...

Bakı şəhər İcra Hakimiyyəti kütləvi aksiyaların keçirilməsi üçün ayrılan yerlərlə bağlı dəyişliklik etməyib

Siyasət Materials 11 İyun 2010 16:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir M.Əliyev/

Bakı şəhər İcra Hakimiyyəti kütləvi aksiyaların keçirilməsi üçün ayrılan yerlərlə bağlı hər hansı dəyişliklik etməyib. Bu barədə cümə günü Trend-ə qurumun İctimai təşkilatlarla və siyasi partiyalarla iş şöbəsinin müdiri Zaur Ramazanov bildirib.

"Kütləvi aksiyalar üçün əvvəlcədən ayrılmış yerlər qüvvədədir", - Ramazanov deyib.

Bakı şəhər İcra Hakimiyyətinin 2008-ci ildə təsdiqlədiyi siyahıya əsasən, Binəqədi rayonunda eyniadlı qəsəbə stadionu, Səbail rayonunda "Bibiheybət" meydanı, Nəsimi rayonunda 4-cü mikrorayondakı məhəllə stadionu, Xətai rayonunda isə 29-22-ci məhəllənin qarşısındakı stadion aksiya üçün ayrılıb. Qaradağ rayonunda isə Sahil qəsəbə stadionu, Sabunçu rayonunda "Azneftgeofizika" Trestinin qarşısındakı stadion, Suraxanı rayonunda Tofiq İsmayılov adına stadion, Yasamal rayonunda isə 3155-ci məhəllədəki stadion kütləvi aksiya keçirmək istəyənlərin ixtiyarına verilir. Bundan başqa, Əzizbəyov rayonunda Türkan qəsəbəsi, Nizami rayonunda "Təbriz" kinoteatrının qarşısı, Nərimanov rayonunda isə "Ulduz" metrosunun qarşısı təklif edilir.

Müxalifət partiyaları isə kütləvi aksiyaların Bakının mərkəz hissələrində keçirilməsini istəyir.

ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Əli Bilgə Cankorel cümə günü jurnalistlərə bildirib ki, Bakıda aksiyaların, mitinqlərin keçirilməsi üçün ayrılacaq yerlərin yeni siyahısı hazırlanıb.

Xəbər lenti

Xəbər lenti