...

Azərbaycanla Mərakeş arasında bağlanmış iki müqavilə Parlamentdə müzakirə ediləcək

Siyasət Materials 17 İyun 2011 15:07 (UTC +04:00)
Milli Məclisin son iclasında Azərbaycanla Mərakeş Krallığı arasında təslim etmə və cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında müqavilələrin təsdiq olunması barədə qanun layihələri müzakirəyə çıxarılacaq.
Azərbaycanla Mərakeş arasında bağlanmış iki müqavilə Parlamentdə müzakirə ediləcək

Azərbaycan, Bakı, 17 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Milli Məclisin son iclasında Azərbaycanla Mərakeş Krallığı arasında təslim etmə və cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında müqavilələrin təsdiq olunması barədə qanun layihələri müzakirəyə çıxarılacaq.

"Azərbaycan və Mərakeş Krallığı arasında təslim etmə haqqında" müqavilədə tərəflər iki dövlətdən birinin ərazisində yaşayan və digər dövlətin hüquq-mühafizə orqanları tərəfindən axtarılan şəxslərin bir-birinə təslim edilməsini öz üzərlərinə götürürlər.

Bu müqavilədə tərəflərdən birinin qanunvericiliyinə uyğun olaraq azı 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutan cinayətlərin törədilməsində ittiham olunan şəxslərin və sorğu edilən tərəfin qanunvericiliyinə uyğun olaraq cəzalandırılmalı olan əməli törədən və sorğu edən tərəfin məhkəmələri tərəfindən ən azı 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslərin təslim edilməsi nəzərdə tutulur.

"Azərbaycan və Mərakeş Krallığı arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında" müqavilədə tərəflər onlardan birinin sorğusu əsasında sorğu edən dövlətin məhkəmə və ya ədliyyə orqanlarının səlahiyyətləri çərçivəsində olan cinayətlərlə bağlı bütün prosedurlarda bir-birlərini hüquqi yardımın imkanları ilə təmin etmək öhdəliklərini üzərlərinə götürürlər.

Barəsində qarşılıqlı yardım istənilən cinayət sorğu edilən dövlət tərəfindən siyasi xarakterli cinayətdirsə, hərbi mükəlləfiyyətin pozulması ilə bağlıdırsa, əməllər sorğu edilən dövlətin qanunvericiliyinə uyğun olaraq cinayət hesab olunmursa, hüquqi yardımdan imtina edilə bilər.

Sorğu edilən dövlət göstəriləcək yardımın onun suverenliyinə, təhlükəsizliyinə və ictimai asayişinə zərər vura biləcəyini hesab etdiyi təqdirdə, qarşılıqlı hüquqi yardım göstərilməsindən imtina edə bilər.

Xəbər lenti

Xəbər lenti