Azərbaycan, Bakı, 14 aprel /Trend/
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) sədri Mövlud Çavuşoğlunu qəbul edib. Bu barədə Azərbaycan XİN-in mətbuat xidmətinin məlumatında deyilir.
Məmmədyarov Azərbaycanın AŞ PA ilə sıx əməkdaşlığının bir çox sahələri əhatə etdiyini və fayadalı nəticələr verdiyini bildirib. Azərbaycanın xarici siyasətinin əsas prioriteti olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair aparılan danışıqlar prosesi barədə məlumat verən nazir münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının mümkünlüyünü vurğulayıb. Bu halda regionda davamlı sülhün və təhlükəsizliyin bərqərar olmasına imkan yaranacağını bildirən Məmmədyarov dünya ictimaiyyətinin məsələyə diqqətinin artırılmasının vacibliyini vurğuluyaraq bu xüsusda AŞ PA-ın səylərinin də səmərəliyini qeyd edib.
Çavuşoğlu AŞ PA-nın Azərbaycanda gedən demokratikləşmə proseslərini yüksək qiymətləndirdiyini vurğulayıb, təmsil etdiyi qurumun bu porseslərə öz dəstəyini verməkdə davam edəcəyini qeyd edib. Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar AŞ PA tərəfindən 25 yanvar 2005-ci ildə qəbul olunmuş 1416 saylı qətnaməni diqqətə çatdıran Çavuşoğlu AŞ PA-nın siyasi komitəsində Dağlıq Qarabağla bağlı alt komitənin fəaliyyəti məsələsinin aktual olaraq qaldığını qeyd edib, yaxın vaxtlarda alt komitənin işinin bərpa olunmasının planlaşdırıldığını və bunun da münaqişənin həllinə müsbət təsiri olacağına ümidvar olduğunu bildirib.
Görüş zamanı tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da müzakirələr aparıblar.