Az'rbaycan, Bakı, 5 aprel /Trend/
Rusiya Prezidenti Dmitri Medvedev "Rusiya Federasiyası daxili işlər orqanları əməkdaşlarının vəzifəsindən azad edilməsi haqqında" iki əmr imzalayıb. Bu barədə çərşənbə axşamı Kremlin mətbuat xidmətindən məlumat verilib. Əmrə uyğun olaraq, on milis general-mayoru vəzifəsindən azad edilib. Trend-in məlumatına görə, xəbəri RİA Novosti yayıb.
Bunlar RF DİN Operativ-axtarış bürosunun rəis müavini Yuri Borodastov, RF DİN Ufa Hüquq İnstitutunun rəisi Faim Muxametşin, RF DİN-in baş müfəttişləri Xurşid Numanov və Mixail Slizkov, RF DİN Mütəşəkkil müfəttişlik departamentinin müfəttişlik rəisi Leonid Xeylodur.
Bunlarla yanaşı, RF DİN İdarəetmə Akademiyasının rəis müavini Aleksandr Artyomov, RF DİN Rostov Hüquq İnstitutunun rəisi Gennadi Barkovski, RF DİN Çelyabinsk Hüquq İnstitutunun rəisi Vladimir İoqoleviç, RF DİN Saratov Hüquq İnstitutunun rəisi Valeri Nazarov, RF DİN Moskva Universitetinin rəis müavini Qriqori Skripkindir.
Medvedev mart ayında daxili işlər orqanlarının ali rəhbər heyətindəki vəzifələrə qəbul edilməyə iddia edən şəxslərin növbədənkənar attestasiyasının keçirilməsi üzrə Prezident yanında Komissiyanın iclasında bildirmişdi ki, görülən ilkin işlərin nəticələrinə görə, DİN-in 50-yə yaxın rəhbər əməkdaşı tutduğu vəzifələrdən azad edilmək üçün təqdim edilib. Artıq 20 -dən artıq general işdən azad olunub.
Rusiya Prezidenti Dmitri Medvedev bir neçə gün əvvəl də bəzi regionların daxili işlər orqanlarının rəhbərləri də daxil olmaqla, RF DİN-in on generalını tutduğu vəzifədən kənarlaşdırmışdı.