...

Sorbon Universitetindəki professorlarıma

Siyasət Materials 12 Yanvar 2012 17:01 (UTC +04:00)
Turab Qurbanov - Fransanın Sorbon Universitetinin siyasi elmlər doktoru, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin əməkdaşı
Sorbon Universitetindəki professorlarıma

Turab Qurbanov - Fransanın Sorbon Universitetinin siyasi elmlər doktoru, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin əməkdaşı

Bu yaxınlarda Fransa parlamentinin aşağı palatası olan Milli Assambleyada "Qanunla tanınmış soyqırımların mövcudluğunun təkzib edilməsinə görə cəza nəzərdə tutan" qanun layihəsinin müzakirəsini canlı olaraq izlədim. Millət vəkillərinin arqumentlərini, mövqelərini, fikirlərini səbirlə dinlədim və Sizin Sorbon Universitetində mənə öyrətdiyiniz metodologiyalardan istifadə edərək analiz etməyə çalışdım. Ancaq birinci dəfə idi ki, təhlillərin nəticəsində qəribə məntiqsizlik alınırdı. Bəzi məsələləri anlamaqda çətinlik çəkirəm.

Hələ mən Sorbona gəlməmişdən qabaq, 1992-1999-cu illərdə Türkiyənin Mərmərə Universitetində fransız dilində təhsil aldığım Siyasət və dövlət idarəçiliyi bölümündə mənə dərs deyən fransız müəllimləri həvəslə dinləyərdim. Sovet diktator rejimindən çıxmış bir gənc, müstəqilliyini yenicə əldə etmiş bir ölkənin vətəndaşı olaraq, o zamanlar universal dəyərlər: demokratiya, insan hüquqları, ifadə azadlığı, hüquq dövləti kimi mövhumlara o qədər maraq göstərirdim ki, günlərimi onları öyrənməyə sərf edirdim. Jan-Jak Russonun, Robespiyerin, Volterin, Aleksis dö Tokvilin, Monteskyönün, Didronun fəlsəfi düşüncələrini, Fransız İnqilabının bəşəriyyətə bəxş etdiyi dəyərləri demokratiyanın, söz azadlığının, hüquq dövlətinin beşiyi sayılan Fransadan gələn professorlardan dinləmək, fransız dilində orijinaldan oxumaq məndə xüsusi maraq oyadırdı. O qədər məftun olmuşdum ki, kitablara o qədər bağlanmışdım ki, universiteti bitirdiyim zaman nəinki öz tələbə yoldaşlarım arasında, hətta bölüm təsis olunandan bu günə qədər məzun olmuş bütün tələbələr arasında ən yüksək göstəriciyə nail oldum.

Çox sevinirdim, çünki mövcud reqlamentə əsasən, Fransa dövlətinin təqaüdü hesabına Fransada, Sorbon Universitetində Beynəlxalq münasibətlər üzrə magistraturaya oxumağa göndərilirdim. Artıq orada demokratiyanın, hüquq dövlətinin, söz azadlığının nə olduğunu öz gözlərimlə görəcəkdim. Bu sahədə biliklərimi daha da dərinləşdirəcəkdim.

Oradakı təhsilim isə Sizə yad deyil. Magistraturanı müvəffəqiyyətlə başa vurdum. Ancaq öyrənmək əzmim hələ də davam edirdi. Fransadan öyrənə biləcəyim çox şey olduğunu düşünürdüm. Beynəlxalq münasibətlər sahəsində korifeylərdən sayılan, Sizlərin də çoxunuzun hörmətlə qarşısında baş əydiyiniz professor Şarl Zorqbib akademik göstəricilərimin olduqca yaxşı olduğunu əsas gətirərək, təkidlə məni doktoranturada saxladı, məni Fransanın əlaçı təqaüdü olan "Eyfel" təqaüdünə təqdim etdi və namizədliyim qəbul edildi. Bu mənim üçün Fransanın elmə nə qədər dəyər verməsinin bir göstəricisi idi. Bir gənc alim kimi Siz professorların etimadını doğrultdum. 4 il müddətində doktoranturanı əla qiymətlərlə başa vurdum, ən yüksək qiymətlə Sorbon Universitetində "Siyasi elmlər doktoru" elmi dərəcəsinə layiq görüldüm. Elmi əsərimin keyfiyyəti nəzərə alınaraq, nəşrə təqdim olundu və o, Fransada 2 cildlik kitab şəklində çap olundu. Bütün bunlar mənim nəzərimdə Fransanın akademik mühitinin dəyərini daha da ucaltdı. Ta uzaqlardan gələn bir şəxs universitet birincisi olmuşdu. Bu ölkənin təhsil sistemindəki ədaləti öz gözlərimlə görürdüm.

Doktorantura təhsilimi tamamlayaraq Azərbaycana geri döndüm. Azərbaycanda isə Sorbonun adı məni ölkənin ən ali qurumu olan Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinə yüksəltdi. Bu da şübhəsiz ki, Azərbaycan rəhbərliyinin Fransaya, onun təhsilinə verdiyi əhəmiyyətdən irəli gəlirdi. Başlıca missiyam Fransada əldə etdiyim bilikləri ölkəm, dövlətim üçün sərf etməkdi. Bir məmur kimi hər zaman Fransanın siyasi-inzibati modelini nümunə göstərirdim. Orada mövcud olan universal dəyərlərin Azərbaycanda bərqərar olmasına çalışırdım. Müdiriyyətim də bunu yüksək qiymətləndirirdi, çünki Azərbaycan özünün daxili və xarici siyasətində qərbyönümlülüyü əsas götürür.

Ancaq indi vəziyyət bir qədər mürəkkəbləşib. Fransanın Milli Assambleyasının yuxarıda bəhs etdiyim qanun layihəsini qəbul etməsindən sonra mən bəzi suallara necə cavab verəcəyimi bilmirəm. Mən dövlət idarəçiliyi sahəsində ixtisaslaşan gənc məmurlara Fransa siyasi-inzibati sistemini necə nümunə göstərim ki, orada dövlətin və millətin ali maraqları hansısa siyasilərin şəxsi maraqlarına qurban verilir? Mən Fransada təhsil almaq istəyən azərbaycanlı gənclərə Fransanın təhsil sistemini necə tərənnüm edim ki, o ölkədə artıq elmə elm adamlarının elmi tədqiqatlarının nəticələri deyil, siyasilərin qərarları yön verir? Mən demokratiyanın simvolu kimi necə Fransanı nümunə göstərim ki, o ölkənin 557 deputatı olan Milli Assambleyasında 35 deputatın səsi ilə qanun qəbul edilir. Mən hansı hüquq dövlətindən bəhs edim ki, qəbul olunan qanun mənə öyrətdiyiniz qərb hüquq məntiqinə sığmır. Mən Fransada necə söz azadlığından bəhs edim ki, orada elm adamları, siyasilər, diplomatlar, sıravi vətəndaşlar öz mövqeyini bildirdiyinə görə 45 min avro cərimə və ya 1 il həbs cəzası təhlükəsi ilə qarşı-qarşıya qalır?

Bu qərar gələn həftə Senatın müzakirəsinə çıxarılacaq. Fransa, həmçinin eyni məzmunlu qərarın bütün Avropa İttifaqı ölkələrində qəbul edilməsinə çalışır. Sizcə, yuxarıda adlarını qeyd etdiyim dahi fransız mütəfəkkirlər bu gün Milli Assambleyada, Senatda otursaydılar, bu qanun layihəsinə necə səs verərdilər? O fransızlar indiki fransızlara baxaraq gülərdilər, yoxsa ağlayardılar? Sizlər, bugünün fransız mütəfəkkirləri, dahi şəxsiyyətlərin sizə miras qoyduğu dəyərləri bu cür qoruyursunuz? Onların ruhları qarşısında vicdanınız necə rahat olacaq? O boyda intellektual fransız sivilizasiya ənənəsinin üstündən bir göz qırpımında xətt çəkmək Fransanın mənfəətinə nə qədər uyğundur? Əgər bir işə yaramayacaqdırsa, o zaman o boyda mötəbər elm ocağında bu mövhumları "universal dəyərlər" adı altında mənə niyə öyrədirdiniz ki? Hətta Fransada belə tətbiq olunmursa, onların universallığı harada qalır? Fransanın bəşəriyyətə bəxş etdiyi universal dəyərləri Fransa özü qoruya bilmirsə, başqaları onu necə qoruyacaq? Sizcə bu universal dəyərlərin tənəzzülünün başlanğıcına bir işarədirmi? Yoxsa Fransa artıq yenidən yeni formatda universal dəyərlər yaradır? Deyirlər, tarix təkrar olunur. Olmaya, Fransa Fransız İnqilabından əvvəlki dönəmə qayıtmaq niyyətindədir?

Biz Sorbonda ikən Sizinlə birlikdə müasir beynəlxalq münasibətlər sistemini təhlil edirdik, Fransanın bu sistemdəki yeri, beynəlxalq aləmdəki nüfuzu, imici haqqında saatlarla diskussiyalar aparırdıq. Hər zaman da Fransanın neytrallığa meyilli olduğunu bizə anladırdınız. Bundan sonra Fransanın beynəlxalq aləmdəki nüfuzu, imici necə olacaq? Beynəlxalq aləm Fransaya necə etibar edəcək, onun neytrallığına necə inanacaq?

Fransa, eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədridir. O münaqişə ki, onun nəticəsində Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal edib, Azərbaycan vətəndaşlarını etnik təmizləməyə məruz qoyub və öz torpaqlarında məcburi köçkünə çevirib. Mən hələ özümün Ermənistan qaçqını olaraq, şəxsən bu münaqişənin qurbanı olduğumu ifadə etmirəm. İndi mən bir dövlət rəsmisi olaraq, Azərbaycan ictimaiyyətini Fransanın münaqişənin nizamlanmasında neytrallığına necə əmin edə bilərəm?

Bir Fransa məzunu və Fransaya rəğbəti olan şəxs kimi bu suallar məni olduqca düşündürür. Bu istiqamətdə məsləhətlərinizə ehtiyacım var.

Xəbər lenti

Xəbər lenti