...

Monteneqro Prezidenti Heydər Əliyev Fondunda olub (FOTO)

Siyasət Materials 16 Sentyabr 2011 20:27 (UTC +04:00)
Azərbaycan Respublikasında rəsmi səfərdə olan Monteneqro Prezidenti Filip Vuyanoviç cümə günü Heydər Əliyev Fondunda olub.
Monteneqro Prezidenti Heydər Əliyev Fondunda olub (FOTO)

Azərbaycan, Bakı, 16 sentyabr /Trend/

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Monteneqro Prezidenti Filip Vuyanoviç cümə günü Heydər Əliyev Fondunda olub.

Monteneqronun dövlət başçısını Azərbaycan Prezidenti İlham Əliyev qarşılayıb.

Prezident İlham Əliyev ali qonağa Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə yaradılmış Fondun məqsədi və fəaliyyəti barədə məlumat verib.

Bildirilib ki, Fond ümummilli liderin zəngin irsini öyrənir və təbliğ edir, müxtəlif sosial-iqtisadi, humanitar layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin inkişafına və tarixinin öyrənilməsinə kömək göstərir.

Monteneqro Prezidenti ulu öndərin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərinə aid fotoşəkillərlə, habelə müxtəlif eksponatlarla tanış olub.

Fondla tanışlıq zamanı Prezident Filip Vuyanoviçə məlumat verilib ki, ulu öndərin hakimiyyətdə olduğu dövr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. Bu gün beynəlxalq birlik tərəfindən ölkəmizin misilsiz uğurları kimi qəbul edilən sosial-iqtisadi inkişaf, əldə olunan nailiyyətlər məhz ümummilli liderin fəaliyyətinin bəhrələridir.

Ali qonaq fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin bəxş etdikləri hədiyyələrlə, ulu öndərə həsr olunmuş kitablarla, nüfuzlu elm, mədəniyyət və incəsənət xadimlərinin müstəqil Azərbaycan dövlətinin qurucusu haqqında fikirləri ilə tanış olub, xarici ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş şəkillərə maraqla baxıb.

Prezident Filip Vuyanoviç Fondla tanışlıqdan sonra Xatirə kitabına ürək sözlərini yazıb.

Monteneqro Prezidentinə Heydər Əliyev Fondunun hədiyyəsi təqdim olunub.

Ali qonaq Heydər Əliyev Fondundan zəngin təəssüratla ayrılıb.

Xəbər lenti

Xəbər lenti