...

Türkiyə erməniləri "soyqırım"a dair qətnamənin qəbulunun əleyhinədir

Siyasət Materials 5 Mart 2010 15:07 (UTC +04:00)
Türkiyə erməniləri ABŞ Konqresinin Xarici əlaqələr komitəsinin "erməni soyqırımı"na dair qətnamə qəbul etməsinə etirazını bildirir.
Türkiyə erməniləri "soyqırım"a dair qətnamənin qəbulunun əleyhinədir

Türkiyə erməniləri ABŞ Konqresinin Xarici əlaqələr komitəsinin "erməni soyqırımı"na dair qətnamə qəbul etməsinə etirazını bildirir. Məlumatı CNN Turk yayıb.

Türkiyənin Kastamonu əyalətindəki erməni kilsəsinin rəhbəri Zadik Toker bu qərarın əleyhinə çıxış edib.

Türkiyənin Kayseri və Kastamonu kimi iri şəhərlərində ermənilər komitənin qərarına etiraz olaraq aksiya keçiriblər.

ABŞ Konqresinin Xarici əlaqələr komitəsi qondarma "erməni soyqırımı"nın tanınmasına dair qətnaməni qəbul edib. Qətnamənin qəbuluna 23, əleyhinə 22 konqresmen səs verib.

Ermənistan və erməni lobbisi bildirir ki, Türkiyənin sələfi - Osmanlı imperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım həyata keçirib. Bu faktın bütün dünyada tanınmasını istəyən ermənilər dünya ölkələrində "soyqırım" təbliğatını gücləndirərək onun bəzi dövlətlərin parlamentləri tərəfindən tanınmasına nail olublar.

Türkiyə hökuməti komitənin qərarından narazılığını bildirərək, bunun Türkiyə-Ermənistan münasibətlərinə zərər vurduğunu bəyan edib.

Türkiyənin XİN rəhbəri Əhməd Davudoğlu mətbuat konfransında bildirib ki, üçüncü ölkənin, indiki halda isə ABŞ-ın Ermənistan-Türkiyə münasibətlərinə müdaxiləsi iki ölkə arasında barışıq prosesini çətinləşdirir.

"Erməni soyqırım"nı tanıyan qətnamənin qəbulu gələcək siyasi strategiyanın hazırlanmasında ABŞ Konqresinin çox zəif olduğundan xəbər verir", - türkiyəli nazir deyib.

Türkiyə Prezidenti Abdulla Gül qətnamənin təsdiqlənməsindən təəssüfləndiyini bildirib. "Bu, müdrik qərar deyil. Mən bunu qətiyyətlə pisləyirəm. Bu, Türkiyə xalqı üçün heç nə demək deyil və Türkiyə xalqı bu səsvermənin mənfi nəticələrinə görə məsuliyyət daşımayacaq", - Gül bildirib.

Analoji qətnamə 2007-ci ildə 27 səslə qəbul olunmuşdu. Lakin keçmiş Prezident Corc Buşun müdaxiləsi nəticəsində qətnamə Nümayəndələr Palatasında səsverməyə çıxarılmadı. Anadolu agentliyi bildirir.

Xəbər lenti

Xəbər lenti