...

İordaniyada 28 may - Respublika gününə həsr olunmuş konfrans təşkil olunub

Siyasət Materials 22 May 2011 17:56 (UTC +04:00)
28 may - Respublika gününün və Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 20-ci ildönümünün qeyd edilməsi ilə əlaqədar bu gün Azərbaycanın İordaniyadakı səfirliyində mətbuat konfransı keçirilmişdir.
İordaniyada 28 may - Respublika gününə həsr olunmuş konfrans təşkil olunub

Azərbaycan, Bakı, 28 may /Trend/

28 may - Respublika gününün və Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 20-ci ildönümünün qeyd edilməsi ilə əlaqədar bazar günü Azərbaycanın İordaniyadakı səfirliyində mətbuat konfransı keçirilmişdir.

Trend-ə səfirlikdən verilən məlumata görə, İordaniyanın kütləvi informasiya vasitələrinin 20-yə yaxın nümayəndəsinin, o cümlədən televiziya mənsublarının iştirak etdiyi tədbirdə səfir Elman Araslı qısaca olaraq Azərbaycanın tarixi keçmişinə nəzər salmış, dövlətçilik ənənələrinə toxunmuşdur. 1918-ci ildə Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycanda elan edilməsini qeyd edən səfir, həmin respublikanın cəmi 23 ay ömür sürə bildiyini və xarici qüvvələrin təcavüzü nəticəsində süquta uğradığını bildirdi. Bu hadisədən sonra təqribən 70 il ərzində SSRİ-nin tərkibində mövcudluğunu davam etdirmiş Azərbaycanın nəhayət ki 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etməyə nail olduğunu fərəh hissi ilə söyləyən səfir 2011-ci ildə artıq dövlət müstəqilliyimizin 20-ci ildönümünün qeyd edildiyini KİV nümayəndələrinin diqqətinə çatdırdı.

Daha sonra, müstəqilliyin bərpasının ilk illərində Azərbaycan Respublikasının qarşılaşdığı siyasi-iqtisadi və sosial çətinliklər, siyasi sistemin dəyişməsi və plan iqtisadiyyatından azad bazar iqtisadiyyatına keçidin ağrı-acılarından danışan səfir, vəziyyətin qonşu Ermənistan Respublikasının Azərbaycan Respublikasına ərazi iddiası ilə başlamış və qanlı müharibə ilə davam edərək Azərbaycanın torpaqlarının 20%-nin işğal edilməsi ilə nəticəlmiş münaqişə səbəbilə daha da ağırlaşdığını, bir milyondan çox azərbaycanlının öz yurd-yuvalarından didərgin düşdüyünü və qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü bildirmişdir.

Bununla belə, bütün bu təlatümlərə tab gətirərək və çətinliklərə sinə gərərək Azərbaycanı qaranlıq gecədən aydın sabaha aparmağa qadir liderin - Heydər Əliyevin hakimiyyətə gəlməsini Azərbaycanın öz müstəqilliyini qoruyub saxlaya bilməsində, Ermənistanla atəşkəsə nail olunub işğal olunmuş ərazilərin dinc yolla qaytarılması istiqamətində sülh danışıqlarına başlanılmasında, Qərbə inteqrasiya prosesinə start verilməsində, siyasi-iqtisadi və sosial islahatların başlanmasında taleyüklü rol oynadığını söyləyən səfir Ümummilli liderin Vətənin parlaq gələcəyi naminə gördüyü işləri layiqincə qiymətləndirmişdir. Bu gün Azərbaycanın əldə etdiyi nailiyyətləri, aparılmış uğurlu islahatları, əldə olunmuş iqtisadi inkişafı düzgün müəyyən edilmiş strateji kursun bəhrəsi adlandıran səfir hazırda həmin siyasətin Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən uğur və yüksək nəticələrlə davam etdirildiyini vurğulamışdır. Azərbaycanın dünya dövlətləri sırasında öz layiqli yerini tutduğunu, regionun vacib və strateji əhəmiyyət kəsb edən dövlətinə çevrildiyini, regionun meqa layihələrinin gerçəkləşdirilməsinə misilsiz töhfələr verdiyini, beynəlxalq miqyasda mühüm uğurlara imza atdığını dilə gətirən səfir, yaxın gələcəkdə bu uğurların daha da artırılması istiqamətində məqsədyönlü iş aparıldığını qeyd etmişdir.

Sonra səfir Azərbaycan-İordaniya ikitərəfli əlaqələri barədə məlumat verərək Azərbaycanın öz qazandığı uğurlarını dost və qardaş ölkələrlə bölüşməyə hazır olduğunu söyləmişdir. İordaniya ilə siyasi əlaqələrin ən yüksək səviyyədə olmasını deyən səfir hər iki dövlət başçısının - Prezident İlham Əliyevin və Kral II Abdullahın - digər sahələrdəki əlaqələrin də siyasi əlaqələr səviyyəsinə qaldırılması barədə tövsiyələrinin olmasını söyləmiş və bunun həyata keçirilməsi istiqamətində şəxsən göstəriş və tapşırıqlar verdiklərini bildirmişdir.

Çıxışdan sonra səfir jurnalistləri və tədbir iştirakçılarını maraqlandıran çoxsaylı sualları cavablandırmışdır. Tədbir iştirakçılarına Azərbaycan haqqında bir neçə dildə hazırlanmış əyani vəsaitlər, o cümlədən Ermənistanın Respublikamıza qarşı hərbi təcavüzü və onun nəticələri haqqında kitab və bukletlər, foto və video materiallar, filmlər paylanmışdır. Yeri gəlmişkən, mətbuat konfransından bir gün öncə İordaniyanın Mərkəzi Televiziya kanalı ilə İordaniyada Azərbaycan haqqında çəkilmiş film nümayiş etdirilmişdir.

Mətbuat konfransının keçirildiyi salon Ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin portretləri ilə bəzədilmiş, ölkəmizin füsunkar təbiətini və memarlıq incilərini təcəssüm etdirən stend yerləşdirilmiş, Respublikamızın sosial-iqtisadi inkişafına dair film nümayiş etdirilmişdir.

Xəbər lenti

Xəbər lenti