...

Azərbaycan YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin üzvü seçilib

Siyasət Materials 24 İyun 2010 19:44 (UTC +04:00)
Azərbaycan YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 2010-2014-cü illər üzrə üzvü seçilib.
Azərbaycan YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin üzvü seçilib

Azərbaycan, Bakı, 24 iyun /Trend/

Azərbaycan YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 2010-2014-cü illər üzrə üzvü seçilib. Bu barədə Azərbaycan XİN-in mətbuat mərkəzinin məlumatında deyilir.

Komitə təşkilatın nüfuzlu qurumlarından biri hesab edilir və qeyri-maddi mədəni irs nümunələrinin YUNESKO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə Reprezentativ Siyahısına daxil edilməsi məsələsi məhz həmin Komitədə müzakirə olunur və müvafiq qərarlar qəbul edilir.

"Azərbaycanın Komitəyə üzv qəbul olunması dünyanın qeyri-maddi mədəni irsinin qorunması ilə bağlı məsələlərin müzakirəsində ölkəmizin əhəmiyyətli rol oynamasına, eləcə də Azərbaycanın mədəni irs nümunələrinin YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısına daxil edilməsi istiqamətində daha fəal iş aparılmasına şərait yaradacaq", - məlumatda deyilir.

22-24 iyun tarixlərində YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Konvensiyasının iştirakçı dövlətlərinin Parisdə keçirilən Baş Assambleyasının 3-cü sessiyası zamanı Hökumətlərarası Komitəyə seçkilər keçirilib. Seçkilər zamanı Azərbaycanın namizədliyinin dəstəklənməsinə nail olmaq məqsədilə YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyası, Azərbaycanın YUNESKO yanında Daimi Nümayəndəliyi və xarici ölkələrdə fəaliyyət göstərən diplomatik nümayəndəlikləri tərəfindən müvafiq işlər aparılıb və görüşlər keçirilib.

Xarici İşlər Nazirliyi və digər aidiyyəti dövlət qurumları tərəfindən aparılmış məqsədyönlü iş nəticəsində bu gün keçirilən seçkilərdə Azərbaycan YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 2010-2014-cü illər üzrə üzvü seçilib. YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsi 24 nümayəndədən ibarətdir.

Azərbaycanla yanaşı, Komitəyə namizədliyini irəli sürmüş Ermənistan kifayət qədər səs toplaya bilmədiyi üçün seçkilərdə məğlub olub.

Xəbər lenti

Xəbər lenti