...

İsveç azərbaycanlıları İran səfirliyinə etiraz məktubu ünvanlayıb

Siyasət Materials 4 Fevral 2011 13:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 fevral /Trend, müxbir T.Hacıyev/

İsveç Azərbaycanlıları Konqresi (İAK) İranın İsveçdəki səfirliyinə etiraz məktubu ünvanlayıb. İAK-dan Trend-ə verilən məlumata görə, etiraz məktubunda İrandan Azərbaycan dövlətinə qarşı çıxışların dayandırılması və Azərbaycan torpaqlarını işğal edən Ermənistanı dəstəkləməkdən əl çəkilməsitələb edilir.

Etiraz məktubunda son dövrlərdə müəyyən siyasi qrupların Azərbaycanın daxili işlərinə qarışması və dövlətçiliyimiz əleyhinə təbliğat aparması, həmçinin İranın "Səhər-2" telekanalının müntəzəm olaraq antiazərbaycan siyasətini nümayiş etdirən reportajlar yayımlaması və İran rəsmilərinin DAK nümayəndəliyinin işğalçı Ermənistan rejimi ilə İran arasında əməkdaşlığa dair müraciətinə cavab olaraq, nümayəndəliyin ünvanına təhqirlər yağdırması ilə bağlı narahatlıq ifadə olunur.

Məktubda bildirilir ki, İAK İranda yaşayan 30 milyon azərbaycanlının öz ana dilində təhsil almaq və milli dəyərlərini müdafiə etmək imkanlarından məhrum olmasına qarşıdır.

"Azərbaycan və İranı bir-birinə tarixi, mədəni və dini əlaqələr, uzun müddət davam edən qonşuluq münasibətləri bağlayır. Regionda erməni təcavüzkarlığına son qoymaq və ərazi bütövlüyünü bərpa etmək üçün Azərbaycan xalqının mübarizəsinin getdiyi bir dönəmdə bu cür təbliğatın aparılması bizim qardaşlığımıza və qonşuluq münasibətlərimizə kölgə salır", - etiraz məktubunda qeyd olunur.

İranın və Azərbaycanın İslam Konfransı Təşkialtının (İKT) üzvü olmalarını xatırladan İAK bu qurumun Ermənistanla münaqişə vəziyyətində olan Azərbaycanı birmənalı olaraq dəstəklədiyini, işğal olunmuş ərazilərdə islam irsinin dağıdılmasını pislədiyinə diqqət çəkərək Azərbaycanın tarixi torpaqlarının ədalətsiz işğalına son qoyulması, azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması işində İranın da Azərbaycanı dəstəkləməli olduğunu vurğulayır.

Məktubda İAK İran rəhbərliyindən Azərbaycan ictimaiyyətinə qarşı dövlətimizin müstəqillik və stabilliyinə xələl gətirən hücumları dayandırmaq, işğalçı Ermənistan rejimini dəstəkləməmək və müsəlman həmrəyliyinə sadiq qalaraq onunla ticarət və iqtisadi əməkdaşlığı sərtləşdirmək, İranın kütləvi informasiya vasitələrində antiazərbaycan təbliğatına son qoyulmasını, İranda yaşayan azərbaycanlılara qarşı əsas insan hüquq və azadlıqlarının pozulmasının dayandırılmasını və onlara öz ana dilində təhsil almaq, o cümlədən mədəni , ictimai fəaliyyətlə məşğul olmaq azadlığı verilməsini tələb edir.

Tələblərinin yerinə yetirilməyəcəyi təqdirdə İAK-ın etiraz kampaniyasını davam etdirəcəyi və İsveç ictimaiyyətinin də diqqətini İrandakı azərbaycanlıların hüquqlarının tanınması məsələsinə cəlb edəcəyi bildirilir.

İAK İsveçin 9 şəhərində 16 təşkilatı birləşdirir.

Xəbər lenti

Xəbər lenti