Azərbaycan, Bakı, 14 aprel /Trend, müxbir K.Zərbalıyeva/
Müsavat Partiyasının başqanı İsa Qəmbər aprelin 15-nə istintaqa çağırılıb. Bu barədə Bakı şəhər prokurorunun müavini, aprelin 2-də İctimai Palatanın keçirdiyi razılaşdırılmamış etiraz aksiyasında baş verənlərlə bağlı yaradılmış istintaq qrupunun rəhbəri Fazil Həsənəliyev Trend-ə məlumat verib.
Həsənəliyev bildirib ki, İsa Qəmbər istintaqa şahid qismində ifadə vermək üçün dəvət olunub.
O, bu barədə partiya rəhbərinə bildiriş göndərildiyini deyib.
Bakı şəhər prokurorunun müavini AXCP sədri Əli Kərimlinin sabah istintaqa çağırılması barədə məlumatı təsdiqləməyib.
Aprelin 2-də keçirilən icazəsiz aksiya ilə bağlı Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb.
Müsavat Partiyasının başqanı İsa Qəmbər istintaqa çağırılıb
Müsavat Partiyasının başqanı İsa Qəmbər sabah istintaqa çağırılıb.
