Azərbaycan, Bakı, 21 dekabr /Trend, müxbir T.Konyayeva/
Yalnız açıq və doğru dialoq yolu ilə Böyük Britaniya ilə İran arasında yaranmış bütün problemləri həll etmək olar. Bu barədə Böyük Britaniya XİN-in rəsmi nümayəndəsi deyib.
"İran Parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının hökuməti Böyük Britaniya ilə münasibətlərə yenidən baxmağa çağırması ilk dəfə deyil. Bizim üzləşdiyimiz bütün problemləri yalnız açıq və doğru dialoq yolu ilə həll etmək mümkündür", - Böyük Britaniya XİN-in rəsmi nümayəndəsi elektron poçt vasitəsilə Trend-ə bildirib.
İran Parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyası bazar günü Böyük Britaniya ilə əlaqələrin, o cümlədən siyasi, mədəni və iqtisadi münasibətlərin tam kəsilməsini tələb edən qanun layihəsini təsdiqləyib.
Komissiyanın bu cür qərar qəbul etməsinə səbəb bu yaxınlarda Britaniya səfirliyinin saytında Böyük Britaniya səfiri Simon Qessin İranda insan haqları ilə bağlı vəziyyəti qiymətləndirməsi olub. "Dünyanın heç bir yerində vəkillər, jurnalistlər, qeyri-hökumət təşkilatlarının üzvləri İrandakı kimi təzyiqlə üzləşmirlər", - səfir hesab edir. O, həmçinin İİR-də hüquq müdafiəçilərinin çoxsaylı həbsi hallarına da diqqət yetirib.
Ötən həftənin əvvəlində Simon Qess İran XİN-ə çağırılıb, burada ona İslam Resplublikasının daxili işlərinə müdaxilə edilməsinin yolverilməz olduğu göstərilib.
İranın mühafizəkarlar düşərgəsindən bir qrup siyasətçi İslam Respublikasına "təhqiramiz və alçaldıcı hücumlara" yol verən diplomatın dərhal ölkədən çıxarılmasını, eləcə də Böyük Britaniya ilə münasibətlərin zəiflədilməsini tələb ediblər.
Britaniya XİN nümayəndəsinin sözlərinə görə, Böyük Britaniyanın Tehrandakı səfirliyinin gördüyü iş hökumət tərəfindən tam dəstəklənir.
İranla Böyük Britaniya arasında münasibətlər İranın nüvə proqramı ilə bağlı fikir ayrılıqları üzündən uzun müddətdir gərgin olaraq qalır. İranın Qərbin xüsusi xidmət orqanlarını, eləcə də Britaniyanın MI-6 xarici kəşfiyyatını noyabrın 29-da Tehranda törədilən terror aktlarına görə günahlandırması onu daha da gərginləşdirir. Həmin terror aktlarında bu ölkənin nüvə alimi Məcid Şəhriyari həlak olub, lazer fizikası sahəsində mütəxəssis Firidun Abbasi isə yaralanıb.
Bundan əlavə, İran Böyük Britaniyanı İran müxalifətini açıq şəkildə dəstəkləməkdə və ötən il ölkədə baş verən kütləvi küçə etirazlarını qızışdırmaqda da günahlandırır.
"Yanvarın sonunda İstanbulda İranla danışıqlar zamanı "altılıq" bizim nüvə məsələsilə bağlı əsas narahatlığımızı aradan qaldırmaq üçün əməkdaşlığın praktiki yollarını müzakirə etmək fikrindədir", - nümayəndə İranın nüvə proqramı ilə bağlı qarşıdakı danışıqların yaranmış gərginliyə mümkün təsiri ilə bağlı suala cavab verərəkən bildirib.
"Biz yenə də İranın nüvə proqramı ilə bağlı çox narahatıq, lakin sülh danışıqları yolu ilə məsələnin həllinə nail olmaq fikrindəyik", - o, deyib.
Dekabrın 7-də Cenevrədə İranın nüvə proqramı ilə bağlı danışıqların növbəti mərhələsi başa çatıb. Danışıqlarda Rusiya, ABŞ, Böyük Britaniya, Çin, Fransa və Almaniyanın xarici işlər nazirlərinin müavinləri, eləcə də Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton iştirak edib. Danışıqlar prosesinin yekunları üzrə müzakirələrin yanvarın sonunda İstanbulda davam etdirilməsi qərara alınıb.
Britaniya XİN nümayəndəsinin fikrincə, Cenevrə danışıqların davam etdirilməsinin vacibliyi barədə sazişə nail olunduğu prosesin çıxış nöqtəsi olub. "Bu danışıqlar zamanı bir daha sübut edildi ki, beynəlxalq birlik möhkəmdir, vahiddir və nəzərdə tutulan kursdan dönməyəcək", - o, deyib.
ABŞ və bir sıra digər Qərb ölkələri İranı dinc atom proqramı pərdəsi altında nüvə silahı yaratmağa çalışmaqda ittiham edir. Tehran isə bütün ittihamları rədd edir və onun nüvə proqramının istisnasız olaraq, ölkənin elektrik enerjisinə olan tələbatın ödənilməsinə yönəldiyini bəyan edir. İndiyədək BMT Təhlükəsizlik Şurası İranla bağlı altı qətnamə qəbul edib ki, onlardan dördü uranın zənginləşdirilməsini dayandırmağa və İrana qarşı sanksiyaların tətbiqinə yönəlib, qətnamələrdən ikisi isə xəbərdarlıq xarakteri daşıyır.