...

Azərbaycanın əsas məqsədi ərazi bütövlüyünün bərpa olunmasına yönəlib - deputat

Siyasət Materials 4 Oktyabr 2011 20:47 (UTC +04:00)
Bu gün Azərbaycanın əsas məqsəd və məramı dövlət müstəqilliyi və suverenliyin qorunub saxlanmasına və ərazi bütövlüyünün bərpa olunmasına yönəlib.
Azərbaycanın əsas məqsədi ərazi bütövlüyünün bərpa olunmasına yönəlib - deputat

Fransa, Strasburq, 4 oktyabr /Trend, müxbir A.Məhərrəmli/

Bu gün Azərbaycanın əsas məqsəd və məramı dövlət müstəqilliyi və suverenliyin qorunub saxlanmasına və ərazi bütövlüyünün bərpa olunmasına yönəlib. Trend-in məlumatına görə, bu fikirləri AŞ PA-nın payız plenar sessiyasının ikinci iş günündə Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva almaniyalı deputat xanım Marina Şuster (Marina Schuster) tərəfindən hazırlanan "Müasir beynəlxalq hüquqda milli suverenlik və Dövlətin statusu: aydınlaşdırmanın zəruriliyi" adlı hesabat ətrafında aparılan müzakirələr zamanı çıxışında deyib.

Millət vəkili çıxışında Dağlıq Qarabağ münaqişəsindən bəhs edib.

"Məlumdur ki, hər bir dövlətin sabit, mütərəqqi inkişafı üçün bir sıra vacib şərtlər mövcud olmalıdır. Sülh və əmin-amanlıq, suveren hüquqların və konstitusion normaların ölkə daxilində təbliği və yerinə yetirilməsi əsas şərtlərdəndir. Cox təəssüf ki, Ermənistanla münaqişə nəticəsində artıq 20 ildir ki, torpaqlarımızın 20 faizi bu ölkənin Silahlı Qüvvələrinin işğalı altındadır, 1 milyondan qaçqın və məcburi köçkün yer və yurdlarından didərgin düşərək, daimi yaşayış yerlərinə qayıtmaq imkanından məhrumdur. 1994-cü ildə Ermənistan və Azərbaycan arasında atəşkəs rejimi elan edilib, lakin buna bu baxmayaraq, bu gün də təmas xəttində nəinki hərbçilər və əsgərlərin, eləcə də müllki şəxslərin, günahsız körpələrin qanı tökülür, işğal altında olan Azərbaycan kəndlərində yaşayan sülhsevər əhali, hətta jurnalistlər də erməni snayperlərin atəşinə məruz qalır. Hərçənd, ədalət naminə qeyd etməliyik ki, beynəlxalq ictimaiyyət belə hərəkətləri ittiham etsə də, bütovlükdə vəziyyət dəyişilməz qalır. Azərbaycan öz konstitusion haqlarını hər vasitə ilə bərpa etmək hüququnda və qüvvəsində olmasına baxmayaraq, əvvəlki kimi, Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınmasının tərəfdaşı kimi çıxış edir. 20 ildir ki bu şəraitə baxmayaraq, ölkəmizdə siyasi və vətəndaş institutları, mədəniyyətmiz və iqtisadiyyatmız inkişaf edir", - Fətəliyeva deyib.

İnsanlığın demokratiyanın ümumbəşəri dəyərlərindən faydalanmalı olduğunu bildirən deputat bunun bir qrupun demokratik haqları təmin olunduğu zaman, digər bir qrupun haqlarının qətiyyən tapdalanmaması hesabına olduğunu vurğulayıb.

"İkinci Dünya müharibəsindən sonra insan haqları, demokratiya, fikir azadlığı kimi prinsiplər beynəlxalq münasibətlər sistemində ön plana çıxıb, XXI əsrdə isə tamamilə yenə bir mərhələyə qədəm qoyub. Əlbəttə, bütün insanlıq demokratiyanın ümumbəşəri dəyərlərindən faydalanmalıdır. Ancaq unutmaq olmaz ki, bir qrupun demokratik haqları təmin olunduğu zaman, digər bir qrupun haqları qətiyyən tapdalanmamalıdır. Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaşayan təxminən 70-80 min erməninin bu haqlardan yararlanmaq istəməsi, təxminən 1 milyona yaxın digər Azərbaycan vətəndaşlarının təməli haqq və hüquqlarının pozulması hesabına olması həm etik, həm də beynəlxalq hüquq baxımından qəbuledilməzdir. Dağlıq Qarabağda yaşayan erməni vətəndaşları Azərbaycan dövlətinin yurisdiksiyası daxilində Azərbaycan Konstitusiyası və qanunları, tərəf olduğu beynəlxalq müqavilələr çərçivəsində digər vətəndaşlarımız kimi bütün haqq və hüquqlardan faydalana bilərlər. Ermənistanın Dağlıq Qarabağ probleminin həll edilməsi istiqamətində pozitiv addımlar atacağı təqdirdə, buna heç bir maneə yoxdur. 20 il böyük bir zaman cərçivəsidir. 20 il ərzində Azərbaycan öz müstəqilliyini qoruyub saxlaya bildi və böyük uğurlara imza ataraq inkişaf etdi. Bu gün Azərbaycanın əsas məqsəd və məramı dövlət müstəqilliyi və suverenliyinin qorunub saxlanmasına və ərazi bütövlüyünün bərpa olunmasına yönəlib", - o deyib.

Son illər Azərbaycanın əldə etdiyi nailiyyətlərdən bəhs edən millət vəkili münaqişənin həll olunmamasının inkişafa maneə olduğunu bilidirib.

"Heç bir çətinliyə baxmayaraq, bu dövr üçün bizim ölkəmiz öz inkişafında böyük sıçrayış etdi. Azərbaycan nəyinki dünya və regionda özünün nüfuzunu saxladı, eləcə də ölkədaxili iqtisadiyyatını inkişaf etdirərək, dünyaya nüfuzlu və sivil bir dövlət kimi özünü tanıtdı. Cox ürək ağrısı ilə qeyd etməliyik ki, bu inkişafla yanaşı, bizi narahat edən problemlərdən biri işğal altında olan ərazilərimizdə meşələrimizin, nadir cinsli ağaclarımız yandırılması, tarixi abidələrimiz məhv edilməsidir. Biz sülh dialoqunun tərəfdarlarıyıq. Müharibə ölüm, xarabalıq, ağrı və acını özündə təcəssüm edir. Düşünmək və qərar çıxarmaq üçün 20 il kifayət qədər uzun bir dövrdür. Lakin mövcud vəziyyətdə bu munaqişənin həllində vastəçilik edənlər özləri-özlərinə bir sual ünvanlamalıdırlar: nəyə görə ermənilərə uzun illər boyunca BMT Təhlükəsizlik Şurasının, Avropa Şurasının qətnamələrinə məhəl qoymamağa imkan vermişik, üzv ölkə kimi bu öhdəlikləri üzərimizə götürməkdən çəkinmişik?" - Fətəliyeva sual edib.

Xəbər lenti

Xəbər lenti