Azərbaycan, Bakı, 24 iyun /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi bir qrup mobil telefon dələduzunu yaxalayıb.
Baş Prokurorluğun internet saytının cümə axşamı yaydığı məlumata görə, MTN tərəfindən aparılmış araşdırmalarla müəyyən edilib ki, Yadigarov Etibar Əvəz oğlu, Hüseynov Ceyhun Yusif oğlu, Hüseynov Elnur Yusif oğlu, Mehdiyev Elçin Kamal oğlu, Məmmədov Ramin Nizami oğlu, Quliyev Elxan Yusif oğlu və başqaları cari ilin yanvar-may aylarında vətəndaşlardan mobil rabitə operatorlarının kontur kartlarının şifrələrini əldə etmək məqsədilə müxtəlif nömrəli mobil telefonlardan onlara "Azercell" Birgə Müəssisəsinin adından abunəçinin balansının artmasını göstərən saxta SMS-lər göndəriblər.
Bununla da aldatma yolu ilə vətəndaşların müxtəlif nominallı kontur kartlarının şifrələrini əldə etmiş, eyni zamanda, həmin kontur kartlarının şifrələrini sonradan satış məqsədilə mobil telefonlar vasitəsilə konkret şəxslərə göndərmişlər.
Baş Prokurorluğa daxil olmuş həmin material üzrə fakta görə Cinayət Məcəlləsinin 178.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə ibtidai istintaq Daxili İşlər Nazirliyində davam etdirilir.