...

Azərbaycanla Hindistan arasında münasibətlər kifayət qədər intensiv inkişaf mərhələsindədir – səfir

Siyasət Materials 2 İyun 2010 11:12 (UTC +04:00)
Azərbaycanın Hindistandakı fövqəladə və səlahiyyətli səfiri Tamerlan Qarayevlə müsahibə
Azərbaycanla Hindistan arasında münasibətlər kifayət qədər intensiv inkişaf mərhələsindədir – səfir

Azərbaycan, Bakı, 2 iyun /Trend, müxbir S.Ağayeva/

Azərbaycanın Hindistandakı fövqəladə və səlahiyyətli səfiri Tamerlan Qarayevlə müsahibə

- Tamerlan müəllim, siz ikitərəfli əlaqələrin hazırkı vəziyyətini necə qiymətləndirirsiniz və Hindistandakı fəaliyyətinizin əsas prioritetləri hansılardır?

- Azərbaycanla Hindistan arasında ikitərəfli münasibətlər Azərbaycanda müstəqilliyin əldə olunmasından və ölkəmizin müstəqilliyinin Hindistan tərəfindən tanınmasından sonra qurulub. Hindistan ilk olaraq Azərbaycanda öz səfirliyini Ankaradakı iqamətgahında, daha sonra isə Bakıda açdı. Hindistanda Azərbaycanın diplomatik missiyası 1994-cü ildə açıldı və mən Azərbaycanın bu ölkədə ilk səfiri oldum.

Həmin dövrdən müxtəlif sahələrdə münasibətlərimiz inkişaf etməyə başladı.

Hazırda Azərbaycanla Hindistan arasında münasibətlər kifayət qədər intensiv inkişaf mərhələsindədir.

- Ölkələrimiz arasında ticarət və iqtisadi əlaqələrin səviyyəsi necədir? Hindistan Azərbaycana həm ticarət, həm də iqtisadi tərəfdaş kimi nə təklif etməyə hazırdır?

- Bizim Hindistanda səfirliyimiz açılana qədər iki ölkə arasında ticarət balansı yarım milyon dollar səviyyəsində idi; rəqəm cüzi idi və mövcud iqtisadi potensiala uyğun gəlmirdi. İldən-ilə iqtisadi əlaqələr inkişaf etdi. Artıq 1997-ci ildə biz mal dövriyyəsini bir milyon dollara, 1998-ci ildə 2 milyona, 1999-cu ildə 4 milyondan yuxarı, 2000-ci ildə 12 milyondan çox, 2001-ci ildə 16 milyona yaxın, 2002-ci ildə 21 milyon dollara, 2003-cü ildə 35 milyon dollara çatdırdıq.

Ölkələr arasında mal dövriyyəsinin həcminin artmasında Bakı - Tbilisi - Ceyhan boru kəmərinin rolunu xüsusi qeyd etməyə dəyər. Hindistan şirkətləri Azərbaycan neftini Ceyhandan almağa başladılar. 2008-2009-cu illərin yekunları üzrə ölkələrimiz arasında mal dövriyyəsi, demək olar, iki milyard dollara çatıb. Azərbaycan mallarının Hindistana ixracı artıb, idxal isə hələlik mühüm dəyişikliklərə məruz qalmayıb. Ticari-iqtisadi əlaqələr birtərəfli inkişaf edir.

Azərbaycan Hindistandan, əsasən, boksitlər, əczaçılıq malları, qida məhsulları, tekstil alır.

Ötən il ticari-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın ilk iclası keçirilib. Azərbaycan tərəfdən komissiyanın həmsədri ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovdur. Nümayəndə heyəti Azərbaycanın müxtəlif idarələrinin nazir müavinləri səviyyəsində təmsil olunub. İclas uğurla keçdi, çox güman ki, növbəti görüş Bakıda olacaq. Komissiyanın fəaliyyəti, şübhəsiz, ticari-iqtisadi əlaqələrin daha çox inkişaf etməsinə müsbət təsir göstərəcək.

- Azərbaycan biznesi Hindistanda təmsil olunubmu?

- Azərbaycan biznesi Hindistanda, demək olar, təmsil edilmir; Azərbaycan şirkətləri tərəfindən hansısa cəhdlər olub, lakin onlar uğur qazanmayıb. İş burasındadır ki, Hindistanda xarici biznesin inkişafı yerli qanunvericiliyə görə çətindir.

- Sizcə, siyasi sahədə, xüsusən də Azərbaycanın başlıca problemi olan Dağlıq Qarabağ münaqişəsinin həllində iki ölkə əməkdaşlığının inkişafı üçün əlverişli şərait mövcuddurmu? Rəsmi Dehli Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı hansı fikrə tərəfdardır?

- Şübhəsiz, Azərbaycanın istənilən səfirliyi, diplomatik missiyası üçün Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ məsələsi prioritetdir.

Bizim üçün Hindistan tərəfinin ölkəmizin təcavüzə məruz qalması, onun ərazilərinin işğal olunması, Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olması və bizim başlıca tələbimizin - erməni qoşunlarının işğal olunmuş ərazilərdən dərhal çıxmasını anlaması vacibdir.

Hindistan tərəfdən bu fəaliyyətlə bağlı anlaşma mövcuddur. Hindistan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, Dağlıq Qarabağa ölkənin tərkib hissəsi kimi baxır və problemi dinc yolla həll etməyə çağırır.

Münasibətlərimiz arasında kədərli məqam onda oldu ki, BMT Baş Assambleyasında 2008-ci ilin martında Azərbaycanın təşəbbüsü ilə "Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət haqqında" qətnaməsinin müzakirələri zamanı Hindistan bu sənədin əleyhinə səs verdi.

Bu, o zaman Azərbaycan tərəfində ciddi narahatlıq yaratdı. Mən səfir kimi dərhal Hindistan mətbuatı qarşısında çıxış etdim. Hindistan KİV vasitəsilə ölkənin rəsmi strukturlarına sual verildi: bu fakt - Hindistanın separatizmi dəstəkləməsi Azərbaycanın ərazi bütövlüyünü tanımamasına sübutdurmu? Hindistan tərəfinin cavabı özünü çox gözlətmədi. XİN rəhbərliyi bəyan etdi ki, Hindistan səsverməyə Azərbaycanın ərazi bütövlüyünün tanınmaması kontekstində baxmır və Azərbaycan Respublikası ilə əlaqələrin genişləndirilməsinə tərəfdardır.

Azərbaycanla Hindistan arasında yaxşı siyasi əlaqələr var. Xarici işlər nazirləri müavinləri Xələf Xələfov və Vaqif Sadıqov Dehlidə səfərdə olublar; burada bir sıra uğurlu danışıqlar aparıblar. Bu il Hindistan XİN rəhbərliyinin nümayəndəsi cavab səfəri ilə Bakıya gələcək, gələn ilin əvvəlində isə ümid edirəm, Milli Məclisin nümayəndə heyəti Dehliyə səfər edəcək.

- Siz, həmçinin, Azərbaycanın Nepalda, Banqladeşdə, Şri-Lankada və Maldiv adalarında səfirisiniz. Bu ölkələr Dağlıq Qarabağ məsələsində Azərbaycanı dəstəkləyirmi? Azərbaycanın bu ölkələrlə münasibətlərinin səviyyəsi necədir?

- Şübhəsiz, biz bu ölkələrlə fəal şəkildə işləyirik; mən onlara tez-tez səfər edirəm. Beynəlxalq təşkilatlarda bu ölkələr heç vaxt Azərbaycanın maraqları əleyhinə çıxış etmirlər. Maksimal olaraq neytrallıq nümayiş etdirirlər - mən Şri-Lanka və Nepalı nəzərdə tuturam.

Banqladeş və Maldiv adalarına gəldikdə isə, onlar ənənəvi olaraq, həmişə Azərbaycanı və bizim təşəbbüslərimizi dəstəkləyirlər. Münasibətlərimiz uğurla inkişaf edir.

Xəbər lenti

Xəbər lenti