...

Əli Həsənov: Azərbaycan xalqının qadınlarla bağlı xüsusi siyasəti var

Siyasət Materials 13 Oktyabr 2011 12:17 (UTC +04:00)
Hər bir millətin qadın siyasətinin əsasında müəyyən mənbələr dayanır. Azərbaycan xalqının qadınlarla bağlı məxsusi siyasəti var. Bu 10-20 ilə formalaşmayıb.
Əli Həsənov: Azərbaycan xalqının qadınlarla bağlı xüsusi siyasəti var

Azərbaycan, Bakı, 13 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Hər bir millətin qadın siyasətinin əsasında müəyyən mənbələr dayanır. Azərbaycan xalqının qadınlarla bağlı xüsusi siyasəti var. Bu 10-20 ilə formalaşmayıb. Bu siyasət tarixən çox qədim kökə malikdir. Trend-in məlumatına görə, bunu cümə axşamı "Müstəqil Azərbaycan 20 il: Dövlət, ailə, qadın və uşaq siyasəti" mövzusunda keçirilən konfransda çıxışı zamanı Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

"Ailənin əsasında qadın, sonra isə uşaq durur. Mən bura cəmiyyəti də əlavə edərdim. Cəmiyyətin də əsas dayaqlarından biri qadındır. Qadın cəmiyyətdə bütün problemlərin altına öz çiynini verir. İnsan hüquqlarının qorunmasında, dövlət quruculuğunda, elmin inkişafında, vətəndaş cəmiyyəti quruculuğunda, siyasət, mədəniyyət, səhiyyə və digər sahələrdə kişilərin xidmətinin qadınlardan çox olduğunu düşünmürəm", - Həsənov bildirib.

PA rəsmisinin sözlərinə görə, İslama qədər də Azərbaycan xalqının qadınlara xüsusi münasibəti mövcud olub.

"Hələ Manna, Atropatena dövlətlərinin tarixində qadınların dövlətdə oynadığı rolla bağlı bizə az da olsa müəyyən məlumatlar gəlib çıxıb. Kişilərlə bərabər qadınlar bu dövlətlərdə dövlət quruculuğunda iştirak edib. İslam sivilizasiyası dövründə Azərbaycan qadın siyasətinin əsasına islam mənbələri qoyulur", - Həsənov əlavə edib.

PA rəsmisinin fikrincə, İslam mənbələrində qadın daha çox ailənin başında duran müqəddəs varlıq kimi göstərilir.

"Cənnəti qadınların ayaqları altında göstərməklə qadın müqəddəsləşdirilir. İslamda qadınların mərdliyindən danışan mənbələr yoxdur. Qadın qəhrəman kimi təqdim olunmur", - Həsənov əlavə edib.

Pa rəsmisi qeyd edib ki, türklüyün əsasında dayanan "Dədə Qorqud" dastanında qadın Burla xatunlar simasında mərd, qeyrətli, nəslin, ailənin namusunu qoruyan bir qəhrəman kimi təqdim olunur.

Onun sözlərinə görə, ADR dövründə Şərqdə ilk dəfə Azərbaycan qadınına seçib-seçilmək hüququ verildi.

"Müasir qadın siyasətinin əsasını ümumilli lider Heydər Əliyev qoyub. AXC hakimiyyəti dövründə qadınlara qarşı nadanlıq siyasəti aparılırdı. 1993-cü ildən başlayan yeni ailə-qadın siyasəti bu gün uğurla davam edir. Azərbaycanın elmində, mədəniyyətində, siyasətində, dövlət qulluğunda, hesab etmirəm ki, qadınların təmsilçiliyi azdır. Qadınlar da bu sahədə fəalllıqlarını artırmalıdırlar. Azərbaycan qadını müasirləşməli, dünyanın mövcüd dəyərlərindən, inkişafdan kənarda qalmamalıdır. Bu gün Mehriban xanım Əliyevanın fəaliyyətini izləmək yetər ki, Azərbaycanın dünyaya təqdim olunmasında Azərbaycan qadınlarının rolunu görək", - Həsənov deyib.

Xəbər lenti

Xəbər lenti