...

Prezident Administrasiyasının şöbə müdiri: "Eurovision-2011" müsabiqəsi bir daha Azərbaycanın Avopa ölkələri sırasına qəbul edildiyini göstərdi

Siyasət Materials 16 May 2011 17:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 may /Trend, müxbir S.Ağayeva/

Azərbaycanın "Eurovision-2011" müsabiqəsində qalib gəlməsini müəyyən mənada qanunauyğun hadisə kimi qəbul etmək olar. Çünki Azərbaycanın son illərdə həm regionda, həm də beynəlxalq aləmdə atdığı addımlar, əldə etdiyi nailiyyətlər məntiqi olaraq, ardıcıl davam edir. Bunu bazar ertəsi Trend-ə Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

"Ümumiyyətlə, Azərbaycanın nailiyyətləri - istər siyasi, istər istisadi, istərsə də idman sahəsində - artıq necə ilərdir ki, davam edir. Nailiyyətlər bütün sahələri əhatə etdiyi üçün bu, Azərbaycanın dünya birliyinə, Avopa ölkələri sırasına problemsiz qəbul edildiyini bir daha nümayiş etdirir. Yəni artıq siyasi motiv olmadan, bütün Avropanın əhalisi Azərbaycanı özünə bir tərəfdaş kimi qəbul etdi. Azərbaycanın "Eurovision-2011" müsabiqəsində qalib gəlməsi tərəfdaş kimi qəbul edilməsinin nümunəsidir. Avropa Azərbaycanın musiqi sahəsində nailiyyətlərinə qiymət verdi", - Məmmədov əlavə edib.

Məmmədovun fikrincə, belə qələbə bu gün Azərbaycanın hərtərəfli lider olduğunu bir daha sübut etdi.

"Mən belə başa düşürəm ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilən nailiyyətlərin silsiləsinə bunu da əlavə etmək lazımdır və bundan sonra da uğurlar davam edəcək. Belə qələbələri məhz Prezident İlham Əliyevlə birgə qazanmaq daha asan olur", - Məmmədov bildirib.

PA rəsmisi bəzi ölkələrin Azərbaycana az səs verməsinə də münasibətini açıqlayıb.

"Təəssüf hissi ilə bildirmək istəyirəm ki, Azərbaycanla çox yaxından əməkdaşlıq edən bəzi dövlətlər - Böyük Britaniya, Almaniya, İspaniya, İtaliya, Norveç, Bolqarıstan, Danimarka kimi ölkələr heç 3-4 bal da vermədilər. Lakin bunu onların mahnıya qiymət verməmələri ilə yox, həmişəki kimi onların özlərinin müəyyən mövqeyinin olması ilə qiymətləndirirəm", - Məmmədov əlavə edib.

PA-nın şöbə müdiri təəssüflənir ki, bu gün Azərbaycanın sürətli, hərtərəfli inkişafı, regionda liderə çevrilməsi, beynəlxalq aləmdə özünün möhkəm mövqeyini formalaşdırması bəzi dairələrin xoşuna gəlmir və onlar qısqanclıqlarını nümayiş etdirirlər.

"Bu möhtəşəm qələbədən sonra Qərbdə bir neçə qəzet Azərbaycanın qələbəsinə öz qərəzli münasibətlərini gizlədə bilmədi. Onlar belə bir sevinci işğal altında olan torpaqların qaytarılması ilə də yaşamaq arzumuza qərəzlə yanaşaraq, qəribə fikirlər səsləndirirlər və Ermənistanın iştirak etmədiyini göstərərək bu ölkəyə məhəbbətlərini gizlədə bilmirlər. "New York Times", "Şpigel" qəzetlərində bununla bağlı yazılıb. Bu qəzetlər öz qərəzli münasibətini gizlədə bilmədilər. Əslində gizlətməyə heç çalışmadılar da. "Azərbaycan "Eurovision"da qalib gəlib" cümləsini çox çətinliklə yazandan sonra Azərbaycanı tənqidə keçdilər. Bu da bizi narahat etməməlidir, çünki bizim yolumuz düzdü, siyasətimiz müstəqildir, bütün ölkələrlə məhsuldar, qarşılıqlı əməkdaşlıq edirik və öz yolumuzla da gedəcəyik", - PA rəsmisi qeyd edib.

Məmmədov hesab edir ki, belə qələbələr bütün xalqı birləşdirir.

"Əksəriyyət gənclər olmaqla, bütün xalqın küçələrə çıxması, iftixar hissini nümayiş etdirməsi ölkənin əhval-ruhiyyəsindən xəbər verir. Yəni bu ölkədə proseslər düzgün istiqamətdə gedir. Avropanın əhalisi, ictimaiyyət məhz gənclərimizin sənətinə, sənətkarlığına, ustalığına qiymət verdilər. Bu nöqteyi-nəzərdən, həqiqətən bizimkilər birinci yerə layiq idilər. Onların çox böyük bal fərqi ilə birinci yerdə olmaları artıq Azərbaycan sənətkarlığının nə qədər yüksək səviyyədə olduğunun bir daha nümayiş etdirdi, çünki onların qarşılarında heç bir rəqib qala bilmədi", - Məmmədov bildirib.

Azərbaycan təmsilçiləri Eldar Qasımov və Nigar Camal (Ell/Nikki) "Running Scared" mahnısı ilə "Eurovision-2011" müsabiqəsinin qalibi oldu.

56-cı dəfə təşkil olunan yarışmanın şüarı "Feel Your Heart Beat!" (Öz ürəyinin döyüntüsünü hiss et) idi. Müsabiqənin sonunda sms- səsvermə və proffesional juri seçimi nəticəsində "Eurovision-2011"-in qalibi 221 xal toplayan Azərbaycan oldu (Ell/Nikki - "Running Scared").

Yarışda ikinci yeri İtaliya (Raphael Gualazzi - "Madness Of Love" - 189 xal), üçüncü yeri İsveç (Eric Saade - "Popular" - 185 xal) tutdu.

Azərbaycana müsabiqədə ən yüksək - 12 xalı Rusiya, Türkiyə və Malta, 10 xalı isə Ukrayna, Yunanıstan, Xorvatiya, San-Marino, Rumıniya və Moldova verdilər.

 Novruz Məmmədovun bəyanatlarını onun Twitter sosial şəbəkəsindəki şəxsi səhifəsində www.twitter.com/NovruzMammadov ünvanında da izləmək mümkündür.

Xəbər lenti

Xəbər lenti