...

Azərbaycan tərəfi Xəzəryanı ölkələrin mövqelərini nəzərə alaraq saziş layihəsi hazırlayıb - XİN rəhbəri (ƏLAVƏ OLUNUB-3) (FOTO)

Siyasət Materials 11 Mart 2010 13:31 (UTC +04:00)
Azərbaycan tərəfi Xəzəryanı ölkələrin mövqeləri nəzərə alınmaqla saziş layihəsi hazırlayıb və Xəzəryanı ölkələrin xarici işlər nazirləri müavinlərinin Bakıda keçirilən 23-cü iclasında həmin ölkələrin nümayəndə heyətlərinə təqdim edib.
Azərbaycan tərəfi Xəzəryanı ölkələrin mövqelərini nəzərə alaraq saziş layihəsi hazırlayıb - XİN rəhbəri (ƏLAVƏ OLUNUB-3) (FOTO)

RED. əlav.: 9-cu abzas əlavə olunub

Azərbaycan, Bakı, 11 mart / Trend , müxbir Ü.Sadıxova/

Azərbaycan tərəfi Xəzəryanı ölkələrin mövqeləri nəzərə alınmaqla saziş layihəsi hazırlayıb və Xəzəryanı ölkələrin xarici işlər nazirləri müavinlərinin Bakıda keçirilən 23-cü iclasında həmin ölkələrin nümayəndə heyətlərinə təqdim edib. Bu barədə Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarov deyib.

"Xəzəryanı ölkələrin Xəzər dənizinin hüquqi statusuna dair konvensiya layihəsinin razılaşdırılması prosesində prinsipial məqamlar üzrə mövqelərinin yaxınlaşması Xəzəryanı dövlət başçılarının Bakıda keçiriləcək növbəti sammiti üçün zəmin yaradıb", - nazir bildirib.

Bakıda keçirilən Xəzərdə təhlükəsizliyin təminatı sahəsində sərhəd-gömrük xidmətləri və daxili işlər idarələrinin xətti ilə qarşılıqlı fəaliyyətə dair saziş layihəsinin razılaşdırılması məsələsi də iclasda müzakirə olunub.

Məmmədyarovun sözlərinə görə, 2007-ci ildə Tehranda Xəzəryanı ölkə başçılarının ikinci sammitində Xəzər dənizinin hüquqi statusu haqqında konvensiya layihəsinin yekun razılaşdırılması və qəbulu üçün gələcək işin konkret istiqamətləri müəyyən olunub. Həmin sammitdə Azərbaycan naziri Prezident İlham Əliyevdən sitat gətirib: "Regionun gələcək inkişafı nöqteyi-nəzərindən Xəzərin hüquqi statusunun müəyyən edilməsi yolunda qarşılıqlı anlaşmaya və razılığa nail olunması Xəzər regionunda qarşılıqlı inamı, sülh və təhlükəsizliyi daha da möhkəmləndirəcək, daha sıx əməkdaşlıq üçün zəmin yaradacaq", - deyə o bildirib.

Nazirin sözlərinə görə, Bakıda sammitin uğurlu keçməsinin təminatı baxımından bütün Xəzəryanı dövlətlər öz səylərini canlandırmalıdır.

"Ötən müddətdə təşkil olunmuş görüşlər Xəzərin yekun stasusu üzrə danışıqlar prosesinə öz töhfəsini verib, lakin XİN rəhbərlərinin müavinlərinin Bakıdakı son görüşü bir çox mühüm elementlərin hələ də açıq qaldığını göstərdi", - nazir deyib.

Məmmədyarovun sözlərinə görə, Xəzərin hüquqi statusuna dair mühüm məsələlər, su səthindən istifadə, dənizin dibinin bölünməsinin başa çatdırılması, balıqçılıq, gəmiçilik və təhlükəsizlik məsələləri - demilitasiya, hərbi gəmilərin hərəkəti və s. hələ də razılaşdırılmayıb. "Ümid etmək olar ki, müşahidə olunan yaxınlaşmalar mühüm məsələlərdən biri olan su səthinin bölünməsi üzrə qərarın qəbulu üçün zəmin yaradacaq", - nazir vurğulayıb.

"Azərbaycan inanır ki, investisiya mühitinin yaxşılaşdırılması, enerji resurslarının mənimsənilməsi, regionda sülhün və sabitliyin yaradılması region ölkələrinin maraqlarını əks etdirir. "Bakı-Supsa", "Bakı-Novorossiysk" neft kəmərləri, "Bakı-Tbilisi-Ceyhan", həmçinin, "Bakı-Tbilisi-Ərzurum" qaz kəməri layihələrinin reallaşması, Bakı-Tbilisi-Qars dəmiryolunun yaradılması iqtisadi inkişafa, regionun rifahına, dünya enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edir", - Məmmədyarov əlavə edib.

Nazirin sözlərinə görə, əgər Azərbaycan tərəfinin təqdim etdiyi layihə təsdiqlənərsə, Bakıda Xəzəryanı ölkələrin dövlət başçılarının üçüncü sammitinin keçirilməsinə hazırlaşmaq olar.

"Saziş layihəsi terrorizmə və mütəşəkkil cinayətkarlığa, silahların, nüvə materiallarının, psixotrop və narkotik maddələrin qanunsuz dövriyyəsinə, qanunsuz miqrasiya, insan alveri və əməkdaşlıq sahəsində digər hallara qarşı mübarizəni müəyyən edir. Əməkdaşlığın reallaşmasının formaları informasiya mübadiləsi, birgə fəaliyyətin həyata keçirilməsi, təcrübə mübadiləsi və başqalarıdır. Eyni zamanda, saziş layihəsi ən azı ildə bir dəfə səlahiyyətli orqanlar arasında görüşlərin və məsləhətləşmələrin təşkilini nəzərdə tutur", - nazir bildirib.

"Azərbaycan hər zaman Xəzəryanı ölkələrin Xəzərdə dövlətlərin suverenliyinə, bərabərliyinə hörmət, güc tətbiq etməmək və ya onun tətbiqi barədə hədələrə yol verməmək prinsipləri əsasında fəaliyyətinə tərərdar olub. Azərbaycan əmindir ki, Xəzər dənizində bərabər təhlükəsizlik şəraitinin yaradılması Xəzər dənizindən dinc məqsədlərlə istifadə və onun mehriban qonşuluq, dostluq və əməkdaşlıq zonasına çevrilməsi üçün şərait yaradacaq", - Məmmədyarov bildirib.

Nazir qeyd edib ki, Azərbaycan terrorizmə və mütəşəkkil cinayətkarlığa, narkotiklərin və silahların qanunsuz dövriyyəsinə qarşı mübarizədə ümumqəbul olunmuş prinsiplər və beynəlxalq hüquq normaları əsasında ikitərəfli və çoxtərəfli inkişafa xüsusi önəm verir.

Nazirin sözlərinə görə, Azərbaycan hesab edir ki, indiki iclasda saziş layihəsinin predmeti sərhəd və gömrük orqanları, DİN, FHN, nəqliyyat və dəniz administrasiyalarının xətti ilə qarşılıqlı fəaliyyət məsələlərini əhatə etməlidir.

"Xəzərdə təhlükəsizliyin hərbi-siyası aspektləri Xəzərin hüquqi statusuna dair Konvensiya layihəsi çərçivəsində müzakirə edilməli və həll olunmalıdır", - o deyib.

"Ümid edirik ki, ikigünlük görüşün sonunda indiki layihənin əsasında yekun mətn hazırlanacaq və gələcəkdə Xəzəryanı dövlətlər arasında təhlükəsizlik sahəsində əməkdaşlığın qurulması üçün hüquqi zəmin kimi çıxış edəcək", - Məmmədyarov bildirib.

İndiyədək sahilyanı dövlətlər 2003-cü ilin noyabrında Xəzərdə dəniz mühitinin qorunması üzrə çərçivə konvensiyasını imzalayıblar.

1998-ci ilin iyulunda Qazaxıstanla Rusiya arasında yeraltı sərvətlər üzrə suveren hüquqların həyata keçirilməsi məqsədilə Xəzər dənizinin şimal hissəsində dibin bölünməsi haqqında saziş imzalanıb, 2002-ci ilin mayında isə həmin sazişə protokol imzalanıb.

2001-ci il noyabrın 29-da və 2003-cü il fevralın 27-də Qazaxıstanla Azərbaycan arasında Xəzər dənizinin dibinin bölünməsi haqqında saziş və ona müvafiq protokol imzalanıb.

Həmçinin, 2003-cü il mayın 14-də Qazaxıstan, Azərbaycan və Rusiya arasında Xəzər dənizinin həmsərhəd hissələrinin bölünməsi xəttinin qovuşma nöqtəsinə dair saziş imzalanıb.

Xəbər lenti

Xəbər lenti