...

Bakıda "Müstəqilliyin 20 illiyi: Azərbaycan xarici siyasətinin təkamülü" adlı konfrans keçirilir (FOTO)

Siyasət Materials 25 Noyabr 2011 12:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 noyabr /Trend, müxbir E.Mehdiyev/

Bakıda bu gün Azərbaycan NATO Beynəlxalq Məktəbinin (NİSA) təşkilatçılığı ilə "Müstəqilliyin 20 illiyi: Azərbaycan xarici siyasətinin təkamülü" adlı konfrans keçirilir.

Trend-in məlumatına görə, konfransda Azərbaycanın müstəqil xarici siyasətinin son 20 ildə əldə etdiyi uğurlar, dünya birliyi ilə əməkdaşlıq, beynəlxalq təşkilatlara inteqrasiya, Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda aparılan işlər, NATO-Azərbaycan əməkdaşlığı və digər maraq doğuran məsələlər barədə müzakirələr aparılır.

Konfransda Azərbaycan xarici işlər nazirinin müavinləri Araz Əzimov, Hafiz Paşayev, NATO baş katibinin müdafiə siyasəti və planlaşdırma üzrə müavini Hüseyn Diriöz, Xəzər Siyasi Araşdırmalar Mərkəzinin direktoru Vəfa Quluzadə, Azərbaycan Diplomatik Akademiyasının professoru Anar Vəliyev, Rumıniyanın Azərbaycandakı səfiri Daniel Kiobano və Azərbaycanda akkreditə olunan xarici ölkə səfirləri iştirak edirlər.

Nazir müavini Əzimov konfransdakı çıxışında Azərbaycanın müstəqillik əldə etdiyi 20 ildə keçdiyi böyük inkişaf yolundan danışıb.

Onun sözlərinə görə, Azərbaycan regionda yeganə söz sahibidir ki, onun iştirakı olmadan heç bir layihə həyata keçirilmir. Azərbaycan eyni zamanda, regionda təhlükəsizlik uğrunda, terror əleyhinə mübarizədə fəal iştirak edir.

Əzimov bildirib ki, Azərbaycan Avropa ölkələri ilə də əlaqələri yüksək şəkildə inkişaf etdirib və bu siyasət indi də uğurla davam etdirilir.

"Azərbaycan təbii sərvətlərə malik ölkədir, istər regionda, istərsə də dünyada enerji layihələrində mühüm rol oynayır. Bu gün Azərbaycan əsas tranzit ölkəyə çevrilib. Azərbaycanın iştirak etdiyi bu mühüm layihələr Şərqlə Qərbin birləşdirilməsi məqsədinə xidmət edir", - o deyib.

Nazir müavini Paşayev isə tədbirdəki çıxışında qeyd edib ki, erməni diasporu ABŞ-da məqsədlərinə hazırda nail ola bilmir.

"Bizim ABŞ cəmiyyətinə region haqqında çatdırdığımız informasiya Birləşmiş Ştatların hazırkı xarici siyasətinin formalaşmasına təsir edib", - o deyib.

Paşayev bildirib ki, terrorla mübarizədə Azərbaycanla ABŞ arasındakı əməkdaşlıq prioritet məsələlərdən biridir. Onun sözlərinə görə, enerji siyasəti məsələsində Azərbaycanın fəaliyyəti ABŞ-ın regiona maraqlarının artmasına səbəb olub.

"Mövcud vəziyyət göstərir ki, ABŞ-ın Azərbaycana maraqları daha üstündür, nəinki Ermənistana. Bu da Azərbaycanın regionda siyasi çəkisinin və əməkdaşlıqda sadiqliyinin göstəricisidir", - nazir müavini deyib.

NİSA-nın məqsədi Avroatlantik məkan və onun hüdudlarından kənarda yerləşən NATO-ya üzv və tərəfdaş dövlətlər, gənc elmi tədqiqatçılar, müstəqil ekspertlər, habelə hərbi və mülki nümayəndələr arasında əməkdaşlıq şəbəkəsinin qurulması, təhlükəsizliyin bölünməzliyi prinsipindən çıxış edərək çağdaş təhdidlərin müzakirəsi və birgə səylərlə onların həlli yollarının araşdırılmasıdır.

Xəbər lenti

Xəbər lenti