...

Türkdilli Ölkələrin Parlament Assambleyasının internet-saytının təqdimetmə mərasimi keçirilib

Siyasət Materials 25 Avqust 2010 13:03 (UTC +04:00)
Trend-in məlumatına görə, çərşənbə günü Milli Məclisdə keçirilən təqdimetmə mərasimində sayt haqqında geniş məlumat verilib.
Türkdilli Ölkələrin Parlament Assambleyasının internet-saytının təqdimetmə mərasimi keçirilib

Azərbaycan, Bakı, 25 avqust /Trend, müxbir K.Zərbalıyeva/

Bu gün Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRK PA) internet-saytının (www.turk-pa.org) təqdimetmə mərasimi keçirilib. Trend-in məlumatına görə, çərşənbə günü Milli Məclisdə keçirilən təqdimetmə mərasimində sayt haqqında geniş məlumat verilib.

Sayt 6 dildə - Azərbaycan, rus, ingilis, türk, qazax və qırğız dillərində hazırlanıb. Saytda 7 bölmədə TÜRK PA haqqında, təşkilatın strukturu, yaranma tarixi, üzvləri və fəaliyyəti barədə müvafiq məlumatlar toplanıb.

TÜRK PA-nın fəaliyyəti dövründə qəbul etdiyi rəsmi sənədlərlə də saytda tanış olmaq mümkündür. Türkdilli Ölkələrin Parlament Assambleyasi (TÜRKPA) 21 noyabr 2008-ci ildə Türkiyə Respublikası İstanbul şəhərinin "Dolmabaxça Sarayı"nda Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə parlament rəhbərlərinin imzaladıqları Sazişlə təsis olunub.

29 sentyabr 2009-cu ildə Bakıda Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) birinci plenar sessiyası keçirilib.

TÜRK PA sədrliyi rotasiya üsulu ilə ingilis əlifbası üzrə ildə bir dəfə bir ölkədən digərinə keçir.

TÜRK PA Katibliyi Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində yerləşən və beynəlxalq təşkilat statusuna malik qurumdur.

TÜRK PA-nın əsas məqsədləri parlamentlərarası əməkdaşlığın keyfiyyətcə yeni mərhələsi olan parlament diplomatiyası vasitələrinin köməyi ilə dövlətlər arasında siyasi dialoqun daha da inkişaf etdirilməsinə kömək göstərmək, tarix, mədəniyyət və dil ümumiliyinə əsaslanaraq, milli qanunvericiliklərin yaxınlaşdırılması və parlamentlərarası əməkdaşlığa dair digər məsələlərdə qarşılıqlı fəaliyyətin daha da sıxlaşdırılması, türkdilli ölkələr və digər region ölkələri arasında qarşılıqlı surətdə faydalı və bərabər hüquqlu əməkdaşlığın inkişaf etdirilməsinə kömək göstərmək və s.-dir.

Xəbər lenti

Xəbər lenti