Azərbaycan, Bakı, 11 noyabr /Trend/
Azərbaycan Respublikasında rəsmi səfərdə olan Macarıstan Respublikasının Prezidenti Pal Şmitt noyabrın 11-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Trend-in məlumatına görə, ali qonaq görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini anıb, məzarı üstünə tər güllər düzüb.
Pal Şmitt sonra Şəhidlər xiyabanını ziyarət edib.
Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Macarıstan dövlətinin başçısı və nümayəndə heyətinin üzvləri Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət etdilər.
Prezident Pal Şmitt "Əbədi məşəl" abidəsinin önünə əklil qoydu.
Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Macarıstanın və Azərbaycanın dövlət himnləri səsləndi.
Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən ali qonağa Şəhidlər xiyabanının tarixi və paytaxtımızda görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verildi.