...

Cenevrədə transmilli cinayətkarlıqla mübarizə müzakirə edilib (FOTO)

Siyasət Materials 19 Noyabr 2011 12:27 (UTC +04:00)
Cenevrədə Transmilli Cinayətkarlıqla Mübarizə üzrə 13-cü Beynəlxalq Sammit işini davam etdirir
Cenevrədə transmilli cinayətkarlıqla mübarizə müzakirə edilib (FOTO)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 19 noyabr /Trend/

İsveçrənin Cenevrə şəhərində Krans Montana Forumunun təşkilatçılığı ilə keçirilən Transmilli Cinayətkarlıqla Mübarizə üzrə 13-cü Beynəlxalq Sammit və Qlobal Təhlükəsizlik üzrə Forum noyabrın 18-də öz işini davam etdirib.

Trend-in məlumatına görə, toplantının ikinci günü açıq dənizlərdə təhlükəsizlik və dəniz piratçılığına qarşı mübarizə, Avropa Birliyi, Şərq və Cənub-Şərq təhlükəsizliyi - Şərq tərəfdaşlığının inkişaf etdirilməsi, dövlət və özəl sektorlar arasında tərəfdaşlığın gücləndirilməsi, korrupsiya və qlobal idarəetmə məsələlərinin müzakirəsinə həsr olunub.

Azərbaycanın nümayəndə heyətinin iki üzvü məruzə ilə çıxış edib. Daxili İşlər Nazirliyinin İnterpolun Milli Mərkəzi Bürosunun nümayəndəsi Hamlet Babayev ölkəmizin Avropa institutlarına inteqrasiyası sahəsində həyata keçirilən tədbirlər, habelə cinayətkarlıqla, onun transmilli mütəşəkkil formaları ilə mübarizənin gücləndirilməsi, qanunvericiliyin beynəlxalq müqavilələrə uyğunlaşdırılması, zəruri struktur dəyişikliklərinin aparılması, beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində atılan addımlar barədə iştirakçılara məlumat verib.

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev isə Korrupsiya və qlobal idarəetmə mövzusunda çıxış edərək bu sahədə həyata keçirilən kompleks və sistemli tədbirlər barədə ətraflı məlumat verib, ölkəmizin götürdüyü beynəlxalq öhdəliklər, qanunvericilik və təşkilati tədbirlərin səmərəliliyi, təsis edilmiş ixtisaslaşmış qurumlar - Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiya və Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin fəaliyyətinə xüsusi toxunub. O idarə tərəfindən istintaqı aparılmış cinayət işlərinin statistikası və yaradılmış qaynar xətt əlaqə mərkəzinin fəaliyyəti barədə forum iştirakçılarına məlumat verib, bu sahədə QHT-lər və beynəlxalq qurumlarla sıx əməkdaşlığın qurulduğunu vurğulayıb.

Konfrans çərçivəsində nümayəndə heyətinin rəhbəri Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov Krans Montana forumunun təsisçisi və İcraçı direktoru Jan-Pol Karteron, İsveçrə Təhlükəsizlik xidmətinin anti-terror xidmətinin rəisi Kristian Dak, Fransanın Təhlükəsizlik xidmətinin sabiq rəisi Alen Julle, Kot d'İvuar Respublikasının iqtisadiyyat və maliyyə naziri Karl Koffi Dibi, İnterpolun Hüquq xidmətinin rəisi Joel Sollier, Qvineya-Bissaunun dövlət naziri, Prezidentin təhlükəsizlik və müdafiə məsələləri üzrə məsləhətçisi İankuba Djola N'Djai və digər beynəlxalq qurumların nümayəndələri ilə iki tərəfli görüşlər keçirmiş, hüquq mühafizə orqanları arasında əməkdaşlığın təkmilləşdirilməsi ilə bağlı məsələləri müzakirə edib.

Transmilli Cinayətkarlıqla Mübarizə üzrə 13-cü Beynəlxalq Sammit və Qlobal Təhlükəsizlik üzrə Forum öz işini davam etdirir.

Xəbər lenti

Xəbər lenti