...

Azərbaycanın daxili işlər naziri ATƏT-in KİV azadlığı üzrə nümayəndəsini qəbul edib

Siyasət Materials 12 May 2011 19:43 (UTC +04:00)
Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov cümə axşamı ATƏT-in KİV azadlığı üzrə nümayəndəsi xanım Dunya Miyatoviçi qəbul edib
Azərbaycanın daxili işlər naziri ATƏT-in KİV azadlığı üzrə nümayəndəsini qəbul edib

Azərbaycan, Bakı, 12 may /Trend/

Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov cümə axşamı ATƏT-in KİV azadlığı üzrə nümayəndəsi xanım Dunya Miyatoviçi qəbul edib.

DİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazir DİN-in funksiyası və fəaliyyət istiqamətləri barədə qısaca məlumat verib, Azərbaycan polisinin 90-cı illərin sonlarından başlayaraq insan hüquq və azadlıqlarının önə çəkildiyi, beynəlxalq ekspertlərin iştirakı ilə işlənib hazırlanmış və qəbul olunmuş yeni qanunlar əsasında fəaliyyət göstərdiyini diqqətə çatdırıb.

Daha sonra ATƏT ilə Daxili İşlər Nazirliyi arasındakı əməkdaşlığa dair məlumat verilib. Qeyd olunub ki, təşkilatın Bakı ofisinin yarandığı 1999-cu ildən etibarən nazirlik digər hüquq-mühafizə orqanları kimi regionda və respublikada təhlükəsizliyin, insan hüquq və azadlıqlarının təmin edilməsi, ictimai asayişin qorunması, transmilli mütəşəkkil cinayətkarlıqla mübarizənin daha da səmərəli aparılması məqsədilə ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, Bakı ofisi və qonşu ölkələrdə yerləşən missiyaları, onların rəhbərləri ilə sıx əməkdaşlıq və dostluq əlaqələri yaradib, aparılan islahatlar nəticəsində polis orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində bir çox layihələr həyata keçirilib.

Hazırda ATƏT-in Bakı ofisinin dəstəyi ilə 4 istiqamətdə - insan alverinə qarşı mübarizə, ictimai toplaşmaların idarə olunması, korrupsiyaya qarşı mübarizə sahələrində və "Cəmiyyət dəstəkli polis" layihələri həyata keçirilməkdədir. Bu layihələrin hər biri polis fəaliyyətinin təkmilləşdirilməsində önəmli rol oynayır. Ümumiyyətlə, ATƏT-in təşkilatçılığı ilə keçirilən tədbirlərdə nazirliyin 2000-ə yaxın əməkdaşı iştirak edib.

Daha sonra qonağa polis-media münasibətlərinin və ictimaiyyətlə əlaqələrin daha da genişləndirilməsi sahəsində ətraflı məlumat verilib.

Daxili işlər naziri onu da qeyd edib ki, orqan və hissələrdə qanunçuluğun vəziyyəti mütəmadi olaraq təhlil edilir, ümumiləşdirilir, hüquqazidd hərəkətlərə, polisin adına ləkə gətirən əməkdaşlara qarşı daxili işlər orqanlarında xidmətdən xaric edilməyə, hətta cinayət məsuliyyətinə cəlb olunmağadək prinsipial ölçülər götürülür.

Bildirilib ki, təkcə son 3 ildə və bu ilin birinci rübündə vətəndaşlarla kobud rəftar etdiklərinə, onların hüquq və azadlıqlarını pozduqlarına görə 773 əməkdaş cəzalandırılıb. Onlardan 12-si cinayət məsuliyyətinə cəlb olunub, 50 nəfər daxili işlər orqanlarından xaric edilib, 68 nəfər tutduğu vəzifədən azad olunub.

Dunya Miyatoviç bütövlükdə Azərbaycanda görülmüş işləri müsbət qiymətləndirib. Polis-media münasibətlərinə toxunan qonaq jurnalistlərin normal və təhlükəsiz şəraitdə fəaliyyət göstərmələrinin vacibliyini xüsusilə qeyd edib, bu istiqamətdə polis orqanları tərəfindən həyata keçirilən tədbirlərdən razı qaldığını bildirib. O qeyd edib ki, ATƏT vahid bir ailədir, hər bir ailənin isə öz qayğıları, öz problemləri var. Biz birlikdə çalışaraq bu problemləri həll etməliyik.

Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti