Azərbaycan, Bakı, 6 may /Trend, müxbir K.Zərbalıyeva/
Respublika Prokurorluğunda bu gün ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, tədbir iştirakçıları əvvəlcə ümummilli liderin Respublika Prokurorluğunun inzibati binasındakı büstü önünə əklil qoyub, xatirəsini ehtiramla yad ediblər.
Sonra tədbir Respublika Prokurorluğunun Tarix muzeyində davam edib.
Baş prokuror Zakir Qaralov tədbirdə məruzə ilə çıxış edib, ulu öndərin həyat və fəaliyyətindən, prokurorluq, ədliyyə və məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsindəki xidmətlərindən, bu sahəyə yetirdiyi diqqət və qayğıdan danışıb, ümummilli liderin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.
Sonra iştirakçılar ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli filmə baxıblar.