Azərbaycan, Bakı, 13 fevral /Trend, müxbir K.Zərbalıyeva/
ANAMA-nın mütəxəssisləri Əfqanıstanda səfərdədirlər.
Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Afentliyin (ANAMA) mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, Azərbaycan hökumətinin Əfqanıstana qeyri-hərbi sahədə yardımı çərçivəsində agentliyin mütəxəssisləri yanvarın 21-dən fevralın 21-dək bu ölkədə səfərdədir.
ANAMA və Əfqanıstan Minatəmizləmə Departamenti (ƏMD) arasında minatəmizləmənin bütün sahələri üzrə gələcək əməkdaşlıq, əldə edilən bilik və təcrübə mübadiləsi, eləcə də birgə layihələrin həyata keçirilməsi bu sahədə edilən yardımın başlıca məqsədidir.
ANAMA nümayəndələri ƏMD, Əfqanıstan Minatəmizləmə Əməliyyatlarının Koordinasiyası Mərkəzi (MACCA) və Təhsil Nazirliyində görüşlər keçiriblər. Bununla yanaşı, Əfqanıstan parlamentinin vitse-spikeri agentlik nümayəndələrini qəbul edib və minatəmizləmə sahəsində görülən işlər barədə geniş müzakirələr aparılıb.
Qeyd edək ki, Azərbaycan hökumətinin Əfqanıstana qeyri-hərbi sahədə yardımı çərçivəsində agentliyin mütəxəssislərinin Əfqanıstan Respublikasına bir sıra səfərləri olub.
İndiki səfərin məqsədi Azərbaycan hökumətinin maliyyə dəstəyi ilə ANAMA tərəfindən dari dilinə tərcümə edilmiş 12,000 ədəd şagird və 3,000 ədəd müəllim MTM vəsaitlərinin Əfqanıstan Təhsil Nazirliyi və Minatəmizlə Departamentinə təqdim olunması və əfqan müəllimlərə yeni təqdim edilmiş MTM dərslikləri, müəllim vəsaitləri və MTM məktəb proqramı barədə təlimlərin keçirilməsi olub.