Azərbaycan öz enerji təhlükəsizliyini təmin edib və hazırda tərəfdaş ölkələrin enerji təhlükəsizliyinə töhfə verir, bunu Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Avropa Parlamentinin Parisdəki ofisində "Azərbaycan: Avropanın enerji təhlükəsizliyi üçün strateji tərəfdaş" mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.
"Hazırda Azərbaycan gün ərzində təxminən 1 milyon barrel neft və ildə 30 milyard kubmetrə yaxın qaz hasil edir. Təsdiqlənmiş qaz ehtiyatlarımız 2,2 trilyon kubmetrdən artıqdır. Bu, gələn onilliklər ərzində ölkəmizə beynəlxalq bazarlarda qazın mühüm təchizatçısı olmaq imkanını yaradacaqdır. Azərbaycan, həmçinin enerji nəqli infrastrukturuna sərmayə qoyub. Prioritetlərimizdən biri təchizat marşrutlarının şaxələndirilməsidir. Bu gün 7 neft və qaz kəməri resurslarımızı müxtəlif təchizat marşrutları ilə dünya bazarlarına çıxarır" Mehriban Əliyeva bildirib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Birinci xanım qeyd edib ki, Azərbaycanın əldə etdiyi ən böyük nailiyyətlərdən biri Bakı-Tbilisi-Ceyhan boru kəmərinin tikilməsi idi.
"O, tarixdə ilk dəfə olaraq Xəzər və Aralıq dənizlərini birləşdirdi. Biz, həmçinin Xəzərin şərq sahilindən Avropa və beynəlxalq bazarlara neft təchizatçıları üçün çıxışın təmin edilməsində tranzit ölkə kimi öz rolumuzu oynayırıq. Biz təchizatda olduğu kimi, tranzitdə də etibarlı ölkəyik.
Digər tarixi nailiyyət qazımızın ixracı üçün dəhliz açmış Cənubi Qafqaz qaz boru kəmərinin tikintisi oldu.
Azərbaycan Avropa üçün etibarlı tərəfdaşdır. Enerji təhlükəsizliyi məsələsinə yanaşmamız ondan ibarətdir ki, enerji resursları ölkələri və xalqları ayırmalı deyil, birləşdirməlidir. Enerji resursları rəqabət və ya toqquşmaya deyil, regional və beynəlxalq əməkdaşlığa xidmət etməlidir. Təchizatçıların, tranzit ölkələrin və istehlakçıların maraqları üst-üstə düşməli və daha çox proqnozlaşdırma və qarşılıqlı faydaya aparmalıdır. Bu, ölkəmizin enerji fəlsəfəsidir.
Avropanın mərkəzi gözəl Paris şəhərində keçirilən bu konfransda mən Fransanın "Total" və "Qaz de Frans" enerji şirkətlərini Xəzər dənizinin Azərbaycan sektorunda yeni "Abşeron" qaz yatağının uğurlu kəşfi münasibətilə təbrik etmək istərdim. Bu hadisə bir neçə gün öncə açıqlandı və yeni yataq Azərbaycanın enerji potensialını, eləcə də Avropanın enerji təhlükəsizliyini gücləndirəcək" Mehriban Əliyeva çıxışında bildirib.
Onun sözlərinə görə, 2011-ci il yanvarın 13-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Komissiyasının sədri Xose Manuel Barrozu tərəfindən "Cənub" qaz dəhlizi ilə bağlı Birgə Bəyannamə imzalandı.
"Ümidvarıq ki, yaxın zamanlarda Azərbaycan qazı Avropa qaz bazarına çıxarılacaq və Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər daha da möhkəmlənəcək" Mehriban Əliyeva qeyd edib.
Birinci xanım bildirib ki, iyirminci əsrin axırlarında müstəqilliyimizi bərpa etdikdən sonra Azərbaycan elə bir investisiya mühiti yaratdı ki, dünyanın bir çox aparıcı enerji şirkətləri neft və qaz sektorumuza sərmayə qoymağa başladılar.
"1994-cü ildə dünyanın aparıcı neft şirkətlərindən ibarət konsorsiumla "Əsrin müqaviləsi"ni imzalamaqla Azərbaycan tarixdə ilk dəfə olaraq Xəzər dənizinin resurslarını beynəlxalq aləmə açdı.
Həmin vaxtdan etibarən, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti 20 müxtəlif ölkəni təmsil edən 53 beynəlxalq enerji şirkəti ilə 32 Pay Bölgüsü Sazişini imzalamışdır. Xarici şirkətlərin Azərbaycanın neft və qaz sektoruna yatırdığı sərmayələrin ümumi həcmi 44 milyard ABŞ dollarına çatır" Mehriban Əliyeva deyib.
Foto - AzərTAc