Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir B.Hacıyev/
Azərbaycan hökuməti Afrika Buynuzundakı böhranın orta və uzunmüddətli davamlı həllinə nail olmaq istiqamətində beynəlxalq ictimaiyyətin humanitar yardım sahəsində səylərinin artırılmasını dəstəkləmək üçün əlavə vəsaitin ayrılması məsələsini nəzərdən keçirir. Trend-in məlumatına görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 66-cı sessiyası çərçivəsində Afrika Buynuzundakı humanitar yardımla bağlı nazirlərarası görüşdə çıxışı zamanı deyib.
"Bundan başqa, Azərbaycanın 100 milyon ABŞ dolları həcmində yardım etdiyi Afrika, Latın Amerikası və Karib hövzəsi üçün Beynəlxalq Maliyyə Korporasiyası Fondu Keniya üçün bir sıra yatırımları təsdiqləyib və biz onların tez bir zamanda həyata keçirilməsini gözləyirik", - Məmmədyarov deyib. Məlumatı çərşənbə axşamı XİN-in mətbuat xidməti yayıb.
"Biz Baş Assambleya çərçivəsində keçirilən bu tədbiri Afrika Buynuzundakı quraqlığın baş verdiyi ərazilərdə yardım tədbirlərinin maliyyələşdirilməsinin dəstəklənməsi üçün zəruri maliyyə mənbələrin cəlb edilməsi istiqamətində əsas səy kimi qiymətləndiririk. Mən zərər çəkmiş ölkələrin xalqlarının zəruri ehtiyacları üçün maliyyə resurslarının səfərbər edilməsi istiqamətində BMT və onun müvafiq təşkilatları, həmçinin Afrika İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı, üzv ölkələr və tərəfdaşların bu günədək gördükləri işləri yüksək qiymətləndirirəm", - nazir çıxışında deyib.
Məmmədyarovun sözlərinə görə, son illərdə Azərbaycan yoxsulluğun aradan qaldırılması, davamlı inkişafın təşviq edilməsi və qlobal rifahın dəstəklənməsinə yönəlmiş beynəlxalq və milli səyləri dəstəkləmək məqsədilə humanitar yardımları artırıb, inkişaf etməkdə olan və ən az inkişaf edib, həmçinin təbii fəlakətlərdən sonra dirçələn ölkələrin ehtiyac və zəifliklərinin aradan qaldırılmasına xüsusi diqqət yetiririk.
"Bu səbəbdən Azərbaycan beynəlxalq ictimaiyyətin məsuliyyətli üzvü kimi Afrika Buynuzundakı iztirablara son qoyulmasında beynəlxalq səylərə qoşulmaqda mənəvi öhdəçilik hiss edir", - nazir deyib.
XİN rəhbəri qeyd edib ki, 2011-ci il avqustun 11-də Azərbaycan hökuməti və BMT İnkişaf Proqramı arasında Somalidə Ortaq Humanitar Fond üçün Standart İnzibati Tədbirlər sənədi imzalanıb.
"Bu sənədi imzalamaqla biz Somali Respublikası hökumətinin, BMT və başqa beynəlxalq təşkilatların, regionda ən çox zərər çəkmiş ölkə kimi Somalidə aclığın aradan qaldırılması və Somali xalqının iztirabının azaldılması yolunda gedən cəhdlərə edilən təcili yardım müraciətlərini öz dəstəyimizlə cavablandırmış olduq. Somalidə Ortaq Humanitar Fond üçün Standart İnzibati Tədbirlər sənədinə əsasən, Azərbaycan hökuməti BMT-nin Çoxtərəfdaşlı Etimad Fondu vasitəsilə 100 min ABŞ dolları həcmində yardım edib. Azərbaycan hökumətinin bu yardımına əlavə olaraq, Azərbaycan vətəndaşları və özəl sektor tərəfindən göstərilən birbaşa yardımın həcmi 250 min ABŞ dollarını ötüb", - Elmar Məmmədyarov deyib.