...

Azərbaycanın hakim partiyası müxalifət partiyalarını onlara qarşı "qara piar" aparmaqda günahlandırır

Siyasət Materials 11 Oktyabr 2010 17:31 (UTC +04:00)
Azərbaycanın hakim partiyası müxalifət partiyalarını onlara qarşı "qara piar" aparmaqda günahlandırır.
Azərbaycanın hakim partiyası müxalifət partiyalarını onlara qarşı "qara piar" aparmaqda günahlandırır

Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın hakim partiyası müxalifət partiyalarını onlara qarşı "qara piar" aparmaqda günahlandırır.

"YAP-ın irəliyə sürdüyü namizədlərin ayrı-ayrılıqda imzatoplama kampaniyasını bu cür mütəşəkkil surətdə və qısa bir zamanda başa vurmasını partiyamızın rəqibləri olan müxalifət partiyaları tamamilə başqa şəkildə təqdim etməyə cəhd göstərirlər. Hesab edirəm ki, müxalifət düşərgəsinin bu yöndəki fəaliyyəti partiyamıza qarşı "qara piar"dır. Müxalifət partiyalarının YAP-a qarşı bu cür qəzəbli şəkildə "qara piar"dan istifadə edərək onun fəaliyyətinin üstünə kölgə salmaq cəhdlərinin səbəbi onların gücsüzlüyü, zəifliyi, özünəinamsızlığı ilə əlaqədardır", - Trend-in məlumatına görə, bunu bazar ertəsi hakim partiyanın rəsmi internet saytına müsahibəsində Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov bildirib.

Azərbaycanda parlament seçkisi noyabrın 7-də keçiriləcək.

Əhmədov hesab edir ki, müxalifətin böyük narahatlığı öz namizədlərinin qeydə alınması üçün lazım olan imzaları toplamağa çətinlik çəkməsidir.

"Bu çətinliyin başlıca səbəbi insanların onların irəliyə sürdüyü namizədlərə lazım olan imzaları verməməsi ilə əlaqədardır. Çünki insanlar onların irəliyə sürdüyü namizədərin çoxunu tanımırlar, bu namizədlər haqqında hər hansı bir məlumata malik deyillər. Və buna görə də onların xeyrinə imza vermək kampaniyasında heç də həvəslə iştirak etməyiblər. YAP-ın hər bir namizədinin qeydə alınması üçün lazım olan imzaları 10 nəfər toplayıb. Amma müxalifət namizədləri öz imzalarını özləri toplayıblar. Təsəvvür edin ki, 10 nəfərin bir gündə gördüyü işi müxalifət tərəfindən bir nəfər görməli olub", - YAP rəsmisi əlavə edib.

Onun sözlərinə görə, müxalifət YAP-ın gücünü görür.

"Bu gücü növbəti dəfə namizədlər üçün imzaların toplanmasında müşahidə edə bildilər. Eyni zamanda, özlərinin nə qədər gücsüzlüyünü və seçki kampaniyasını qeyri-dəqiq təşkil etdiklərini də müqayisə əsasında təsəvvür edə bildilər. Bütün bunlaın nəticəsində onlar öz gücsüzlüklərini, bacarıqsızlıqlarını, işi təşkil edə bilmədiklərini YAP-a böhtan atmaqla kompensasiya etməyə çalışırlar. Onların bizə qarşı bu qədər aqressiv şəkildə "qara piar" kampaniyasından istifadə etmələri, əslində öz gücsüzlüklərinin və bacarıqsızlıqlarının aydın təzahürüdür", - Əhmədov deyib.

Azərbaycanda Seçki Məcəlləsi ilə qarşıdan gələn parlament seçkilərinin təşviqat kampaniyası oktyabr ayının 15-dən başlayacaq.

YAP rəsmisi bildirib ki, amma müxalifət partiyaları və onların nəzarətində olan qəzetlər artıq YAP-ın namizədlərinə qarşı "qara piar" kampaniyasından istifadə edərək bu təşviqat kampaniyasını həyata keçirməyə başlayıblar.

"Lakin onlar özlərini cəmiyyətə təqdim etməkdən daha çox YAP-ın qarşıdan gələn parlament seçkiləri ərəfəsində insanlarımız tərəfindən dəstəklənməyə böyük şansları olan namizədlərini hədəfə alıb, onlara qarşı şər, böhtan kampaniyasından istifadə edirlər", - Əhmədov müsahibəsində qeyd edib.

Xəbər lenti

Xəbər lenti