Azərbaycan, Bakı, 23 sentyabr /Trend/
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iranlı həmkarı Mənuçöhr Möttəki ilə Nyu- Yorkda görüşüb. Bu barədə İranın FARS xəbər agentliyi məlumat verir.
Görüş Nyu-Yorkda BMT Baş Assambleyasının iclası çərçivəsində baş tutub. Hər iki nazir Azərbaycan və İran əlaqələrində son vəziyyət haqqında müzakirələr aparıb.
Möttəki iki ölkə rəsmisinin qarşılıqlı səfərlərinin əhəmiyyətindən danışıb və bu səfərlər zamanı razılaşdırılmış məsələlərin icrasının vacibliyini vurğulayıb. Möttəki Azərbaycan və İran müştərək iqtisadi əməkdaşlıq komissiyasının səkkizinci iclasının yaxın gələcəkdə Tehranda keçiriləcəyini bildirib.
Görüşdə Məmmədyarov iki ölkə arasında əlaqələrin yaxşı səviyyədə olduğunu və münasibətlərin müsbətə doğru irəlilədiyini bildirib.