...

Azərbaycan Prezidenti Türkiyə Böyük Millət Məclisinin xarici əlaqələr komissiyasının üzvlərini qəbul edib

Siyasət Materials 28 Oktyabr 2009 19:48 (UTC +04:00)
Türkiyə Parlamenti nümayəndə heyətinin Azərbaycana səfərinin mühüm əhəmiyyət daşıdığını bildirən dövlət başçısı qeyd edib ki, qarşılıqlı səfərlər bölgədə gedən proseslər haqqında məlumatı ilkin mənbədən almaq və tərəfləri məlumatlandırmaq baxımından çox vacibdir.
Azərbaycan Prezidenti Türkiyə Böyük Millət Məclisinin xarici əlaqələr komissiyasının üzvlərini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Türkiyə Böyük Millət Məclisinin xarici əlaqələr komissiyasının üzvlərini qəbul edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Türkiyə Parlamenti nümayəndə heyətinin Azərbaycana səfərinin mühüm əhəmiyyət daşıdığını bildirən dövlət başçısı qeyd edib ki, qarşılıqlı səfərlər bölgədə gedən proseslər haqqında məlumatı ilkin mənbədən almaq və tərəfləri məlumatlandırmaq baxımından çox vacibdir.

Prezident İlham Əliyev Azərbaycanın müstəqilliyini birinci Türkiyənin tanıdığını xatırladaraq, o dövrdən hər iki dövlətin vahid mövqedən çıxış etdiyini vurğulayıb.

"Dünyada Türkiyə ilə Azərbaycan qədər bir-biri ilə siyasi, iqtisadi və mədəni sahələrdə səmimi faydalı əməkdaşlıq edən ölkələr yoxdur", - deyən Prezident İlham Əliyev mədəniyyət sahəsində əlaqələrə toxunub, bu yaxınlarda türkdilli ölkələrin dövlət başçılarının Naxçıvanda keçirilmiş IX zirvə görüşündə bununla bağlı çox mühüm qərarların qəbul edildiyini, o cümlədən TÜRKSOY Fondunun yaradılması barədə Azərbaycanın təşəbbüsünün bəyənildiyini diqqətə çatdırıb.

Bölgədə Azərbaycanın və Türkiyənin iş birliyi olmadan heç bir təşəbbüsün və layihənin reallaşmadığını vurğulayan dövlət başçısı bildirib ki, bu müsbət meyillər gələcəkdə də davam etdirilməlidir, çünki bunun həm ölkələrimiz, həm xalqlarımız, həm də bölgə üçün böyük faydası olacaq. Prezident İlham Əliyev dünyada hökm sürən böhranın və bölgədə yaşanan hadisələrin bizim daha çox təmasda olmağımız zərurətini ortaya qoyduğunu qeyd edərək deyib ki, biz ikitərəfli münasibətlərə təsir edə biləcək anlaşılmazlıqları bu yolla aradan qaldıra bilərik.

Türkiyə ilə Ermənistan arasında imzalanan protokollara toxunan Prezident İlham Əliyev Azərbaycanın digər ölkələrin daxili işlərinə qarışmadığını bildirib. Dövlət başçısı deyib ki, Azərbaycan torpaqlarının bir hissəsi 20 ilə yaxındır Ermənistanın işğalı altındadır. "Ermənistan bu torpaqlarda soyqırım və etnik təmizləmə siyasəti aparıb. Odur ki, Azərbaycan ictimaiyyətinin Ermənistanla münasibətlərə həssas yanaşması təbii dəyərləndirilməldir. Azərbaycanda yaşanan narahatlığın əsas səbəbi isə Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə Ermənistanın ağır iqtisadi böhrandan çıxması və danışıqlarda öz mövqelərini sərtləşdirməsi ehtimalıdır", - Prezident İlham Əliyev deyib.

Eyni zamanda, ölkə Prezidenti Türkiyənin dövlət və hökumət başçılarının, o cümlədən parlament sədrinin Qarabağ erməni işğalından azad olunmayınca Türkiyə ilə Ermənistan sərhədinin açılmayacağı haqqında verdikləri bəyanatları xatırladıb.
Bundan sonrakı proseslər barədə danışan dövlət başçısı qeyd edib ki, Türkiyə-Azərbaycan münasibətləri xüsusi münasibətlərdir, bu münasibətləri həm Türkiyə, həm də Azərbaycanın hər bir vətəndaşı öz əməli işləri ilə gücləndirməlidir.
Azərbaycan Prezidenti bu işdə iki ölkənin parlament nümayəndələrinin təmaslarının vacibliyini vurğulayıb. "Təmaslar intensivləşdikcə Türkiyə-Azərbaycan münasibətləri həmişə olduğu kimi inkişaf edəcək", - İlham Əliyev deyib.

Türkiyə Böyük Millət Məclisinin xarici əlaqələr komissiyasının sədri, Ədalət və İnkişaf Partiyasından olan millət vəkili Murad Mərcan Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin tarixi köklərə dayandığını, iki ölkə deputatlarının Avropa Şurası və digər beynəlxalq təşkilatlarda məhsuldar əməkdaşlıq qurduqlarını deyib.

Xəbər lenti

Xəbər lenti