...

Türkiyə-İsrail münasibətləri kəsilməyə yaxındır – İsrailin Milli Təhlükəsizlik Araşdırmaları İnstitutunun rəhbəri

Siyasət Materials 5 İyul 2010 19:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 iyul /Trend, müxbir Ü.Sadıxova/

Hazırkı mərhələdə Türkiyə və İsrail arasındakı diplomatik münasibətlərin kəsilməsi ehtimalı çox yüksəkdir. İsrailin Milli Təhlükəsizlik Araşdırmaları İnstitutunun (The institute for national security studies) rəhbəri Oded Eran belə düşünür.

"Hesab edirəm ki, bu [münasibətlərin kəsilməsi] tamamilə mümkündür, çünki son vaxtlar münasibətlərin səviyyəsinin ciddi şəkildə aşağı düşməsi müşahidə olunur", - İsrailin Aİ və NATO-dakı keçmiş səfiri Eran telefonla Trend-ə bildirib.

Bazar ertəsi Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu İsrailin "Azadlıq donanması" humanitar karvanına hücuma görə üzr istəməyəcəyi halda İsraillə diplomatik münasibətlərin tam kəsiləcəyi ilə hədələyib. Bu barədə Türkiyənin "Hürriyyət" qəzeti yazıb.

Yaxın Şərqdə Avropa dövlətlərinin yeganə müsəlman müttəfiqi olan Türkiyə ilə İsrailin hərbi və diplomatik birliyinə mayın 31-də İsrail xüsusitəyinatlılarının Qəzza sektoruna humanitar yardım aparan gəmilərə hücum etməsindən sonra güclü zərbə dəyib.

Altı gəmi Aralıq dənizində neytral sularda israilli komandoslar tərəfindən saxlanılıb. İsrail əsgərləri ilə toqquşmalar zamanı Türkiyənin "Mavi Mərmərə" gəmisində 9 türk fəalı həlak olub. Ankara İsraildən həlak olanların ailələrinə kompensasiyaların verilməsini və insidentin beynəlxalq araşdırılmasını qəbul etməsini tələb edir.

Davudoğlu həmçinin Türkiyə hökumətinin öz hava məkanından İsrail hərbi aviasiyasının istifadəsini qadağan etməsini də təsdiqləyib. "Qadağanın mülki təyyarələrin hava məkanından istifadəsinə tətbiqi barədə qərar hələlik yoxdur. Bu məsələyə hadisələrin inkişafından asılı olaraq baxıla bilər", - Türkiyənin XİN rəhbəri bildirib.

"Bzi nə istədiyimizi bilirik və prinsipial olaraq haqlıyıq. Biz tələblərimizin yerinə yetirilməsinin gedişini izləyəcəyik", - Davudoğlu əlavə edib.

Davudoğlunun bəyanatının ardınca Latviyada səfərdə olan israilli həmkarı Aviqdor Liberman dərhal bəyanatla çıxış edərək Türkiyənin şərtlərini qəbul etməkdən və üzr istəməkdən qətiyyətlə imtina edib.

Son bəyanatlar və İsraillə Türkiyə arasında hərbi-hava və hərbi-dəniz təlimlərinin ləğv edilməsi fonunda Knessetin xarici əlaqələr üzrə alt komitəsinin müşaviri Eran diplomatik əlaqələrin kəsilməsini daha çox mümkün hesab edir.

"İsrail və Türkiyə hərbi hava qüvvələri birgə təlimləri dayandırıblar və indi İsrailin hərbi hava qüvvələri Yunanıstanda təlim keçirlər, üstəlik türk səfiri Təl-Əvivdən geri çağırılıb - bütün bunlar [münasibətlərin] pisləşməsindən xəbər verir və təəssüf doğurur", - Eran bildirib.

İsrail diplomatının sözlərinə görə, tərəflərdən heç biri yaranmış vəziyyətdən faydalanmayacaq.

"Hər iki tərəf pisləşən münasibətlərdən itirə bilər, lakin burada çox şeylər Türkiyənin qərarından asılıdır, - Eran hesab edir. - Problem ondadır ki, Türkiyə son illər ərzində hara gedir? Ona görə də problemə daha geniş perspektivdə baxmaq lazımdır".

Münasibətlərin pisləşməsi Vaşinqtonda da narahatlıq yaradıb. Burada çərşənbə axşamı İsrailin Baş naziri Benyamin Netanyahu və ABŞ Prezidenti Barak Obama arasında görüş keçirilib.

Sonuncu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanı Torontodakı görüşdə İsraillə münasibətlərin bərpasına doğru addım atmağa çağırıb.

Eran ehtimal edir ki, İsraillə Türkiyə arasında ikitərəfli münasibətlərdəki böhran Netanyahu ilə Obamanın görüşünün gündəliyinə salınacaq.

"ABŞ Türkiyə-İsrail münasibətlərinin pisləşməsinin qarşısını almağa cəhd göstərir. Bu, Netanyahu və Obama müzakirələrinin əsas mövzusu olmasa da, Vaşinqtonda da, Yerusəlimdə (Qüds) də yaranmış vəziyyətdən narahatdırlar", - Eran bildirib.

Xəbər lenti

Xəbər lenti