...

Parlament idarəetmə forması Qırğızıstan üçün aralıq variantdır – Trend-in Ekspert Şurasının üzvü Aleksey Vlasov

Siyasət Materials 13 Oktyabr 2010 17:55 (UTC +04:00)
Parlament idarəetmə forması Qırğızıstan üçün aralıq variantdır –  Trend-in Ekspert Şurasının üzvü Aleksey Vlasov

Azərbaycan,Bakı, 13 oktyabr /Trend, müxbir Y.Ostapenko/

Qırğızıstanın keçdiyi parlament idarəetmə forması bir neçə il ərzində siyasi mədəniyyətin aşağı səviyyəsi və etnik amillərin təsiri səbəbindən özünün qeyri-səmərəliliyini sübut edəcək. "Vestnik Kavkaza" informasiya-analitik agentliyinin baş redaktoru Aleksey Vlasov belə hesab edir.

"Qırğızıstan üçün parlamentli respublika aralıq variantdır. İl yarım - iki ildən sonra ölkəyə yeni siyasi gündəm gətirəcək, hamı tərəfindən tanınan, xarizmatik və hətta bir qədər nüfuzlu lider meydana çıxarsa, Qırğızıstanı yeni konstitusiya islahatı gözləyir", - Trend-in Ekspertlər Şurasının üzvü Vlasov çərşənbə günü Trend agentliyində jurnalistlərlə görüşündə bildirib.

Qırğızıstan Bakiyevin hakimiyyətdən uzaqlaşdırılması və hakimiyyət dəyişikliyi nəticəsində Mərkəzi Asiya ölkələri arasında ilk olaraq parlament idarəetmə formasına keçir.

Ötən bazar ölkədə parlament seçkiləri keçirilib. Parlamentə seçilən partiyalar arasında müxalifətçi "Ata Jurt" partiyası da var. Bu partiya prezidentin səlahiyyətlərinin gücləndirilməsinin tərəfdarıdır.

Vlasovun fikrincə, Qırğızıstanda klassik anlamda siyasi partiya yoxdur. Partiyalar özlərində müəyyən siyasətçiləri dəstəkləyən qrupları ehtiva edirlər.

Parlament seçkilərinin nəticələri üzrə təxminən eyni miqdarda səs toplayan partiya parlamentə keçib. Onlar arasında "Ata-Jurt", Sosial-demokratlar (QSDP), "Ar-Namıs", "Respublika" və "Ata Məkan" partiyalarıdır.

Bu partiyalar parlamentə keçdikdən sonra öz maraqlarını razılaşdırmaq üçün koalisiya yaratmalıdırlar. Vlasovun sözlərinə görə, əsas intriqa onların konsensusa gələ biləcəklərindən və ya bilməyəcəklərindən ibarətdir. Onlar biznes, ölkənin siyasi gələcəyi və s. ilə bağlı tamamilə müxtəlif baxışlara malik ola bilərlər. Vlasov hesab edir ki, əvvəl-axır parlament idarəetmə sisteminin qeyri-səmərəli olduğu aydın olacaq.

"Seçkilərin keçirilməsi və ümumilikdə sabitliyin qorunub saxlanması yaxşıdır. Lakin bu, hər halda müvəqqəti sakitlikdir, - Vlasov bildirib. - Qarşıda parlament partiyaları arasında heç də az maraqlı olmayan mübarizə durur".

Vlasovun sözlərinə görə, o, seçkidən bir gün əvvəl bir qırğız siyasətçinin təqdimatında iştirak edib. Görüşdə deyilib ki, açıqlanmayan ictimai rəy sorğusuna görə, Qırğızıstan cəmiyyətində yeni simalara, yeni siyasi fiqurlara, müvafiq olaraq yeni ideyalara çox böyük tələbat var.

Vlasov deyib ki, bu tələb reallaşdırılmayıb. Parlamentə elə həmin köhnə elitanın - sosial-demokratların, "Ata-Jurt"un və "Respublika"nın nümayəndələri keçib. Ona görə də yaxın 4-5 il ərzində Qırğızıstanda siyasi nəslin dəyişməsi prosesi gözlənilir.

Seçkilərin nəticələrinin elan olunmasından sonra əsasən devrilmiş prezident Bakiyevin tərəfdarlarını birləşdirən "Ata-Jurt" partiyasının parlamentdə yer almasının ardından ölkənin şimal və cənuba parçalanacağı ilə bağlı narahatlıqlar səsləndirilməyə başlanılıb.

Vlasov güman edir ki, öz-özlüyündə "Ata-Jurt" partiyasının parlamentə keçməsi ölkədə hansısa parçalanmanın olacağından xəbər vermir.

O hesab edir ki, ölkənin şimal və cənuba parçalanması bir çox hallarda Özbəkistan diasporunun mövqeyindən, özbək icmasının nüfuzlu qeyri-formal liderlərinin seçkidən sonrakı dövrdə son olaraq kimə üstünlük verəcəklərindən, həmçinin, Bişkəkdəki mərkəzi hökumətin onlarla razılığa gələ biləcəyindən asılıdır.

"Lakin əgər konsensus formulu tapılmazsa, ölkədəki siyasi vəziyyətin ən pis ssenarisinin inkişafı mümkündür", - Vlasov bildirib.

Xəbər lenti

Xəbər lenti