...

AFFA-nın dəstəyi ilə Sumqayıtda Açıq Əyləncəli Uşaq Futbol Məktəbinin növbəti turnirinin açılışı olub

Siyasət Materials 4 Avqust 2010 10:59 (UTC +04:00)
Beynəlxalq Açıq Əyləncəli Uşaq Futbol Məktəbinin xətti ilə dünyanın bir çox ölkələrində populyarlıq qazanmış kütləvi futbol tədbirləri Azərbaycanda da geniş vüsət almaqdadır. Avqustun 3-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda AFFA-nın və «Azərikimya» İstehsalat Birliyinin dəstəyi ilə keçirilən növbəti tədbir 6-12 yaşlı uşaqlar arasında bu idman növünün daha geniş yayılmaqda olduğunu, onun uşaqlar tərəfindən çox sevilərək, maraqla qarşılandığını bir daha sübut etdi.
AFFA-nın dəstəyi ilə Sumqayıtda Açıq Əyləncəli Uşaq Futbol Məktəbinin növbəti turnirinin açılışı olub

Azərbaycan, Bakı, 4 avqust /Trend/

Beynəlxalq Açıq Əyləncəli Uşaq Futbol Məktəbinin xətti ilə dünyanın bir çox ölkələrində populyarlıq qazanmış kütləvi futbol tədbirləri Azərbaycanda da geniş vüsət almaqdadır. Avqustun 3-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda AFFA-nın və "Azərikimya" İstehsalat Birliyinin dəstəyi ilə keçirilən növbəti tədbir 6-12 yaşlı uşaqlar arasında bu idman növünün daha geniş yayılmaqda olduğunu, onun uşaqlar tərəfindən çox sevilərək, maraqla qarşılandığını bir daha sübut etdi. Bu barədə "Azərikimya" İstehsalat Birliyinin yaydığı məlumatda bildirilir.

2004-cü ildən başlayaraq Sumqayıtın azyaşlı uşaqları arasında keçirilən bu tədbirdə sumqayıtlı uşaqlarla yanaşı, şəhərdə məskunlaşmış qaçqın və didərgin ailələrindən olan azyaşlılar da iştirak ediblər. Topla davranmanın müxtəlif fərdi üsulları ilə seçilən 12 komandanın hər biri müxtəlif yaş qrupundan olan 14 gənc futbol həvəskarı ilə təmsil olunaraq, birincilik uğrunda yarışlara böyük həvəslə qoşulublar.  

Devizi "qardaşlıq, dostluq, sağlamlıq və xoşbəxtlik" olan tədbiri açan "Şimal" Regional Futbol Federasiyasının prezidenti Yaşar Şamilov gənc futbol həvəskarlarını və qonaqları salamlayıb. O, Sumqayıtda son vaxtlar idmanın, o cümlədən, futbolun kütləvi xarakter alması və inkişafı üçün böyük mənəvi və maddi dəstək verən ARDNŞ-in, AFFA-nın və "Azərikimya" İstehsalat Birliyinin rəhbərliyinə dərin təşəkkürünü bildirib.

AFFA-nın birinci vitse-prezidenti, Milli Məclisin deputatı, Beynəlxalq Açıq Əyləncəli Uşaq Futbol Məktəbinin Azərbaycan üzrə baş koordinatoru Rauf Əliyev Sumqayıt şəhər rəhbərliyinin və "Azərikimya" İB-nin Sumqayıtda idmanın ən populyar növü olan futbolun uşaqlar və gənclər arasında daha geniş yayılması və inkişafında, yeni uşaq idman məktəblərinin yaradılmasında, qalib idmançıların mükafatlandırılaraq daha böyük qələbələrə ruhlandırılmasında xidmətlərini yüksək qiymətləndirmiş və kimyaçılar şəhərinin Azərbaycan idmanının daha yüksək nailiyyətlər əldə etməsi üçün böyük potensiala malik olduğunu  qeyd etmişdir.

"Azərikimya" İstehsalat Birliyinin nümayəndəsi, Sumqayıt Şəhər Bələdiyyəsinin sədri Əbülfəz Babayev, şəhər Gənclər və İdman İdarəsinin rəis müavini Mübariz Bəşirov öz çıxışlarında Sumqayıtın yalnız kimyaçılar, metallurqlar və energetiklər şəhəri kimi yox, həm də artıq dünyaşöhrətli çempionlar şəhəri olduğunu nəzərə çatdırmış və bununla hər bir sumqayıtlının, hər bir gənc idman həvəskarının fəxr etdiklərini, böyük qürur duyduqlarını bildirmişlər.

Çıxışlarda o da qeyd olunmuşdur ki, Azərbaycanda uşaqlar arasında futbolun daha geniş yayılmasında, Sumqayıtda yeni idman məktəblərinin yaradılması, onların müxtəlif idman qurğuları və geyimləri və s. ilə təmin olunmasında mərkəzi ofisi Danimarkada yerləşən, UEFA-nın "Kəsişən mədəniyyətlər" layihəsi çərçivəsində yaradılmış Beynəlxalq Açıq Əyləncəli Uşaq Futbol Məktəbləri Assosiasiyasının xüsusi rolu var.

"Şimal" Regional Futbol Federasiyasının vitse-prezidenti Əbdül Məmmədovun "start" işarəsindən sonra, stadionun 12 yerə bölünmüş yaşıl meydançasında uşaqların şən sədaları altında yarışların ilkin hazırlıq mərhələsi başlandı. Maraqlıdır ki, yaşca kiçik olmalarına baxmayaraq, 6-8 yaşında olan uşaqlar özlərindən böyük - 10-12 yaşlı uşaqlarla top uğrunda açıq mübarizəyə qoşulmaqdan çəkinmədilər. Oğlanlı-qızlı 200-ə qədər uşağın iştirak etdiyi yarışlar özünün fəallığı və rəngarəngliyi ilə həm kiçik oyunçulara, həm də toplaşanlara xoş təsir bağışladı.

Avqustun 3-də start verilmiş yarışlar ayın 5-də başa çatacaq. Qalib komandalar qiymətli hədiyyələr və fəxri fərmanlarla mükafatlandırılacaqlar.

Xəbər lenti

Xəbər lenti