Azərbaycan, Bakı, 16 fevral /Trend, müxbir E.Tariverdiyeva/
ABŞ üçün Misirin gələcək taleyi Vaşinqtonun Yaxın Şərqdəki başlıca müttəfiqləri - İsrail və Səudiyyə Ərəbistanından daha çox əhəmiyyət kəsb edir. "İrs" Fondunun Rusiya, Avrasiya və beynəlxalq enerji siyasəti məsələləri üzrə aparıcı eksperti, Trend BİA-nın Ekspert Şurasının üzvü Ariel Koen belə düşünür.
"Misirdə hərbçilər bütün beynəlxalq razılaşmalara əməl edəcəklərinə söz verərək, beynəlxalq ictimaiyyəti sakitləşdirsələr də, ərəb dünyasının ən böyük ölkəsinin islam fundamentalizmi və ya dünyəvi cəmiyyət institutlarını inkişaf etdirərək hansı tərəfə hərəkət edəcəyi məsələsi hələ ki açıq qalır", - Koen "Amerikanın səsi"nin rus dili xidmətinin saytında yerləşdirilən məqalədə yazır.
Misirdə yüzlərlə insanın qətlə yetirildiyi və yaralandığı təxminən üç həftəlik etiraz aksiyalarından sonra fevralın 11-də prezident Hüsnü Mübarək istefaya gedib. Mübarək özünün son oyununu müdafiə naziri Məhəmməd Hüseyn Tantauinin rəhbərlik etdiyi Silahlı Qüvvələrin Ali Şurasının xeyrinə oynayıb.
Fevralın əvvəlindən etirazlar Əlcəzair, İordaniya və Livanda da baş verib.
Yəmənin paytaxtı Sənanın küçələrinə 3 minə yaxın insan çıxaraq siyasi islahatların keçirilməsini və prezident Əli Abdullah Salehinin istefasını tələb ediblər. Sənada bundan əvvəl də tələbələrin iştirakı ilə hökumət əleyhinə nümayişlər keçirilib. Nəticədə yürüşün bir neçə iştirakçısı yaralanıb, 23 nəfər saxlanılıb.
Fevralın 15-də etiraz aksiyaları Bəhreyn Krallığının paytaxtı Manamada da keçirilib. Bəhreynin ardınca dərhal Liviyada da etiraz aksiyaları başlayıb.
Koenin sözlərinə görə, İsraildə hazırda ölkələr arasında qüvvədə olan sülh sazişini təhlükə altında qoyacaq Misirin geosiyasi inkişafından narahatdırlar.
Politoloq hesab edir ki, bunun fonunda Misir ordusunun İsraillə sazişə hörmət etmək niyyəti ilə bağlı bəyanatı sakitləşdirici səslənir, lakin bu bəyanatların həqiqiliyi yalnız zamanla yoxlanıla bilər.
"Ordunun yarım ildən sonra demokratik seçkiləri təmin edərək öz vədinə əməl edib-etməyəcəyi regionun gələcəyi üçün həlledici amil olacaq. Misirin yeni rejimi Mübarəkin dönəmində olduğu kimi Vaşinqtonun müttəfiqi olaraq qalacaqmı? Ölkədə baş verənlər nəzarət altından çıxsa, ABŞ-ın hər il Misirə göstərdiyi 1,3 milyard dollar məbləğində hərbi yardım da dövlətin islamlaşdırılmasının qarşısını almaq üçün kifayət etməyəcək", - Koen yazır.
Onun fikrincə, islamyönümlü siyasi qüvvələr bu anlaşılmazlıqda daha yaxşı hərəkət etsələr, sonradan hərbçiləri özlərinə tabe etdirərək onları öz nəzarətləri altına ala bilərlər.
"Dünyəvi rejimin 80 il boyunca silahlı qüvvələrə güvəndiyi, lakin son üç il ərzində Baş nazir Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi islam partiyası AKP-nin nəzarəti altına keçdiyi Türkiyənin təcrübəsi göstərir ki, hadisələrin belə inkişaf ssenarisi mümkündür. Bu halda ordu yeni hökumət hətta "Müsəlman qardaşları" islam rejimi olsa belə, onunla işləməli olacaq", - Koen güman edir.
Belə proqnoz şah əleyhinə keçirilən nümayişlərin dalğasında hakimiyyətə gələn islamçıların ordunu nəzarət altına aldığı 1979-cu il İran inqilabının timsalında öz təsdiqini tapır.
Onun fikrincə, Misirdə sürətlə dəyişən vəziyyət ölkənin siyasi qüvvələri qarşısında ciddi çağırışlar qoyur.
"Bu zəngin olmayan Şimali Afrika ölkəsi üçün Mərkəzi Avropanın 1989-cu il "məxməri inqilab"larının model olacağını gözləmək sadəlöhvlük olar. Misirin zəif leqal siyasi partiyaları siyasi platformalarını yenidən yaratmalı, seçicilərin cəlb edilməsi üzərində işləməli və xaricdən dəstək qazanmağa səy göstərməli olacaqlar", - Koen qeyd edib.
Digər Yaxın Şərq dövlətlərini də əhatə edə biləcək hadisələrin effekti ABŞ-ı narahat etməyə bilməz. Artıq hakimiyyətə qarşı etriraz aksiyaları Əlcəzair, İordaniya, Yəmən və Suriyada da başlayıb, ekspert bildirib.
"İordaniya əhalisinin 60 faizindən çoxunu təşkil edən islamçıların və fələstinlilər kral Abdullahın rejimini devirsələr, orada ABŞ-ın mövqeyi və Qərbin təsiri kəskin şəkildə zəifləyəcək, İsraillə olan sülh sazişi isə çox güman ki, "buxarlanacaq". O zaman Səudiyyə Krallığı və körfəzin neft əmirlikləri üçün də yaranacaq təhlükədən danışmaq olar. Bu, Yaxın Şərqin geosiyasi mənzərəsini tam dəyişilməsinə gətirib çıxara bilər", - Koen hesab edir.