...

İşğal olunmuş bütün torpaqlardan erməni silahlı qüvvələri çıxarılmalıdır - Azərbaycan Prezidenti

Siyasət Materials 16 Oktyabr 2009 12:09 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev bəyan edib ki, işğal olunmuş bütün torpaqlardan erməni silahlı qüvvələri çıxarılmalıdır və soydaşlarımız öz doğma torpaqlarına qayıtmalıdırlar.
İşğal olunmuş bütün torpaqlardan erməni silahlı qüvvələri çıxarılmalıdır - Azərbaycan Prezidenti

Azərbaycan Prezidenti İlham Əliyev bəyan edib ki, işğal olunmuş bütün torpaqlardan erməni silahlı qüvvələri çıxarılmalıdır və soydaşlarımız öz doğma torpaqlarına qayıtmalıdırlar.

"Bu gün münaqişə hələ ki, öz həllini tapmayıb. Biz çalışırıq ki, bu münaqişəni danışıqlar yolu ilə həll edək. Ancaq bizim prinsipial mövqeyimiz birmənalıdır: bu münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır, işğal olunmuş bütün torpaqlardan erməni silahlı qüvvələri çıxarılmalıdır və soydaşlarımız öz doğma torpaqlarına qayıtmalıdırlar. Bundan kənarda heç bir başqa yanaşma qəbul edilmir və Azərbaycan bu münasibətlə öz mövqeyini dəfələrlə bildirib", - İlham Əliyev Hövsan qəsəbəsində II Dünya Müharibəsi veteranları, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa olunmuş yaşayış binasının açılışı və minik avtomobillərinin təqdim olunması mərasimində çıxışı zamanı bildirib, məlumatı AzərTAc dövlət agentliyi yayıb.

Dövlət başçısı bildirib ki, bu gün Azərbaycan Ordusu regionda ən güclü ordudur. "Əgər biz 80-ci illərin sonlarında, 90-cı illərin əvvəllərində belə qüdrətli orduya malik olsaydıq, Azərbaycan torpaqları heç vaxt işğal altına düşməzdi. Ancaq nə edək ki, 80-ci illərin sonlarında, 90-cı illərin əvvəllərində Azərbaycan rəhbərliyində olmuş insanlar böyük səhvlər buraxaraq, əslində Dağlıq Qarabağın işğal altına düşməsinə şərait yaratmışlar. Ancaq ulu öndər Heydər Əliyev Azərbaycanda hakimiyyətə qayıdandan sonra vəziyyətdə dönüş yarandı, bəzi torpaqlar geri alındı və atəşkəs yaradıldı. Bu atəşkəs rejimi müddətində Azərbaycan çox böyük uğurlara nail ola bilmişdir", - Azərbaycan Prezidenti əlavə edib.

İlham Əliyevin sözlərinə görə, bu gün Azərbaycan iqtisadiyyatı Ermənistan iqtisadiyyatından müqayisə edilməz səviyyədə üstündür.

"Biz bütün cəhətlərdə onlardan üstünük. Həm siyasi imkanlarımız çox genişdir, həm beynəlxalq mövqelərimiz çox güclüdür, həm də iqtisadi potensial bir neçə dəfə çoxdur. Hərbi gücə gəldikdə isə, bir daha demək istəyirəm ki, Azərbaycan Ordusu bölgədə ən qüdrətli ordudur. Biz hərbi gücümüzü artırırıq. Düzdür, bu, böyük vəsait tələb edir. Ancaq bunu etməliyik. Çünki biz müharibə şəraitində yaşayırıq. Müharibə hələ bitməyib. Müharibənin birinci mərhələsi başa çatıb və biz hər an hazır olmalıyıq ki, öz doğma torpaqlarımızı işğalçılardan azad edək. Bununla bərabər, bu vaxta qədər görülmüş və bundan sonra görüləcək işlər Azərbaycanın hərtərəfli inkişafına xidmət edəcəkdir, Azərbaycanda sosial məsələlərin həllinə şərait yaradacaqdır. Əgər bizim iqtisadi imkanlarımız olmasaydı, Azərbaycan dövləti belə gözəl binaları tikə bilməzdi. Əgər biz öz resurslarımıza arxalanmasaydıq, çətin vəziyyətə düşə bilərdik. Biz başqalarından fərqli olaraq, ancaq daxili imkanlar hesabına yaşayırıq, öz hesabımıza yaşayırıq. Gündən-günə daha da yaxşı yaşayırıq və gələcəkdə qarşıda duran bütün vəzifələr öz həllini tapacaqdır. Belə gözəl binalar hələ çox tikiləcəkdir və buna böyük ehtiyac vardır. Əlimizdən gələni edəcəyik ki, müharibədən əziyyət çəkmiş, öz sağlamlığını, yaxınlarını itirmiş insanlar daim dövlət tərəfindən qayğı ilə əhatə olunsun", - dövlət başçısı əlavə edib.


Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti