Azərbaycan, Bakı, 16 dekabr /Trend, müxbir S.Ağayeva/
Litva ATƏT-ə sədrliyi kontekstində Azərbaycanla əməkdaşlığı inkişaf etdirmək niyyətindədir.
Bu məqsədlə gələn ilin birinci yarısında Litvanın birinci şəxslərinin Azərbaycana səfərləri planlaşdırılır. Bu barədə cümə axşamı Trend-ə bu ölkənin Azərbaycandakı səfiri Kestutis Kudzmanas məlumat verib.
"Söhbət Prezident Dali Qribauskayte, Baş nazir Andryus Kubilyus və Parlamentin sədri İrena Dyaqutenenin Azərbaycana rəsmi səfərlərindən gedir", - səfir bildirib.
Litva Parlamenti sədrinin səfəri fevralın 9-10-na nəzərdə tutulub.
Eləcə də yaxın aylarda Litvanın xarici işlər naziri Audronyus Ajubalis ATƏT-in fəaliyyətdə olan sədri kimi Bakıya səfər edəcək. Litva yanvar ayından ATƏT-ə sədrlik edəcək.
Səfərlər zamanı iki ölkənin əməkdaşlıq məsələlərinin geniş spektrinin müzakirə olunması planlaşdırılır.
Litva 1991-ci il sentyabrın 17-dən BMT-nin üzvüdür. 2001-ci ildə Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olub. Ölkə 2004-cü il martın 29-dan NATO blokunun üzvüdür. 2003-cü ildə Litvanın Avropa İttifaqına üzv olması haqda müqavilə imzalanıb və o, Litva vətəndaşları tərəfindən referendumla təsdiqlənib. 2004-cü il mayın 1-də ölkə Aİ-nin üzvü olub.
Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2010-cu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanla Litva arasında mal dövriyyəsi 16,3 milyon dollar təşkil edib.