...

Azərbaycan MSK işğal altında olan ərazilərdə qondarma "parlament seçkiləri" ilə bağlı bəyanatla çıxış edib

Siyasət Materials 20 May 2010 18:57 (UTC +04:00)
Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) işğal altında olan ərazilərdə fəaliyyət göstərən separatçı rejimin mayın 23-nə təyin etdiyi qondarma "parlament seçkiləri" ilə bağlı bəyanatla çıxış edib.
Azərbaycan MSK işğal altında olan ərazilərdə qondarma "parlament seçkiləri" ilə bağlı bəyanatla çıxış edib

Azərbaycan, Bakı, 20 may /Trend, müxbir M.Əliyev/

Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) işğal altında olan ərazilərdə fəaliyyət göstərən separatçı rejimin mayın 23-nə təyin etdiyi qondarma "parlament seçkiləri" ilə bağlı bəyanatla çıxış edib.

MSK sədri Məzahir Pənahov bildirib ki, işğal altında olan torpaqlarda ermənilər növbəti seçki oyununa hazırlaşırlar və Azərbaycan tərəfi beynəlxalq hüquqlara zidd olan bu addıma öz etirazını bildirir. "Azərbaycan ərazilərinin işğal altında olması dünya ictimaiyyətinə bəllidir. Bununla bağlı bir sıra beynəlxalq təşkilatların qərarları da mövcuddur. Amma nəyə görəsə demokratik prinsiplər əsasında formalaşmış təşkilatların qərarları qulaqardına vurulur. Heç kimdə şübhə qalmır ki, bu məsələdə maraqlı tərəflər var və o maraqlı tərəflər böyük güc sahibləridir", - MSK sədri deyib.

Bəyanatda bildirilir ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, heç bir sosial qrup, təşkilat və şəxs hakimiyyətin həyata keçirilməsi səlahiyyətini mənimsəyə bilməz, seçkilər və referendumlar Azərbaycan Respublikasının Konstitusiyasına və Seçki Məcəlləsinə əsasən keçirilməlidir. "MSK bildirir ki, qondarma qurumdakı "seçkiləri" müşahidə etmək niyyətində olan "müşahidəçilər" beynəlxalq normalara etinasızlıq göstərməkdən çəkinməlidirlər. Onların bu hərəkətləri Azərbaycan dövlətinin suverenliyinin kobud pozulması kimi qiymətləndiriləcəkdir", - bəyanatda deyilir.

MSK bəyan edib ki, işğal altında olan ərazilərdə seçkilər və referendumlar yalnız həmin torpaqlar işğaldan tam azad edildikdən, Azərbaycanın ərazi bütövlüyü bərpa olunduqdan və həmin ərazilərdə yaşamış insanlar öz daimi yaşayış yerlərinə qayıtdıqdan sonra Azərbaycan Konstitusiyasına və qanunlarına əsasən keçirilə bilər. "MSK Azərbaycan dövlətinin suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş belə "seçkiləri" qanunsuz hesab edir və tanımır, beynəlxalq ictimaiyyəti də buna çağırır", - bəyanatda vuröulanır.

Mayın 23-də Dağlıq Qarabağın separatçı rejimi "parlament seçkiləri" keçirir.

Bir az əvvəl Azərbaycan XİN Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda "seçkilərin" keçirilməsi ilə əlaqədar rəsmi etirazını ifadə edib.

Bu kimi "seçkilər"in keçirilməsi Azərbaycan Respublikası Konstitusiyasının müvafiq müddəalarını və beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozur, çünki sözügedən "seçkilər" Dağlıq Qarabağın əzəli azərbaycanlı əhalisi olmadan aparılır və beləliklə, heç bir hüquqi qüvvəyə malik deyil", - Azərbaycan XİN-in bəyanatında bildirilib.

"Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində keçirilən hər hansı seçkilər yalnız o vaxt ədalətli və azad qiymətləndirilə bilər ki, oradan qovulmuş azərbaycanlı əhali həmin seçkilərin keçirilməsində bütünlüklə, birbaşa və bərabər şəkildə bölgənin erməni əhalisi ilə birgə qanuni və demokratik seçkilərdə iştirak etsinlər", - bəyanatda qeyd olunub.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi - Dağlıq Qarabağ və ona bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan ATƏT-in Minsk qrupunun himayəsi altında Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnamə Ermənistan tərəfindən bu günə qədər yerinə yetirilməyib.

Xəbər lenti

Xəbər lenti