Azərbaycan, Bakı, 9 sentyabr /Trend, müxbir S.Ağayeva/
Azərbaycan Diplomatik Akademiyasında CAR, Nigeriya, Uqanda, Zimbabve, Namibia, Qambiya və Madaqaskardan olan 14 diplomat üçün Xəzər dənizi hövzəsi ölkələrinin öyrənilməsi üzrə növbəti yüksək və orta səviyyəli kurs başa çatıb.
"Kursun dinləyiciləri Azərbaycanın siyasi və iqtisadi prioritetləri və ümumilikdə regionun inkişafına dair ətraflı məlumat alıblar", - Trend-in məlumatına görə, ADA-nın rektoru, Azərbaycanın xarici işlər nazirinin müavini Hafiz Paşayev Afrika ölkələri diplomatlarına şəhadətnamələrin təqdimatı mərasimində deyib.
1-9 sentyabrda keçirilən kurslarda Azərbaycan XİN, ARDNŞ və digər dövlət strukturlarının əməkdaşları tərəfindən Xəzər dənizi hövzəsi ölkələrinin tarixi və mədəniyyəti, dənizin statusu və geosiyasi yeri, həmçinin regionun energetika siyasəti, iqtisadi və investisiya imkanları haqqında mühazirələr oxuyub.
"Xəzər dənizi hövzəsi ölkələrinin öyrənilməsi" proqramı çərçivəsində ilin əvvəlindən bəri Cənubi Amerika, Asiya və Afrikadan olan 43 diplomat ADA-da təlim keçib.