenidənqurma mərhələsində yaşıllıq zolağının artırılmasına daha çox diqqət yetirilib. Yenidənqurma prosesində Bakının tarixi, onun keçmişi ilə sıx bağlı olan bağın bədii tərtibatı xüsusi diqqətdə saxlanılıb. 1865-ci ildə burada əkilən dekorativ bitkilər öz gözəlliyi ilə diqqəti çəkir, yeni ağac və gül kolları da bağdakı yaşıllıq zolağına, ümumilikdə isə park elementlərinə əlavə rəng qatır. Yenidənqurma zamanı burada nadir ağac növləri - palıd, sidr və göyrüş ağacları əkilib, yeni suvarma sistemi quraşdırılıb.

Bağda yeni planlaşdırma işlərinin aparılması və bu prosesə xarici mütəxəssislərin də cəlb olunması ilk növbədə burada görülən işin keyfiyyətindən xəbər verir. Fransanın "İnter Art" şirkətinin məxsusi olaraq layihələndirdiyi bağda orijinal formada tikilən fəvvarə Bakıda ilk dəfə məhz burada yerləşdirilib. Fəvvarə və onun arxasındakı memarlıq tikilisi həm dizaynına, həm də koloritinə görə Bakının nostalji hissləri doğuran elementlərinin bir yerdə cəmləşdiyi məkan kimi diqqəti çəkir. Bağda yeni ağaclar əkilib, ərazi müxtəlif bitkilərlə zənginləşdirilib, gözəl landşaft kompozisiyaları yaradılıb. Bakıda ilk dəfə olaraq bu bağda klassik musiqi səsləndiriləcək.

Dövlət başçısı və xanımının diqqətinə çatdırılıb ki, bağda bərpa və yenidənqurma işləri ilə yanaşı, arxeoloji qazıntılar da aparılıb. Ərazidə İçərişəhərin ikinci qala divarı və qala qapısı da aşkar olunub.
Tamamilə yenidən qurulan kafeteriyada paytaxt sakinlərinin və qonaqların istirahətinin təşkili üçün hər cür şərait yaradılıb.

Bağla tanışlıqdan sonra Prezident burada yenidənqurma işlərinə cəlb olunmuş Fransanın "İnter Art" şirkətinin nümayəndələri ilə görüşüb, işləri yüksək səviyyədə yerinə yetirən mütəxəssislərə uğurlar arzulayıb.

Xəbər lenti

Xəbər lenti