...

Türkiyə-İsrail münasibətlərindəki gərginlik müvəqqətidir - türkiyəli ekspert

Siyasət Materials 13 Yanvar 2010 10:31 (UTC +04:00)
Türkiyənin Qalatasaray Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin aparıcı üzvü, professor Beril Dedeoğlu hesab edir ki, Türkiyə və İsrail səfirlərinin XİN-ə çağırılması ilə yaranan gərginlik müvəqqətidir.
Türkiyə-İsrail münasibətlərindəki gərginlik müvəqqətidir - türkiyəli ekspert

Türkiyə, İstanbul, 13 yanvar / Trend , müxbir H.Altınalan/

Türkiyənin Qalatasaray Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin aparıcı üzvü, professor Beril Dedeoğlu hesab edir ki, Türkiyə və İsrail səfirlərinin XİN-ə çağırılması ilə yaranan gərginlik müvəqqətidir.

"Türkiyə-İsrail münasibətlərindəki gərginlik müvəqqətidir", - Dedeoğlu Ankaradan Trend -a bildirib.

Trend -un arayışı: İsrailin Türkiyədəki səfiri Qabi Levi (Gaby Levy) oktyabrın 12-də Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb. CNN Türk telekanalının verdiyi məlumata görə, İsrailin Türkiyədəki səfiri Levi XİN-ə, İsrailin xarici işlər nazirinin köməkçisi Denni Ayalonun (Danny Ayalon) Türkiyənin İsraildəki səfiri Oğuz Çelikkolu nazirliyə dəvət etməsi və Türkiyə telekanallarında yayımlanan "Kurtlar vadisi" teleserialına etirazını bildirməsindən sonra çağırılıb.

Ayalon Türkiyə səfirini qəbul edən zaman onun qarşısında daha hündür stulda əyləşib. Görüş zamanı otaqda sadəcə İsrail bayrağı olub.

Türkiyə XİN-in mətbuat xidmətindən verilən məlumata görə, XİN-ə çağırılan İsrail səfirinə hadisə ilə bağlı etiraz bildirilib. Hər iki ölkədə məsələyə müxtəlif reaksiya bildirənlər olub. Belə ki, İsrailin sənaye və ticarət naziri Benyamin Ben Elizer Təl-Əvivin Ankaradan üzr istəməsinin vacibliyini bildirib.

Dedeoğlunun sözlərinə görə, istər Türkiyədə, istərsə də İsraildə ölkələrarası əlaqələrin normal qalmasını istəyən tərəflər var.

"İsrail-Türkiyə münasibətlərinin normal qalmasına çalışan siyasətçilərin məsələyə müdaxiləsi əlaqələrin stabilləşməsinə xidmət edə bilər", - o əlavə edib.

Türkiyəli ekspert hesab edir ki, İsrailin xarici işlər nazirinin köməkçisinın Türkiyə səfirinə qarşı sərt mövqe nümayiş etdirməsi sadəcə Ankaranın deyil, eyni zamanda, Fələstində "qoruyucu divarın" inşa edilməsinə etiraz edən dünya ictimaiyyətinin əleyhinədir.

"İsrail Türkiyə səfirinə qarşı tutduğu sərt mövqe ilə dünyaya "Fələstində "qoruyucu divarın" inşasına davam edəcəyik və geriyə addım atmayacağıq" mesajı vermək istəyir", - o qeyd edib.

Dedeoğlu hesab edir ki, Türkiyədə də İsrail ilə əlaqələri bir mənalı olaraq yaxşı qarşılayanların olduğunu söyləmək doğru deyil. Onun sözlərinə görə, Türkiyədə İsrailin müdafiə naziri Ehud Barakı Ankarada görmək istəməyən xarici işlər naziri var.

Türkiyəli ekspert onu da qeyd edib ki, Ankara-Təl-Əviv münasibətlərində müşahidə olunan müvəqqəti soyuqluq Vaşinqtonu bir o qədər də narahat etmir.

"ABŞ Ankara ilə Təl-Əviv arasındakı soyuq münasibətlərdən narahat deyil. Çünki İsrailin regionda yürütdüyü siyasət hazırda Vaşinqtonun da maraqlarına xidmət etmir. ABŞ-ın Türkiyə kimi müttəfiqinin İsrailə təzyiq göstərməsi Vaşinqton üçün bir o qədər də əhəmiyyət kəsb etmir", - o qeyd edib.

Onun sözlərinə görə, Türkiyə bu məsələyə bir o qədər də diqqət yetirməsə daha yaxşı olar.

Türkiyə mətbuatının diplomatik mənbələrə istinadən verdiyi məlumata görə, Türkiyə XİN-i rəsmi Ankaranın İsraildəki səfirini geri çağırıb və yanvarın 13-dək Təl-Əviv Ankaradan üzr istəməsə, Türkiyə İsraildəki səfirliyini bağlayacaq.

Xəbər lenti

Xəbər lenti