...

İlham Əliyev Bakı-Ələt avtomobil yolunun 2-4-cü kilometrliyində həyata keçirilən inşaat işlərinin gedişi ilə tanış olub(FOTO)

Siyasət Materials 28 Avqust 2011 16:02 (UTC +04:00)
Prezident İlham Əliyev Bakı-Ələt avtomobil yolunun 2-4-cü kilometrliyində həyata keçirilən inşaat işlərinin gedişi ilə tanış olub
İlham Əliyev Bakı-Ələt avtomobil yolunun 2-4-cü kilometrliyində həyata keçirilən inşaat işlərinin gedişi ilə tanış olub(FOTO)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə yol-nəqliyyat infrastrukturunun müasir tələblərə uyğun olaraq yenidən qurulması ilə bağlı sərəncam və göstərişlərinə əsasən paytaxtda və bölgələrdə yol infrastrukturunun təkmilləşdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir, yeni yol qovşaqları və piyada keçidləri inşa edilir.

Trend-in məlumatına görə, dövlətimizin başçısı avqustun 28-də Bakı-Ələt avtomobil yolunun Dövlət Bayrağı Meydanı ətrafında olan 2-4-cü kilometrliyində həyata keçirilən inşaat işlərinin gedişi ilə tanış olub.

Tikintinin layihəsi barədə Prezident İlham Əliyevə məlumat verildi. Bildirildi ki, layihə üzrə yolun bu hissəsinin ümumi uzunluğu 2,8 kilometr, eni isə 41,50 metr olacaqdır. Səkkiz hərəkət zolağından ibarət olacaq yeni yol cənub və cənub-qərb istiqamətində nəqliyyatın paytaxta rahat giriş və çıxışını tam təmin edəcəkdir. Bakı-Ələt avtomobil yolunun Dövlət Bayrağı Meydanı ətrafından keçən bu hissəsində piyadaların təhlükəsizliyini təmin etmək məqsədilə 4 yeni piyada keçidi inşa olunur. İnşaat və dizayn işləri ən müasir standartlara uyğun olaraq yüksək zövqlə həyata keçirilir.

Bakı-Ələt avtomobil yolunun 2-4-cü kilometrlik hissəsində aparılan inşaat işləri ilə paralel olaraq Dənizkənarı Milli Parkın genişləndirilərək Dövlət Bayrağı Meydanı ilə birləşdirilməsi layihəsi də uğurla icra edilir.

Xatırladaq ki, 2011-ci il martın 9-da Bakı şəhərinin və paytaxtətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair keçirilən müşavirədə Prezident İlham Əliyev Dənizkənarı Milli Parkın Dövlət Bayrağı Meydanına qədər genişləndirilməsi, burada abadlıq və quruculuq işlərinin aparılması ilə bağlı tapşırıqlar vermişdi.

Layihənin icrasını daim diqqət mərkəzində saxlayan Azərbaycan Prezidenti görülən işlərlə yerindəcə tanış oldu. Burada həyata keçirilən inşaat işləri barədə dövlət başçısına məlumat verildi. Bildirildi ki, layihəyə uyğun olaraq Dənizkənarı Milli Parkın Dövlət Bayrağı Meydanına qədər uzadılacağı nəzərdə tutulur. Burada əhalinin istirahəti üçün lazım olan bütün şəraitin yaradılacağı qeyd edildi. Bir əsrdən çox yaşı olan məşhur Bakı bulvarı 2011-cu ildən yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.

Daha sonra Prezident İlham Əliyev Dövlət Bayrağı Meydanının ətrafında həyata keçirilən genişmiqyaslı abadlıq və quruculuq işlərinin gedişi ilə bir daha tanış oldu. Dövlətimizin başçısı burada aparılan inşaat işləri ilə bağlı müvafiq tapşırıq və tövsiyələrini verdi.

Xəbər lenti

Xəbər lenti