...

Vaqif Sadıxov: Azərbaycan-İtaliya əlaqələrinin strateji əməkdaşlıq səviyyəsinə çatdırılması qarşımızda duran əsas məsələlərdəndir (MÜSAHİBƏ)

Siyasət Materials 20 İyun 2011 11:25 (UTC +04:00)
Azərbaycanın İtaliyadakı fövqəladə və səlahiyyətli səfiri (eyni zamanda San Marino və Maltada akkredidə olunub) Vaqif Sadıxovun Trend-ə müsahibəsi
Vaqif Sadıxov: Azərbaycan-İtaliya əlaqələrinin strateji əməkdaşlıq səviyyəsinə çatdırılması qarşımızda duran əsas məsələlərdəndir (MÜSAHİBƏ)

Azərbaycan, Bakı, 20 iyun /Trend, müxbir S.Ağayeva/

Azərbaycanın İtaliyadakı fövqəladə və səlahiyyətli səfiri (eyni zamanda San Marino və Maltada akkredidə olunub) Vaqif Sadıxovun Trend-ə müsahibəsi

- Cənab səfir, Siz Azərbaycanı İtaliya, San Marino və Maltada təmsil edirsiniz. Azərbaycanın bu Avropa dövlətləri ilə mövcud ikitərəfli münasibətlərinin tam spektrini necə qiymətləndirirsiniz? Hansı qarşılıqlı fəaliyyət sahələri daha perspektivli görünür?

- Məlum olduğu kimi, İtaliya Avropa İttifaqı, NATO, ATƏT və AŞ-nin təsisçi və aparıcı dövləti, həmçinin "Böyük səkkizliy"in üzvü kimi beynəlxalq siyasətdə fəallığı ilə seçilən aparıcı dövlətlərin sırasındadır. Bu baxımdan Azərbaycan üçün İtaliya ilə münasibətlər xüsusi əhəmiyyət daşıyır. Müasir Azərbaycan-İtaliya münasibətləri öz başlanğıcını 1 yanvar 1992-ci ildən götürür. Məhz həmin tarixdə İtaliya ölkəmizin müstəqilliyini rəsmi olaraq tanımışdır. 1997-ci ildə İtaliya Cənubi Qafqazda ilk səfirliyini məhz Azərbaycanda təsis etdi. Azərbaycanın İtaliyada səfirliyinin təsis olunması 2003-cü ilə təsadüf etmişdir.

Ötən müddət ərzində iki ölkə arasında müxtəlif sahələri əhatə edən 28 saziş və müqavilə imzalanmış, ən yüksək səviyyədə səfərlər həyata keçirilmişdir. 24-27 sentyabr 1997-ci ildə Prezident Heydər Əliyev, 24-26 fevral 2005, 25-26 noyabr 2008 və ən son 2 iyun 2011-ci illərdə Prezident İlham Əliyevin İtaliyaya səfərləri ikitərəfli münasibətlərə xüsusi təkan vermişdir. Bundan əlavə, Milli Məclisin sədri, Xarici İşlər, Kənd Təsərrüfatı, Səhiyyə, Fövqəladə Hallar və digər nazirliklərin rəhbərləri səviyyəsində İtaliyaya səfərlər həyata keçirilmişdir. İtaliya tərəfindən də yüksək səviyyəli səfərlərin gerçəkləşməsi istiqamətində tərəfimizdən iş aparılır.

Sadalanmış işlər deməyə əsas verir ki, iki ölkə arasında hazırda əlaqələr olduqca yüksəkdir. Bununla belə, əlaqələrin daha yüksək olan strateji əməkdaşlıq səviyyəsinə çatdırılması qarşımızda duran əsas məsələlərdəndir. Müşahidələr deməyə əsas verir ki, hər iki tərəfdə bununla bağlı maraq var.

Azərbaycan və Malta arasında diplomatik münasibətlər 9 yanvar 1995-ci ildə yaranmışdır. 2005-ci ildən etibarən AR-in İtaliyadakı diplomatik nümayəndəliyinin rəhbəri Maltada akkreditə olunur. Malta ilə də münasibətlərimiz kifayət qədər yüksək səviyyədədir.

Etimadnamələrimi təqdim etmək üçün Maltaya səfər etdiyim vaxt bir sıra görüşlər keçirdim və əlaqələrimizin inkişafı ilə bağlı müəyyən danışıqlar apardım. Hazırda iki ölkə arasında xarici siyasət, iqtisadiyyat, təhsil, mədəniyyət və turizm sahələrində əməkdaşlığımızın inkişafı üçün vacib olan hüquqi sənədlər razılaşdırılır. Bundan əlavə, Malta Diplomatik Akademiyası hər il bir Azərbaycan diplomatının magistr üzrə təhsil alması üçün şərait yaradır.

Digər Avropa dövləti olan San Marino ilə də münasibətlərimiz yaxşı səviyyədədir. Hazırda iki ölkə arasında turizm, investisiyaların təşviqi və ikiqat vergitutmanın aradan qaldırılması ilə bağlı müvafiq hüquqi sənədlər razılaşdırılma mərhələsindədir və ümid edirəm ki, yaxın vaxtlarda imzalanacaqdır.

- Ermənistan-Azərbaycan münaqişəsi barədə həqiqətlər Avropa ictimaiyyətinə necə çatdırılır və Azərbaycan diasporu bu məsələdə nə qədər fəaldır?

- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkəmizin diplomatik xidmət orqanlarının qarşısında duran ən ümdə məsələdir. Bu, AR Milli Təhlükəsizlik Konsepsiyası, Xarici Siyasət Konsepsiyası və digər sənədlərlə təsbit olunmuşdur. Elə bu səbəbdən də məsələ daim səfirliyimizin gündəliyində birinci yeri tutur. Bundan əlavə, düşünürəm ki, bu münaqişə haqqında doğru məlumatın dünyanın hər bir yerində yayılması hər bir vicdanlı Azərbaycanlının mənəvi borcu olmalıdır.

Avropa ölkələrində bəzi hallarda münaqişə ilə bağlı məlumatsızlıq müşahidə edilir ki, bunun aradan qaldırılması üçün çoxlu səy tələb olunur. Səfirlik bu boşluğu müxtəlif üsullarla doldurmaq üçün cəhdlərini səfərbər etmişdir. Fəaliyyət müxtəlif istiqamətlərdə aparılır, müasir informasiya texnologiyalarının imkanlarından təbliğat məqsədilə istifadə olunur. Çalışırıq ki, məlumat İtaliya cəmiyyətinin bütün təbəqələrini əhatə etsin.

Məsələnin siyasi aspektinə gəldikdə isə qeyd oluna bilər ki, İtaliya Avropa İttifaqının üzvü kimi münaqişənin ATƏT-in Minsk qrupu çərçivəsində sülh yolu ilə həllinin tərəfdarıdır. İtaliya hələ 1992-ci ildən ATƏT-in Minsk prosesinə qoşulmuş və hətta 1992-93-cü illərdə Minsk Qrupunun ilk sədri olmuşdur. Elə bu gün də Minsk qrupunun üzvüdür.
Azərbaycanın İtaliyadakı icması say baxımından bir qədər azdır. Sayı bir neçə yüzü keçməyən diaspor daha çox İtaliyanın şimalında məskunlaşmışdır. Bununla belə, onlar da Azərbaycan həqiqətlərinin İtaliya ictimaiyyətinə çatdırılması işinə töhfə verirlər.

- Cənab səfir, Sizin fikrinizcə, hansı biznes təşəbbüsləri ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsi və inkişaf etməsi baxımından daha səmərəli görünür?

- İki ölkə arasında siyasi münasibətlərin möhkəm təməl üzərində qurulması iqtisadi əməkdaşlığın inkişafı üçün əlverişli zəmin yaratmışdır. Son illər İtaliya Azərbaycanın xarici ticarət dövriyyəsinin ölkələr üzrə strukturunda birinci yerə sahib olan aparıcı ticarət tərəfdaşına çevrilmişdir. 2009-cu ildən etibarən iki ölkə arasında xarici ticarət dövriyyəsinin dinamikasına nəzər saldıqda, ticarətin sabit yüksək artımının şahidi olmaq mümkündür. Belə ki, 2010-cu ilin yekunu üzrə Azərbaycan ilə İtaliya arasında ticarət dövriyyəsinin həcmi 7,215 milyard dollara bərabər olmuşdur. İtaliyanın ölkəmizin xarici ticarət dövriyyəsindəki payı ümumilikdə 25,8 faiz, o cümlədən idxalatda 1,79 faiz, ixracatda 33,28 faiz olmuşdur.

Hazırda xarici ticarətin məhsullar üzrə strukturunda qeyri-neft sektorunun payının getdikcə artması müşahidə edilir. İtaliya şirkətləri Azərbaycan iqtisadiyyatının bir sıra sahələrində, o cümlədən yol infrastruktur layihələrində podratçı qismində, ağır sənaye, yüngül və yeyinti sənayesi, mebel və digər sahələrdə fəal çalışır. Bununla belə, iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafı üçün zəngin potensialın olduğunu etiraf etmək lazımdır və bu imkanların reallaşdırılması istiqamətində iş aparılır.

Cari ilin iyul ayında Azərbaycan ilə İtaliya arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclasının keçirilməsi nəzərdə tutulur. Yaxın müddətdə iqtisadiyyat nazirlərinin səfərlərinin, habelə ekspert və mütəxəssis mübadilələrinin, işgüzar dairələrin iştirakı ilə biznes forum və təqdimatların keçirilməsi, müvafiq məlumatın hökumət və özəl qurumlarda yayılması planlaşdırılır. Bütün bu tədbirlər iki ölkə arasında iqtisadi əməkdaşlığa təkan verilməsi məqsədilə həyata keçirilir.

- Azərbaycanla İtaliya arasında enerji sahəsində əməkdaşlığı və İtaliyanın da iştirakçısı olduğu "Cənub dəhlizi" vasitəsilə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində ölkəmizin iştirakını necə qiymətləndirirsiniz?

- Azərbaycanın İtaliya ilə enerji sahəsində əməkdaşlığı yüksək səviyyədədir. Bir faktı qeyd etmək kifayətdir ki, ölkəmizin İtaliya ilə xarici ticarətinin məhsullar üzrə strukturunda neft və neft məhsulları mütləq üstünlüyə malikdir. Azərbaycan İtaliyanın başlıca neft təchizatçıları sırasında üçüncü yeri tutur. İtaliyanın "Eni" şirkəti BTC konsorsiumunda 5 faiz paya sahibdir. "Eni" şirkəti son zamanlar Azərbaycanın "Dan Ulduzu" və "Əşrəfi" perspektivli yataqlarının istismarına maraq göstərmişdir.

Bununla yanaşı, məlum olduğu kimi, ölkəmizin enerji strategiyasında beynəlxalq enerji infrastruktur layihələrinin diversifikasiyası xüsusi əhəmiyyət kəsb edir. Bu xüsusda, "Cənub dəhlizi" ilə bağlı Avropa Komissiyasının prezidenti cənab Joze Manuel Borozzonun ölkəmizə səfəri zamanı Azərbaycanla Avropa İttifaqı arasında birgə Bəyannamə imzalanmışdır. Sənədin ən diqqətçəkən cəhəti ondadır ki, Azərbaycan qazının Avropa İttifaqına daxil olan ölkələrə birbaşa çatdırılması mümkün olacaqdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də vurğuladığı kimi, "bu dəhlizin yaradılması Avropa İttifaqı ilə bizim müştərək strateji maraqlarımızdan irəli gəlir."

İtaliya tərəfi "Cənub dəhlizi" kontekstində ITGI (Türkiyə-Yunanıstan-İtaliya) layihəsinin həyata keçirilməsində maraqlıdır və layihənin təşviqi istiqamətində səylər göstərir. "Cənub dəhlizi" çərçivəsində nəzərdən keçirilən mümkün layihələrdən biri də Trans Adriatik qaz kəməridir (TAP) ki, bu kəmər də Azərbaycan qazının İtaliya vasitəsilə Avropa və dünya bazarlarına nəql edilməsinin mümkün variantlarından biridir. Azərbaycan hökuməti "Cənub dəhlizi"nin marşrutu məsələsi ətrafında təhlillərini davam etdirir və yekun qərar qəbul edilməmişdir.

Xəbər lenti

Xəbər lenti